Alimlər Veneranın səthindəki qəribə dairələrin sirrini açıblar

Dünən, 17:44           
Alimlər Veneranın səthindəki qəribə dairələrin sirrini açıblar
Beynəlxalq alimlər qrupu Venera planetində tektonik fəallığın hələ də davam etdiyini sübut edən mühüm dəlillər aşkar edib. Nəticələr 1990-cı illərdə Magellan missiyasının topladığı məlumatların təhlilinə əsaslanır.

32gun.az bildirir ki, araşdırma Science Advances (SciAdv) elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı planetin səthində müşahidə olunan nəhəng halqaşəkilli strukturlar — koronalar araşdırılıb. 75 korona arasından 52-si aktiv dərin geoloji proseslərin izlərini göstərir. Çapı yüzlərlə kilometrə çatan bu strukturlar, mantiyanın dərin qatlarından qalxan isti plümlərin səthə yaxınlaşaraq litosferanı deformasiya etməsi nəticəsində yaranır.

Üçölçülü modelləşdirmə və qravitasiya anomaliyalarının analizi göstərib ki, bir çox koronaların altında bu gün də ərimiş süxurların hərəkəti müşahidə olunur. Alimlər hesab edirlər ki, bu cür strukturlar Yer planetində də, plitə tektonikasının formalaşmasından əvvəlki dövrlərdə mövcud ola bilərdi.

Tədqiqatın əsas müəllifi, NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzindən Qael Kasioli qeyd edib:
"Veneranın öyrənilməsi bizə Yer kürəsinin geoloji keçmişinə nəzər salmaq imkanı verir."

Alimlər koronaların formalaşmasının üç mümkün mexanizmini müəyyən ediblər: Yerdəki kimi subduksiya, ağır litosfer parçalarının aşağıya çökməsi (kapping) və mantiyadakı plümlərin səbəb olduğu vulkanik aktivlik.

Bu araşdırma Veneranın plitə tektonikasına malik olmasa da, hələ də dinamik və geoloji cəhətdən aktiv bir planet olduğunu göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.