Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 12:28

Dərmansız sağlamlıq – ən yaxşı müalicədir deyiblər, amma sağlamlığımız risk altında olanda dərmandan istifadə artıq zərurətə çevrilir. Təbii ki, əgər axtardığın dərmanı tapa bilsən...
“Bütün aptekləri gəzmişəm, amma “Varfarin” tapılmır. Həkimlərin ürək əməliyyatı keçirən insanlara ömürlük yazdığı dərman hər yerdə yoxa çıxıb”.
Bu, paytaxt sakinləri tərəfindən redaksiyamıza ünvanlanan ilk belə şikayət deyil.
Sosial şəbəkələrdə də dərman çatışmazlığı ilə bağlı paylaşımlar qarşımıza tez-tez çıxır. Qan laxtalanmasını tənzimləyən və bir çox xəstənin həyatını qurtaran vacib bir vasitə olan “Varfarin”in əczaxanalarda tapılmaması ciddi narahatlığa səbəb olub.
Xüsusilə süni ürək qapaqları olan xəstələrdə – Qan laxtalarının əmələ gəlməsi riski yüksək olduğu üçün bu preparatla profilaktika aparılır. İnsanlar öz həyatlarını qorumaq üçün ehtiyac duyduqları dərmanı əldə etməkdə çətinlik çəkirlər. Tək xəstələr deyil, həkimlər də dərman çatışmazlığından dilə gəliblər. Sosial şəbəkə hesablarında bu barədə etdikləri paylaşımlar artıq dərman təhlükəsizliyi ilə bağlı problemin nə dərəcədə ciddi olduğunu sübut edir.
Maraqlıdır, ölkənin dərmanla təminat məsələsində mövcud olan problemin səbəbi nədir?
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman vasitələrinin idxalı yalnız özəl şirkətlər tərəfindən həyata keçirilir.
“Bu səbəbdən, konkret bir dərman vasitəsinin apteklərdə olmamasının səbəbləri ilə bağlı birbaşa idxalçı şirkətlərdən məlumat almaq daha məqsədəuyğundur. Sonuncu dəfə "Varfarin" dərman vasitəsinin Azərbaycana idxalı ilə bağlı müraciət 2024-cü ilin iyul ayında qeydə alınıb və həmin müraciət əsasında 3540 qutunun idxalına icazə verilib”.
Bəs 10 aydır ölkəyə “Varfarin”nin idxalı niyə dayandırılıb?
“Varfarin” istehsalçı şirkətinin Azərbaycan nümayəndəliyinin rəsmisi Nurlana Qafarova saytımıza açıqlamasında səbəbi belə izah edib:
“Kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan preparat kimi — ölkəyə birdəfəlik idxalının təmin edilməsi məqsədilə Analitik Ekspertiza Mərkəzinə müraciət olunub, lakin müraciətimizə mənfi cavab verilib.
Daha sonra, 24.04.2025-ci il tarixində aldığımız cavabla razılaşmayaraq, apellyasiya məktubu ilə Analitik Ekspertiza Mərkəzinin İdxal şöbəsinə yenidən müraciət etmişik və hazırda cavab gözlənilir. Təəssüf ki, aldığımız şifahi məlumata əsasən, cavabın mənfi olacağı ehtimal olunur.
Qeyd etmək istərdik ki, əhalinin dərman vasitəsi ilə fasiləsiz təminatını təmin etmək məqsədilə, Analitik Ekspertiza Mərkəzi icazə verdiyi təqdirdə, 50 000 ədəd Varfarin STADA 2,5 mq №50 tablet məhsulunun birdəfəlik idxalını həyata keçirməyə tam hazırıq. Şirkət olaraq ölkə əhalisinin dərman vasitəsi ilə fasiləsiz təminatını qarşılamaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Nəzərinizə çatdırmaq istərdik ki, Varfarin STADA 2,5 mq №50 tablet dərman vasitəsi 01.10.2019–01.10.2024 tarixləri arasında 5 il yararlılıq müddəti ilə ölkə ərazisində qeydiyyatda olub.
Dərman vasitəsinin yenidən qeydiyyatı zamanı müvafiq ekspertlər tərəfindən yararlılıq müddəti 3 il müəyyən edilmiş və preparat 07.04.2025-ci il tarixində qeydiyyata alınıb. Hal-hazırda anbarda olan məhsul qeyd olunan əvvəlki qeydiyyat şəhadətnaməsinə əsasən 5 il yararlılıq müddəti ilə istehsal olunub”.
Şirkətin “Varfarin”qıtlıq səbəbi kimi Səhiyyə Nazirliyini günahlandırması məsələsi ilə bağlı da Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Qurum tərəfindən sorğunun müvafiq şöbəyə yönləndirildiyi bildirildi.