Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır

Bu gün, 11:48           
Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır
Azərbaycanla Macarıstan arasındakı münasibətlər son illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib və hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır. Genişləndirilmiş strateji tərəfdaşlıq və enerji sahəsindəki əməkdaşlıq regional təhlükəsizlik, eyni zamanda, iqtisadi inkişaf baxımından mühüm perspektivlər təqdim edir. Eyni zamanda, Macarıstanın daxili siyasətindəki dəyişikliklər və Avropa İttifaqı ilə əlaqələr, gələcəkdə bu əməkdaşlığa əlavə imkanlar və bəzi çətinliklər gətirə bilər.
Ötən il fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı söylədiyi “...ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri yeni dövrdə xarici siyasətimizin Yol xəritəsi rolunu oynayır.
2024-cü il iyulun 6-da Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə Görüşünün də TDT çərçivəsində əməkdaşlığa ciddi təkan verdiyinə və təşkilatın funksionallığının keyfiyyətcə yeni müstəviyə yüksəltdiyinə yönəlmiş Qarabağ Bəyannaməsinin qəbul edilməsi tarixi əhəmiyyət kəsb edir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdilər. Macarıstanın Baş naziri Viktor Orban öz çıxışında Azərbaycanla əlaqələri olduqca yüksək qiymətləndirərək əsl birlik mesajı verdi. Macarıstan lideri qeyd etdi ki, dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur. Məhz cənab İlham Əliyev də dost və qardaş ölkə ilə əlaqələri yüksək qiymətləndirərək bildirdi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
İki ölkə arasında xüsusilə enerji sahəsində müsbət dinamika mövcuddur. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatlarla çıxış zamanı bildirdi ki, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq: "Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür".
Bununla yanaşı, "Cənub Qaz Dəhlizi" (CQD) layihəsi çərçivəsində Macarıstanın olduqca müsbət təşəbbüsləri təqdirəlayiqdir. Bununla yanaşı, Macarıstanın tanınmış "MOL" şirkətlər qrupunun "Azəri-Çıraq-Günəşli" yatağında 9.57 faiz və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 8.9 faiz paya sahib olması Azərbaycanın zəngin təbii ehtiyatlarına inamın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.
Yeni dövrün və zamanın tələbinə uyğun olaraq da enerji sahəsində baş verən yeniliklərə paralel Macarıstan hökumətinin "yaşıl enerji" sahəsində təşəbbüslərə verdiyi dəstək isə xüsusi qeyd olunmalıdır. 2022-ci ildə imzalanan və 2023-cü ildə icrasına start verilən "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bu sahədə yeni üfüqlər açır.
İqtisadi sahədə də iki ölkə arasında önəmli əlaqələr mövcuddur. Belə ki, 2024-cü ilin sonuna olan statistik rəqəmlər bu sahədəki inkişafın parlaq sübutudur. Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsində tam 29 faiz artım qeydə alınıb. Bu, Azərbaycan məhsullarının Avropa bazarında daha geniş yer tutduğunun və Macarıstanla ticarət körpüsünün möhkəmlənməsinin rəmzidir. Əməkdaşlıq təkcə ticarətlə də məhdudlaşmır. 2023-cü ildə Macarıstandan Azərbaycana yönələn birbaşa xarici investisiyalar 1 milyard 18 milyon ABŞ dollarına çatıb. Bu, Macarıstanın Azərbaycan iqtisadiyyatına olan dərin marağını, eyni zamanda ölkəmizin sabitliyinə, dayanıqlı inkişafına və investisiya mühitinin cəlbediciliyinə verilən yüksək qiymətdir. Azərbaycanlı investorlar da həmçinin Macarıstanda aktiv iştirakçıdır. Onlar bu ölkənin kənd təsərrüfatı, nəqliyyat və digər vacib sektorlarına yatırımlar etməklə iqtisadi tərəfdaşlığı daha da gücləndirirlər. Bu qarşılıqlı sərmayələr iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx şəkildə bağlayır, strateji dostluğun konkret nəticələrini meydana çıxarır.
Əminliklə deyə bilərik ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır və beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyində deyil, həm də geniş regional və qlobal kontekstdə, eyni zamanda, enerji məsələlərinin həllində əhəmiyyətli rol oynayır.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.