Rubio USAID-in ayırdığı yardımın yalnız 12 %-nin ehtiyacı olanlara çatdığını iddia edib
Bu gün, 11:44

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış yardımın yalnız 12 faizi ona ehtiyacı olanlara çatırdı.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti icra edən Marko Rubio bildirib.
“USAID-dən hər dolların 12 senti alıcıya çatırdı. Bu o deməkdir ki, kiməsə yardım göstərmək üçün biz qalan bütün pulları xarici dövlətlərə yardım göstərilməsi üzrə bu sənaye kompleksinin dəstəklənməsinə xərcləməli idik. Biz insanlara birbaşa yardım göstərməyin daha səmərəli yollarını tapacağıq və bu bizim regional bürolarımız tərəfindən yönləndiriləcək, fayda gətirən proqramları maliyyələşdirəcək və bu, xarici siyasətimizə bütöv yanaşmanın bir hissəsi olacaq”, –o, ABŞ Konqresinin Senatının xarici əlaqələr komitəsinin dinləmələrində söyləyib.
Onun sözlərinə görə, bir çox yardım proqramları “ümumiyyətlə mənasız idi”. “Biz bütün dünyada qətiyyən heç bir anlamı olmayan şeyləri maliyyələşdirirdik”, – Amerikanın baş diplomatı vurğulayıb.
O qeyd edib ki, yoxlama zamanı belə proqramlara milyardlarla dollar xərcləndiyi aşkar edilib. Bununla yanaşı, Rubio deyib ki, bir sıra “mənasız proqramlardan” imtina edilməsinə baxmayaraq, Amerika xarici yardımının, o cümlədən humanitar yardımın həcmi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin, eləcə də Çinin ayırdığı məbləğləri üstələyir.