Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır?
Bu gün, 11:24

Hazırda ölkədə istər hüquq-mühafizə orqanlarını, istərsə də vətəndaşları narahat edən ciddi problemlərdən biri bank kartlarından oğurluqlarla bağlıdır. Hər gün neçə-neçə vətəndaş bu qəbildən cinayətin qurbanı olur. Hər həftə vətəndaşların bank kartlarından onminlərlə manat pul oğurlanır.
Bizimyol.info xəbər verir ki, təkcə ötən həftəsonu – mayın 17-18-də bir neçə nəfərin bank kartından 15 min 770 manat vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xatırlayırsınızsa, bu ilin yanvarında Milli Qəhrəman Hökumə Əliyevanın ölümüylə əlaqədar onun atasının bank hesabına köçürülmüş külli miqdarda vəsait oğurlanmışdı.
Araşdırmalar göstərir ki, xəstəliklə əlaqədar müalicə üçün yardım toplamaq məqsədilə bank kartlarını sosial şəbəkələrdə paylaşanlar da kibercinayətkarların qurbanına çevrilir. Xəstələrə yardım məqsədilə bank hesablarına köçürülən vəsaitlərin oğurlanması hallarına tez-tez rast gəlmək olur. Belə hadisələrdən biri də bugünlərdə Yaşar Kərimovun ailəsinin başına gəlib.
Bir neçə ağır xəstəlikdən əziyyət çəkən Yaşar Kərimovun yaxınları, dostları onun müalicəsinə yardım məqsədilə sosial şəbəkələrdə paylaşım ediblər. Qeyd ediblər ki, onun müalicəsi üçün maddi dəstək lazımdır. Paylaşıma bank kartının nömrəsi də əlavə olunub ki, kömək etmək istəyənlər vəsaiti ailəyə məxsus həmin karta köçürsünlər.
Ailənin məlumatına görə, qısa müddətdə hesaba təxminən 150 manat yardım toplanıb. Bu zaman özünü Fərman Oruclu kimi təqdim edən bir nəfər əlaqə saxlayaraq, yardım etmək istədiyini deyib. Yaşar Kərimovun həyat yoldaşı da kartın nömrəsini verib. Həmin şəxs kartın nömrəsindən əlavə, 3 rəqəmli təhlükəsizlik kodunun da lazım olduğunu bildirib. Xanım həmin rəqəmləri də deyib. Bundan dərhal sonra kartda olan 150 manat oğurlanıb.
Ailə xəstənin müalicəsi üçün köçürülmüş 150 manatı oğurlayan şəxsin tapılıb cəzalandırılması üçün hadisədən dərhal sonra polisə şikayət edib. Bu hadisə mayın 15-də baş verib. Maraqlıdır ki, təxminən bir ay əvvəl başqa bir xəstənin yaxınlarının başına da eyni hadisə gəlib. Bu barədə Səbirə Mahmudova adlı Facebook istifadəçisi məlumat verərək bildirib ki, o, ağır qəzaya düsmüs, Gəncədə bir həftə komada olan 28 yaşlı Tərtər rayon sakininə yardım məqsədilə onun anasının kart hesabını aprelin 23-də paylaşıb. Ona da Fərman Oruclu adlı Facebook profilindən bir nəfər yazaraq, həmin ailəyə yardım göstərmək istədiyini deyib: “Məndən ailədən birinin mobil nömrəsini istədi. Zəng edib başıni itirmiş ataya, kart hesabına yığılan yardımı çixarıb”.
Sabirə Mahmudovanın sözlərinə görə, bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayətdən sonra məlum olub ki, “Ferman Oruclu” saxta profil imiş. Həmin şəxsin adı əslində Ceyhun imiş. Belə çıxır ki, eyni profilin sahibi bir ay sonra yenidən öz əməllərini davam etdirərək, bu dəfə Yaşar Kərimovun ailəsini aldadıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir neçə dəfə vətəndaşlara müraciət edərək, onları bank kartlarının şifrələrini, təhlükəsizlik kodlarını və s. məxfi məlumatları heç kimə göndərməməyə çağırıb:
“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.
Aytən, Bizimyol.info