"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"

Bu gün, 11:39           
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Donald Trampın ABŞ-də prezidentliyi dövründə Tbilisi-Vaşinqton münasibətlərinin möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Hökümət başçısı bu barədə “X” hesabında yazıb. “Prezident Donald Trampı ikinci prezidentlik müddəti münasibətilə ürəkdən təbrik edirəm. Onun rəhbərliyi qlobal sülhü təmin etməli və gürcü-amerikan münasibətlərini gücləndirməlidir. Bu mühüm yolda sizə uğurlar arzulayıram”, - Kobaxidze vurğulayıb. Trampın seçilməsi Gürcüstan-Qərb-Rusiya üçbucağındakı siyasi proseslərə necə təsir edəcək?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gürcüstan hökumətinin Donald Trampa böyük ümidlər var.

“Gürcüstan rəhbərliyi Donald Trampın yeni siyasi administrasiyası ilə münasibət quracaq və Tramp administrasiyası da Gürcüstanla münasibətləri inkişaf etdirməkdə maraq göstərəcək. Çünki mövcud problem Bayden administrasiyası dövründə yaşandı və Tramp da Bayden administrasiyasının apardığı siyasətin bir çox istiqamətlərindən xətt çəkir. Gürcüstan da bu istiqamətdə olacaq. Gürcüstan hökuməti Tramp administrasiyası ilə əlaqələr qurmağa özü cəhd edəcək. Bu o demək deyil ki, Gürcüstanın atdığı addımlar ABŞ-ın geosiyasi maraqlarına zidd olmalıdır. Bu prosesə Tramp administrasiyası çox ciddi şəkildə diqqət edəcək”-deyə politoloq qeyd edib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstan-ABŞ arasında münasibətlərdə yeni bir mərhələ başlaya bilər. Politoloqun fikrincə, Azərbaycan da Gürcüstan-ABŞ münasibətlərinin normallaşmasında maraqlıdır.

“Azərbaycan da maraqlıdır ki, proseslər Cənubi Qafqaz geosiyasi maraqlarına cavab versin. Rusiya Gürcüstanla ABŞ arasında münasibətlərin qurulmasında maraqlı deyil. Amma Gürcüstan hökuməti konkret olaraq, bu məsələdə Rusiya ilə deyil, daha çox Tramp administrasiyası ilə əlaqələri inkişaf etdirəcək. Çünki Gürcüstana siyasi-iqtisadi dəstək həmişə Qərbdən gəlib və Avropa İttifaqından Gürcüstana qarşı təzyiqləri neytrallaşdırmaq üçün Tramp administrasiyasının siyasi dəstəyinə Gürcüstan hökümətinin ehtiyacı var”-deyə politoloq vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.