İmperiyanın simvollarından qurtulmalı, ideoloji siyasətin önü açılmalıdır.
Bu gün, 10:18

Dünən-bu gün sosial şəbəkələrdə, əsasən də “instagram”-da reklam xarakterli “23 fevral – kişilər bayramı” kimi yazılar, çağırışlar gördüm. Bəzi restoranlar, mağazalar bu “özəl günü” qeyd etmək üçün reklamlar yerləşdiriblər.
Açığı, çox acığıma gəldi, uzun illərdir ki, Rusiya İmperiyası simvolları ilə beyinləri yuyur, “rus dünyasını” simvollarla yayır, Azərbaycanda belə simvolizmin yayılması qəbuledilməzdir.
Azərbaycan üçün “23 fevral” günü 20 Yanvar 1990-cı ildə “ölüb”, həmin günün tarixi “qırxını” 26 Fevral 1992-ci ildə Xocalıda, bu günün “ilini” isə birdəfəlik 2024-cü ildə, “rusməramlıları” ölkəmizdən yola salanda vermişik.
İstənilən ölkənin suverenliyi bir tək qorunan sərhədləri, ərazi bütövlüyü, Ordusu, milli valyutası, təhlükəsizlik orqanları, iqtisadiyyatı ilə bərqərar olmur, həm də ideologi təməllər üzərinə inşa edilir. Bu mənada yad ellərdən gələn simvolizm çox təhlükəlidir, qarşısını tək inzibati qadağalarla deyil, həm də ictimai müzakirələr, beyinlərə oturmuş dəyərlərlə almaq mümkündür.
Azərbaycanda ideologiya ən zəif nöqtələrdən biridir, çünki, siyasi sistemin özü, partiyaların ideologi təməli, istiqaməti bəlli deyil. “Azərbaycançılıq” (mənim anlamımda bu, “hər şeyin yaxşısı Azərabyacan vətəndaşı üçün”, deməkdir) ideologiya ola bilməz, bu hamımızın bölüşdüyü dəyərdir, məqsəddir, amaldır, ideologiya isə bu məqsədə gedən müxtəlif yollar haqqında olmalıdır.
Bir neçə gün əvvəl yazmışdım, bir daha təkrar edim – son 35 ildə ilk dəfədir ki, Dünyada yenidən ideologi baxış, dəyərlər sistemi önə çıxıb, ölkələr, xalqlar, toplumlar, partiyalar, iqtidarlar “coğrafi” deyil də, ideoloji olaraq tanımlanmağa başlayırlar. Son 35 ildə Dünya “psevdo-liberal və aşırı sol” dalğasında idi, bu dalğa senzura gətirdi, aşırı tənzimləməni önə çəkdi, insan haqq və azadlıqlarını malipulyativ alətə çevirdi – indi yeni trend başlayır, ölkələr və iqtidarlar, siyasi partiyalar artıq “coğrafi azarkeş” olmaqdan çıxıb öz dəyərlər kompleksini yaradaraq irəli getməyə çalışırlar. Bu yeni paradiqmada kiçik ölkələr artıq “coğrafi balans” əvəzinə, siyasi duruş göstərməlidirlər. Yəni, sözün qısası, “Qərbpərəst”, “Rusiyapərəst”, “Çinpərəst”, daha nə bilim nə pərəst artıq keçərli deyil, işləmir, indi ideologi olaraq “sağ” və ya “sol” daha önəmli hala gəlir, koalisiyalar belə qurulur-qurulacaq.
Azərbaycanda iqtidar sənədlərində “sağ-mərkəzçidir”, amma iqtisadi baxışları, qərarları “soldur”, dövlətin iqtisadiyyatda aşırı doninantlığı var, bu isə ciddi “koqnitiv dissonans” yaradır. Digər siyasi partiyaların da əksəriyyəti kağız üzərində “sağ-sağ mərkəzdir”, amma ritorikaları tezisləri qarmaqarışıqdır – partiya sədri var ki, özünü niyasə müxalifət sayır, gün başlayanda deyir maaşları artırın, günün sonun isə söyləyir ki, vergiləri azaldın. Belə yanaşma “siyasi intihardır”, bunu anlamaq lazımdır, düşük populizmi siyasətin kənarına itələmək zamanı çatıb...
Natig Cəfərli
TEREF