Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 17:56

Ötən gün torpağa tapşırılan professor Nizaməddin Şəmsizadənin Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda məzar yerini öncədən alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilir ki, əksər vətəndaşlar özləri və ya yaxınları üçün yer ayırır. Hətta buna görə hər il ödəniş edən şəxslər də var. Nəticədə qəbir yerinə ehtiyacı olan bəzi vətəndaşlar çətin vəziyyətə düşür.
Qəbir yerlərinin satılması nə dərəcədə doğrudur? Bu proses necə tənzimlənməlidir?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, bələdiyyələr bu işlə məşğul olmalıdır:
“Bu gün elə insanlar var ki, 10 nəfər üçün yer götürüblər. Əksər qəbiristanlıqda bu, belədir. Sadə vətəndaşlar isə bəzən yer tapa bilmirlər. Təbii ki, narahatlıq da yaranır. Əksəriyyət düşünür ki, dünyasını dəyişən yaxınına yer tapmaq çətin olacaq. Buna görə də əvvəlcədən planlar qurmağa çalışırlar ki, ölülərini sonradan pis vəziyyətə düşməkdən qorusunlar. Düşünürəm ki, yalnız dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır. İnsanlar da diqqətli olmalı, çoxlu sayda yer götürməkdən çəkinməlidirlər. Həmçinin bələdiyyələr də prosesə ciddi nəzarət etməlidir”.
Sosioloq Lalə Mehralı isə bildirib ki, qəbir yerlərinin satılması heç kimə sirr deyil:
“Hətta rayondan rayona, mərkəzdən kənara, qəbiristanlığın ön və arxa hissəsinə görə qiymətlər dəyişir. Qəbiristanlıqlar demək olar ki, dolub-daşıb, artıq dəfn üçün yer də azdır. Şəxs hələ sağ ikən dəfn olunacağı yeri, qəbiristanlığı təyin edə bilər. Bu, qanunla da tənzimlənir. Öldükdən sonra onun tələbi yerinə yetirilir. Lakin həyat yoldaşı sağdırsa, qəbir yerini ala bilməz. Çünki “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda deyilir ki, əgər ər ya arvad ölübsə, yalnız onun qonşuluğundakı məzar yeri həyat yoldaşı tərəfindən yazılı formada müraciət olarsa, verilir. Bu da rəsmi formada dövlət reyesterinə daxil edildikdən sonra təsdiqlənir və icarə haqqı tələb edilmir”.