“Porsche” avtomobillərini Rusiyaya kimlər daşıyır? – Video
Bu gün, 16:33

Məlumdur ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Avropanın xüsusilə avtomobil istehsalçı ölkələri Rusiyaya qarşı sanksiyalara başladılar. Sanksiyalar nəticəsində Avropa istehsalı avtomobillərin Rusiyaya satışı tamamilə dayandı. Britaniyanın nüfuzlu “Sky News” telekanalı isə yaxınlarda xəbər yayıb ki, bu ölkənin, eləcə də ayrı-ayrı avtomobil istehsalçısı olan Avropa ölkələrinin avtomobilləri Azərbaycana idxal olunmaqla oradan da sanksiyalar altında olan Rusiyaya satılır. Məlumatda qeyd edilib ki, təkcə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı tammiqyaslı müharibənin başlanmasından əvvəlki beş illik dövrlə müqayisədə 2000% artıb ki, bu da tamamilə görünməmiş bir sıçrayışdır. Cənubi Koreya, Yaponiya, Almaniya kimi ölkələrin də istehsalı olan avtomobillərin Azərbaycana gətirilib buradan Rusiyaya idxal edildiyi qeyd olunur. Bu isə həmin avtomobil şirkətlərinin Azərbaycanda olan nümayəndəliklərinin işğalçı müharibə aparan Rusiyaya dəstək verməsi kimi dəyərləndirilir.
Tribunainfo.az xəbər verir ki, sanksiya altında olan Rusiyaya Azərbaycandan Alman istehsalı olan “Porsche” avtomobillərinin daşındığını əks etdirən görüntülər də var. Sözügedən görüntülərdən məlum olur ki, ən az 5 “Porsche” avtomobilinin yükləndiyi yük maşını sərhədi keçməyə hazırlaşır. Bu daşınmanı kimlər həyata keçirir, məlum deyil.
Azərbaycanda “Porsche” avtomobillərinin rəsmi dileri “Porshe Bakı Mərkəzi”dir. Azərbaycanda “Porsche” avtomobillərinin yeganə rəsmi dileri bu mərkəz olduğuna görə diqqətlər ilk olaraq ona yönəlir. Ancaq bu ehtimallardan biridir. Digər ehtimallardan biri də budur ki, bu avtomobilərin Rusiyaya daşınmasını, qanunsuz satışını Qazaxıstan nümayəndəliyi həyata keçirir.

Mərkəzin bu daşınmalardan məlumatının olub-olmaması maraq doğurur. Daşımaları kimin və ya kimlərin həyata keçirməsi ilə bağlı “Porsche Bakı Mərkəzi” məlumatlıdırmı? Bununla bağlı mərkəz indiyə qədər hər hansısa addım atıbmı və ya atmaq barədə düşünürmü? Ümumiyyətlə, “Porsche Bakı Mərkəzi” bu daşımaları həyata keçirə bilərmi?
Suallarımıza cavab tapmaq üçün “Porsche Bakı Mərkəzi”nə sorğu ünvanladıq. Dəfərlərlə müraciətimizə baxmayaraq, mərkəzdən bununla bağlı məlumat əldə edə bilmədik. Suallarımıza cavab tapa bilmədiyimiz üçün sözügedən avtomobillərin qanunsuz yollarla Rusiyaya daşınmasını həyata keçirənlərin kim olduğu da qaranlıq olaraq qalır.
Araşdırmamızı davam etdirəcəyik…
Qarşı tərəfi dinləməyə hazırıq.