Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 12:46

Bu günlərdə Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon “BBC News”-un Azərbaycan xidmətinin bağlanmasını özünəməxsus şəkildə şərh edib. O, sosial şəbəkədə yazıb: “BBC-nin Azərbaycan dilində xidmətlər göstərməsi Azərbaycan xalqına və mədəniyyətinə hörmət və marağın əlaməti idi. Bu, həqiqətən kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir”.
Sevindirici haldır ki, xanım səfir Azərbaycan xalqına və mədəniyyətinə hörmət və marağın qayğısına qalır. Ancaq burada bir böyük AMMA var. Buyonun təmsil etdiyi ölkə uzun müddət Azərbaycan xalqına və mədəniyyətinə heç bir hörmət, maraq göstərməyib və bu günə kimi göstərmir.
Bütün Qarabağ münaqişəsi boyu Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olub və açıq şəkildə anti-Azərbaycan mövqe tutub. Bununla bağlı çoxlu misallar var idi, amma onlardan birini qeyd edəcəyik: qondarma “Dağlıq Qarabağ Respublikası”nın Parisdə daimi nümayəndəliyi var idi.
Bu münasibət indi də, münaqişə başa çatdıqdan sonra özünü büruzə verir: Fransa Ermənistanı diplomatik şəkildə dəstəkləməklə yanaşı, həm də ona hərbi yardım göstərir və bununla da erməni cəmiyyətində revanşist əhval-ruhiyyəni gücləndirir.
2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Fransa Senatı Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimi tanımaq barədə qərar qəbul edib. Fransa Prezidenti Emmanuel Makron məsələni BMT Təhlükəsizlik Şurasına çıxararaq, Fransada yerləşən beynəlxalq “sülhməramlı qüvvə”ni bölgəyə yerləşdirmək təklifi ilə separatçı rejimi qanuniləşdirməyə çalışıb. Burada Azərbaycan xalqına, mədəniyyətinə hansı hörmətdən danışmaq olar?
Madam Buayon 2023-cü il dekabrın 18-də Evian-le-Beyn şəhərində Qarabağ xanlığının sonuncu hökmdarının qızı, Aleksandr Dümanın heyran qaldığı azərbaycanlı şairə Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizm aktını da unutmamalıdır. Evian-les-Bains şəhər meriyası bir neçə ay qərəzli mövqe nümayiş etdirdi, abidənin bərpası və ya təmizlənməsi üçün heç bir addım atmadı.
Evian-les-Bains şəhərinin rəhbərliyi bu abidəyə qarşı vandalizm aktının gələcəkdə təkrarlanmayacağına zəmanət verməyib. Bu səbəbdən də qısa müddətdə bərpa olunan abidə Parisdə Eyfel qülləsinin yaxınlığında yerləşən Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində quraşdırılıb. Fransada Azərbaycan xalqına, mədəniyyətinə belə münasibət bəsləyirlər.
Madam Buayon unudmuş ola bilər, amma biz ona başqa bir dəhşətli hadisəni xatırladacağıq - söhbət Paris Olimpiadasından gedir. Onun açılış mərasimində Fransa sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə kimi olimpiya prinsiplərindən çox uzaq olduğunu nümayiş etdirdi. Belə ki, canlı efirdə Fransanın “France 2” telekanalının şərhçiləri Azərbaycanla bağlı təxribat xarakterli açıqlamalar verdilər.
“Ötən il Ermənistan üçün matəm ili oldu və Qarabağın itirilməsi ilə nəticələndi - o, Azərbaycan ordusunun əlinə keçdi”, - deyə “France-2” şərhçiləri qeyd etdilər.
Bundan əlavə, Azərbaycanın “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim olunması fonunda şərhçi deyib ki, “Ermənistan tarixən fransızların qəlbinə yaxın ölkədir”.
Və bu şərhçi tamamilə haqlıdır. Ermənistan fransızların ürəyinə o qədər yaxındır ki, Paris Fransa ərazisində terror aktları törətməmək öhdəliyi müqabilində ASALA terrorçularına Fransa hava limanlarından maneəsiz istifadə etməyə icazə verib. Və Xurşidbanu Natəvanın abidəsindən fərqli olaraq, türk generalı Təlat Paşanın qatili, erməni terrorçu Soqomon Teyleryanın Marseldə ucaldılan abidəsinə qarşı heç bir vandalizm aktları olmayacaq...
AYNA.az