Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:46

Xəbər verdiyimiz kimi, “Rus Evi”nin Bakıdakı nümayəndəliyi ətrafında yaranmış vəziyyətin həlli üçün Rusiya Azərbaycana təkliflər təqdim edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Sitat: “Moskva Bakının konstruktiv yanaşmasına və tezliklə kompromis həllinə ümid edir”.
Diplomat həmçinin bəyan edib ki, “Rus Evi” ətrafındakı vəziyyət Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya son səfəri zamanı müzakirə olunub.
Moskvanın Bakıya hansı təklifləri ola bilər? “Rus evi” yenidən açılır?
Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, ölkəmizdə fəaliyyət göstərmiş “Rus evi”nin bağlanması haqqında qərar hüquqidir.
O, həmin evin ölkəmizin qanunlarına görə müvafiq qaydada qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyini diqqətə çatdırıb:
“Eyni zamanda bağlanması üçün digər əsas səbəb də onun fəaliyyət sahəsi ilə bağlı idi. Bilirik ki, “Rus evi” mədəniyyətdən daha çox siyasi və kəşfiyyat xarakterli işlərlə məşğul olub. Bu da Azərbaycanın dövlət maraqlarına ziddir. Lakin Rusiya tərəfi bunun siyasi qərar olduğu görüntüsü yaratmağa çalışır. Biz belə addımları təkcə Rusiyaya qarşı yox, ölkəmizdə fəaliyyət göstərən, amma bizim maraqlara zərər vurmağa çalışan digər ölkələrin də qurumlarına qarşı atmışıq”.
Politoloq bir müddət bundan öncə də ABŞ-ın USAID agentliyi ilə bağlı dövlətimiz tərəfindən analoji qərar verilərək, onun fəaliyyətinin dayandırıldığını xatırladıb:
“Bütün bunlar onu göstərir ki, arxasında hansı ölkənin və gücün dayanmasından aslı olmayaraq milli və dövlət maraqlarımıza uyğun fəaliyyət göstərməyən qurumlar Azərbaycanda ola bilməz! Ümumiyyətlə, “Rus evi”nin fəaliyyətinin bərpa edilməsi məsələsinə gəldikdə, mən buna ehtiyac görmürəm. Çünki ölkəmizdə Rusiya vətəndaşı olan ruslar demək olar ki, yoxdur. Azərbaycan vətəndaşı olan ruslar var. Onların da öz dillərini, dinlərini, mədəniyyətlərini yaşatmaq üçün heç bir məhdudiyyət yoxdur. Tam əksinə olaraq dövlət tərəfindən kifayət qədər şərait və imkanlar yaradılır. Həmçinin, ölkəmizdə yüzlərlə orta məktəb, ali məktəblərin rus dilli bölmələri, rus dilinin də daxil olduğu Slavyan Universiteti, Rusiyanın məşhur universitetlərin Azərbaycan filialları, rus dilli televiziya kanalı, dövlət televiziyasında rus dili redaksiyası fəaliyyət göstərir. Bütün bunlardan sonra “Rus evi”nin olmasına lüzum yoxdur. Yəni “Rus evi” rus dili və mədəniyyəti ilə bağlı fəaliyyət göstərən qurumlardan fərqli iki ölkə münasibətlərinə nə kimi fayda verə bilər? Ona görə onun açılmasına dövlətimiz tərəfindən razılıq veriləcəyinə inanmıram”.
Yalçın Hacızadə deyib ki, Rusiya tam hüquqi əsaslarla və qaydalarla qeydiyyatdan keçmiş, 2 milyona yaxın üzvü olan Azərbaycan Diaspor Təşkilatının fəaliyyətinə 2017-ci ildə xitam verdi:
“O zaman həm dövlətimizin, həm də çoxmilyonlu azərbaycanlıların etirazlarına heç bir məhəl qoymadı. Halbuki həmin təşkilatın idarə heyətində Rusiyaya böyük investisiya qoymuş, orda fəaliyyət göstərərək vergi ödəyən yüzlərlə həmyerlimiz var idi. Əgər Rusiya indi strateji müttəfiq kimi davranmaq istəyirsə, əvvəlcə özü uyğun addımlar atmalıdır. Keçən ilin dekabrın son günlərində Rusiya ərazisində vurulmuş və onlarla insanın həyatını itirməsi ilə nəticələnmiş təyyarəmizin qəzası ilə bağlı hüquqi nəticələri öz üzərinə götürməlidir. Azərbaycan tərəfindən bununla bağlı ən üst səviyyədə Rusiyaya çağırışlar edilib. Rəsmi şəkildə üzr istənilməli, kompensasiya ödənilməli və əməli törətmiş şəxslər hüquqi məsuliyyətə cəlb edilməlidir. Bunları etmədən, tələblərimizi göz ardına vuraraq, orda yaşayan azərbaycanlılara qarşı qanunsuz kampaniyalar başlatmaq Rusiyaya başucalığı gətirmir və nə qədər güvənsiz müttəfiq olduğunu göstərir.
Hesab edirəm ki, Rusiya tərəfinin bu məsələdə yenidən canfəşanlığı Prezident İlham Əliyevin faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək paradda iştiraka razılıq verməsi ilə bağlıdır. Bu fürsəti münasibətlərin istiləşməsi kimi qiymətləndirərək, əvvəlki vəziyyəti bərpa etməyə çalışırlar. Amma yuxarıda qeyd etdiyim kimi, öncə bizim təklifləri nəzərə almalıdırlar”.
Zaira Akifqızı
Globalinfo.az