Trampın dilemması: İranın nüvə proqramını yoxlamaq, yoxsa dayandırmaq?
10-04-2025, 11:27

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı yüksək səviyyəli birbaşa danışıqların olacağını deyəndə hamını təəccübləndirdi. O, danışıqların aprelin 12-də Omanda keçiriləcəyini açıqladı.
AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, İranın bu məsələ barədə susmaq istəyib-istəmədiyi bəlli deyil. Amma xarici işlər naziri Abbas Əraqçi Tehran vaxtı ilə gecəyarısı aydınlatma vermək ehtiyacı hiss elədi, danışıqların Trampın dediyinin əksinə, birbaşa olmayacağını söylədi.
Tərəflər bu görüşü mümkün danışıqlarla bağlı kəşfiyyat xarakterli adlandırıb.
Görəsən, Birləşmiş Ştatlar İranın nüvə proqramından konkret nə tələb edə bilər – sərt nəzarət, yoxsa tamamilə dayandırmağı?
Tramp Vaşinqtonun son məqsədini aydın bildirib: İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz. Amma aydın deməyib ki, bu, nüvə proqramına məhdudiyyət qoymaq deməkdir, yoxsa onu tamamilə dayandırmaq.
Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkof Oman danışıqlarında ABŞ nümayəndə heyətinə başçılıq edəcək. O, ötən ay deyib ki, Vaşinqton “elə bir yoxlama proqramı yaratmaq istəyir ki, heç kəs İranın nüvə materialından silah düzəldəcəyindən narahat olmasın”.
İran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uolts isə deyib ki, administrasiya “tam dayandırılma” istəyir, “İran nüvə proqramından elə əl çəkməlidir ki, bunu bütün dünya görə bilsin”.
ABŞ-ın məqsədi nə olmalıdır?
Nüvə proqramının tam dayandırılması tərəfdarları deyirlər ki, bu, İranın nüvə silahı əldə etməyəcəyini təmin etməyin ən etibarlı yoludur.
Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun İran proqramının baş direktoru Behnam Taleblu bildirir ki, Tramp silahlara nəzarətə razılaşmamalıdır.
“İranın atom proqramını məhdudlaşdırmağa çalışmaqdansa, onu birdəfəlik məhv etməlidir”, – Taleblu AzadlıqRdiosuna söyləyib.
Onun fikrincə, buna sanksiyaları gücləndirmək, İsraillə birgə təlimlər keçirmək yoluyla, təzyiq vasitəsilə nail olmaq olar və vacibdir.
Taleblu deyir ki, danışıqlar alınmasa, Tramp çıxıb getməyə də hazır olmalıdır.
“İslam respublikası o zaman təslim olmağı ciddi nəzərdən keçirər ki, Amerikanın çıxış variantının olduğunu bilsin”, – o əlavə edib.
İsrailin baş naziri Benyamin Netanyahu da İranın nüvə proqramının tamamilə dayandırılması tərəfdarıdır. O, “Liviyasayağı razılaşma”dan danışır, Tehran bunu rədd edir.
Bəzilərinin fikrincə, İrandan proqramı tam dayandırma tələbinə Tehran siyasi intihar kimi baxa bilər.
Nyu Yorkda yerləşən Avrasiya Qrupunda İran üzrə aparıcı təhlilçi Qreqori Brü deyir ki, belə bir tələblə Tehranla danışıqlara başlamaq alınmaz, İranın nüvə proqramını nəzarətdə saxlayacaq yoxlama mexanizmi “gələcək danışıqlar üçün azından əsas yaradardı”.
Vaşinqton İranın nüvə proqramının məhvində israr edərsə, “danışıqlar çox tez bitər, hərbi eskalasiya riski artar”, – Brü əlavə edib.
İran müharibə riskinə hazırdırmı?
Trampın 2018-ci ildə çıxdığı 2015-ci il nüvə sazişinin müddəti oktyabrda bitir. Bu zaman BMT-nin Təhlükəsizlik Şurası İrana sanksiyaları yenidən tətbiq edə bilməyəcək.
Yəni, Qərbin vaxtı da tükənir, hövsələsi də.
Tramp xəbərdarlıq edib ki, razılaşma əldə olunmasa, bombalayacaq. Fransa deyib ki, yeni razılaşma olmazsa, hərbi qarşıdurma ehtimalı “demək olar qaçılmaz olacaq”.
Birləşmiş Ştatlar regionda hərbi gücünü artırır. İranın dəstəklədiyi husi yaraqlılara hava zərbələri endirir.
Təhlilçi Brü İran rejimi üçün riskin çox böyük olduğunu bildirir.
Taleblu isə inanır ki, islam respublikası risk məsələsinə ehtiyatlı yanaşır, hərbi qarşıdurma riskinə getmək istəməz.