"Dronlar Ukraynada müharibənin əsas qatilinə çevrilib" - "The Sun"

14-04-2025, 17:14           
"Dronlar Ukraynada müharibənin əsas qatilinə çevrilib" -  "The Sun"
"Pilotsuz uçuş aparatları artıq hədəflərə qarşı ənənəvi artilleriya zərbələrini əvəz edib..."

Mütəxəssislərin sözlərinə görə, dronlar müasir müharibənin xarakterini dəyişib. Zərbə dronları Ukraynada cəbhədə dominant qatilə çevrilib.

Bu barədə "The Sun" nəşri yazıb.

"Qərb rəsmilərinin təqdim etdiyi rəqəmlər göstərir ki, öldürülən və yaralanan hər on əsgərdən səkkizi uzaq məsafədən, tez-tez cəbhə xəttindən kilometrlərlə uzaqda olan gənc əsgərlər tərəfindən idarə olunan cihazlarla vurulub", - məqalədə bildirilir.

Rəsmilərə istinadla qeyd olunur ki, pilotsuz uçuş aparatları ənənəvi artilleriya zərbələrini əvəz edib və indi Rusiya və Ukrayna hərbçilərinin itkilərinin 70-80 faizini təşkil edir.

Rəsmilər həmçinin əlavə edib ki, Ukrayna gündə ən azı 100 dron hücumuna məruz qalır, təxminən hər 15 dəqiqədə bir hücum baş verir. Bu kamikadze-dronlar həm ucuz başa gəlir, həm də çox effektivdir. Onlar müəyyən bir ərazidə havada qalaraq, hədəf təyin olunduqdan sonra hücuma keçir.

Britaniya ordusunun sabiq kəşfiyyat zabiti Fil İnqrem qeyd edib ki, dronlar müasir müharibənin xarakterini açıq şəkildə dəyişib: "Bu heyrətamiz rəqəmlər göstərir ki, dronlar gələcək bütün hərbi kampaniyalarda əsas rol oynayacaq".

Britaniyalı müdafiə ekspertləri xəbərdarlıq edir ki, döyüşlərin xarakteri sürətlə dəyişir və öz zərbə dron eskadrilyalarını yaratmağın vacibliyini vurğulayır.

Ukraynanın dron operatorları o qədər effektivləşib ki, artıq onlar Rusiya tərəfinin əsas əks-hücum hədəflərinə çevrilib. "Əgər onlar dron operatorunu aşkar edirlərsə, hər şeyi üzərimizə yağdırır", - dron pilotu, baş çavuş Vasili bildirib.

Bundan əlavə, qeyd olunur ki, Ukrayna "Truvalı at" adlı pilotsuz uçuş aparatları hazırlayıb. Bu dronlar kompüter virusları ilə təchiz olunub və rusiyalı dron operatorlarının yerini müəyyən etməyə xidmət edir.

Həmçinin bildirilir ki, yalnız bu ilin yanvar-mart aylarında Rusiya Ukraynaya qarşı 10 500 planlaşdırılmış bomba atıb. Bu "ağılsız bombaların" yüksək dəqiqlikli silaha çevrildiyi vurğulanır. Keçən il Rusiya "Drel" adlandırılan yeni planlaşdırılan bombanın hazırlanmasına başladığını elan edib. Bu bomba daha çox 100-dən çox ölkədə qadağan olunmuş kasetli mərmilərə əsaslanır.

Ukraynada müharibədə dronların rolu

Xatırladaq ki, "AXİL" adlı 429-cu müstəqil pilotsuz sistemlər alayının komandiri Yuri Fedorenko bildirib ki, Ukrayna hərbçiləri işğalçı qüvvələrin bütün hədəflərinin 65 faizdən çoxunu dronlar vasitəsilə aşkar edir və məhv edir:

"Bizə qarşı döyüşən düşmənin istifadə etdiyi texnika, canlı qüvvə, atəş vasitələri daxil olmaqla bütün hədəflərin 65 faizdən çoxu məhz müdafiə qüvvələrinin pilotsuz sistemləri sayəsində aşkar olunur və məhv edilir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.