Əvəz Zeynallı ağır durumdadır: məhkəmənin qərarını gözləyir - AÇIQLAMA

Bu gün, 00:11           
Əvəz Zeynallı ağır durumdadır: məhkəmənin qərarını gözləyir - AÇIQLAMA
Tanınmış baş redaktor, hazırda həbsdə olan Əvəz Zeynallı bu gün həyatının ən ağır dönəmini yaşayır. Onun yalnız azadlığı deyil, artıq canı da təhlükədədir.

Bu barədə xəbəri həyat yoldaşı Məlahət Zeynallı ictimaiyyətə çatdırıb.

O bildirib ki, Əvəz Zeynallıya gecikmiş mərhələdə xərçəng diaqnozu qoyulub:

“Biopsiya nəticələrinə əsasən, bağırsağında aşkarlanan bədxassəli şiş artıq qaraciyərə yayılıb. Bu, xərçəngin daha ağır – metastaz mərhələsidir. Bu mərhələdə hər bir dəqiqə, hər bir tibbi müdaxilə yaşamaqla-yaşamamaq arasındakı fərqdir. Lakin bu ağır diaqnoz Əvəz Zeynallının dəmir barmaqlıqlar arxasında müalicəsini mümkünsüz edir.

Məhdud tibbi imkanlar şəraitində onun həyat uğrunda mübarizə aparması da faydasızdır. Bir tərəfdə amansız xəstəlik, digər tərəfdə isə müalicəni mümkünsüz edən ağır şərtlər…

Əvəz Zeynallı cəmiyyətin səsini çatdırandan, haqsızlığa qarşı qələmini silah edən jurnalistlərdəndir. İndi isə o, səssiz bir çarəsizliklə, göz görə-görə ölümlə mübarizə aparır. Bu, artıq təkcə bir şəxsin yox, hamı üçün bir sınağıdır”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan qanunları humanizm prinsiplərinə əsaslanır və belə hallarda həbsin aradan qaldırılmasına imkan verir:

“Azərbaycan qanunvericiliyinə əsasən, ağır xəstəliklərə tutulan məhkumlar, o cümlədən xərçəng diaqnozu qoyulanlar məhkəmə qərarı ilə cəzanın çəkilməsindən azad edilə bilərlər. Bu, əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsi və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqları haqqında qanunvericilik aktlarında əksini tapıb.

Əsas məqamları belə xülasə edə bilərik. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsi “Xəstəlik səbəbindən cəzanın çəkilməsindən azad etmə” adlanır və bu halları tənzimləyir.

Bu maddəyə əsasən, ağır xəstəliklə, o cümlədən xərçəng, ağır dərəcəli ürək-damar xəstəlikləri, psixi xəstəliklər və ömür üçün təhlükə yaradan digər xəstəliklərlə üzləşmiş məhkumlar məhkəmə qərarı ilə cəzanın çəkilməsindən azad edilə bilər”.

Natiq Ələsgərov bildirib ki, məhkəmə qərarı ilə cəzanın çəkilməsindən azad etmə proseduruna görə tibbi ekspertiza təyin olunmalıdır:

“Cəzaçəkmə müəssisəsinin həkimləri məhkuma ağır xəstəlik diaqnozu qoyduqda, məsələ müvafiq tibbi komissiyaya yönləndirilir. Əgər diaqnoz təsdiqlənərsə, ədliyyə orqanları məhkəməyə müraciət edirlər. Tibbi rəydən sonra məhkumun özü, vəkili, ailə üzvləri və ya cəzaçəkmə müəssisəsi məhkəməyə müraciət edə bilər.

Məhkəmə işə baxaraq qərar verməli, humanist yanaşma tətbiq etməklə ağır xəstəliyə mübtəla olan məhkuma azad etmə qərarı verməlidir.

Əvəz Zeynallı hansısa geniş ictimai təhlükə yaradan bir əməl törətməyib. Məhkəmə bu halı nəzərə ala, onun xəstəliyinin ağırlığı səbəbindən cəzanın qalan hissəsini çəkməkdən azad edə bilər”.

Xatırladaq ki, Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar onun vəkilləri cəzadan azad edilməsi barədə ərizəni Nizami Rayon Məhkəməsinə təqdim ediblər.

Onun vəkili Rəşad Vaqifoğlu bildirib ki, Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər:

“Həmçinin “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”na “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də aiddir. Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qərar qəbul edər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.