Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?

Bu gün, 10:34           
Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
"Trampın Rusiyanın nazı ilə oynaması prosesi hələ uzun çəkəcək. Hələlik bu limit tükənməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ prezidenti Donald Trampın sülh danışıqları ilə bağlı Rusiyanın nazı ilə oynamaq limitinin hara qədər davam edəcəyilə bağlı suala cavabında deyib.

Ekspertin fikrincə, Tramp Rusiyaya ilə uzun müddətli açıq münaqişəyə getməyə hazır deyil:

"Hər halda görünən budur. Proses uzanarsa, Tramp da bir müddətə qədər Putinin nazı ilə oynamalı olacaq. Bu limitin nə qədər çəkəcəyini isə demək çətindir. Çünki Rusiyanın da burada öz planları var. Əslində, Rusiya üçün də prosesin sonsuzluğa qədər uzadılması əl vermir. Onun üçün də hansısa bir mərhələdə prosesin saxlanılması vacibdir. Lakin prosesə təsir edəcək şərtlər çox olduğundan indilikdə sözügedən limitin nə zaman yekunlaşacağını demək olmaz. Bu qısa müddətdə də yekunlaşa, əksinə uzun da çəkə bilə".

Hər keçən gün baş verənlər fonunda Donald Trampın sülh planının iflasa uğradığının şahidi oluruq. Belə ki, onun hakimiyyətə gəlişinin 100 gününə az qalsa da, Trampın Ukrayna məsələsində istəklərinin faş olduğunu görürük. Onun bu müddət ərzində atəşkəsə nail olmaq cəhdləri hələ də real nəticə verməyib.

Görünür, bunun nəticəsidir ki, Tramp əgər tərəflərdən biri danışıqlar prosesini çətinləşdirərsə, administrasiyanın Ukrayna böhranının sülh yolu ilə həlli cəhdlərindən imtina edəcəyini vurğulayıb. Bu əsasda da artıq Tramp jurnalistlərin Ukrayna mövzusunda suallarından yayınmağa başlayıb.

Bu müddətə qədər isə Tramp əsasən Rusiyanın nazı ilə oynayıb. Onun mövzu ətrafında, demək olar ki, hər çıxışı Rusiyaya, Putinə təriflərlə müşayiət olunub. Amma bütün bunlara baxmayaraq, ABŞ Prezidentinin sülh səyləri nəticə vermir. Rusiya sözdə ona hazır olduğunu desə də, real müstəvidə müharibəni daha kəskin şəkildə davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.