Aparıcılar bizi hara aparırlar?

Bu gün, 09:26           
Aparıcılar bizi hara aparırlar?
Küçədən ekrana, oradan da milyonlara…

Son zamanlar telekanallarımız tez-tez müzakirələrə, o cümlədən tənqidlərə məruz qalır. Bu tənqidlərin əksəriyyəti ya aparıcı, ya da qonaqlarla bağlı olur. Verilişin konteksti, mövzusu da başqa məsələ. Artıq onların tənqid atəşinə tuş gəlməsi adi hal alıb.

Televiziyadakı problemlər tez-tez gündəmə gəlsə də bir müddət idi səngimişdi. Amma bir müddət öncə “Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının aparıcısının qalmaqallı çıxışı ilə məsələ yenidən gündəmə gəldi. Nəticədə verilişin yayımı dayandırıldı.

Demək olar, cəmiyyət əsl diktorlara, aparıcılara həsrət qalıb. Və jurnalistika əvvəlki əzəmətini itirib. Bu yerdə əsl aparıcının xüsusiyyətlərini xatırlamaq yerinə düşər. Aparıcı efirdə şəxsi fikirlərini azadlıqla ifadə edə bilərmi? Hazırda telekanallarda hansı problemlərə rast gəlinir? Efir etikası necə olmalıdır? SSRİ dövründə televiziyalarda vəziyyət necə idi? Ümumiyyətlə, o dövrlərin, efirləri, aparıcıları ilə müasir dövrdəkilərin fərqləri nələrdir?

Bununla bağlı Pressklub.az-a danışan media üzrə tanınmış ekspert, professor Qulu Məhərrəmli deyib ki, bu məsələ ilə bağlı Mətbuat Şurasının Etika Komissiyasında müzakirə aparılıb: “Təəssüflü haldır ki, son illərdə telekanallarda etik hədlərin keçilməsi, əxlaq normalarının pozulması halları tez-tez baş verir. Daha çox şou proqramlarda, bəzi özəl kanalların sensasiya yaratmaq naminə hazırlanan bəzi proqramlarda belə hallara tez-tez rast gəlinir”.

Professor deyib ki, həmkarlarımız ilk növbədə verilişə kimin dəvət olunduğuna, qonaqların ictimai statusuna diqqət yetirməlidir. Hər halda təsadüfi adamların efirə çağırılması yolverilməzdir. Ekrana milyonlarla adam baxır. Onun sözlərinə görə, bu, məişət səviyyəsindən yüksək, vitrin kimi bir şeydir. İnsanlar da baxır, yaxşıya, pisə reaksiya verir. Nəticədə bu cür hallar olanda tamaşaçılar etirazını və qəzəbini ifadə edir.

Müsahibimiz qeyd edib ki, efirin qızıl qaydası var. Aparıcıya verilən tələblər var. Aparıcı ilk növbədə intellektual insan olmalı, qaydaları, ənənələri, dəyərləri, sistemi bilməlidir. Tamaşaçı ilə normal danışmağı bacarmalı, efirə dəvət etdiyi insanlarla nəzakət çərçivəsində davranmalıdır. Yoxlanılmamış, ictimai düşüncəyə, mövcud əxlaq və etika normalarına zidd olan fikirlərdən çəkinməlidir. İnsanları təhqir etməməlidir. İnsanların şəxsi mövqeyinə tolerant yanaşmalıdır: “Aparıcının qonağı studiyadan çıxarması dəhşətlidir. Yersiz danışıqlar, həddi keçmə hallarına yol verilməməlidir. Aparıcının gözəl təfəkkürü, nitqi, siması, geyimi nümunəvi olmalıdır. İndi təəssüf ki, bu qaydalara əməl edən çox azdır. Az qala yoldan keçənləri efirə gətirirlər. Aparıcı etika və davranış qaydalarını bilməlidir. İndi aparıcı imkan vermir qonaq danışsın. Bunlar hamısı bizim televiziyaların xarakterik nöqsanlarındandır və buna televiziyanın məsul şəxsləri, prodüserlər, rejissorlar ciddi şəkildə diqqət etməlidir. İndi televiziylarda ictimai şuralar var. Bu problemlər orada qaldırılmalı, tənqid olunmalıdır. İctimai fikir televiziya əməkdaşlarının diqqətinə çatdırılmalıdır”.

“Dövrlərin müqayisəsinə gəldikdə isə bütün müqayisələr qüsurludur. Amma burada formal baxımdan bəzi şeylər var ki, onlar qabarıq dərəcədə görünür. Aydındır, SSRİ dövrü bir inzibati rejim içərisində idi. Çox güclü nəzarət var idi. Və məhz o ideoloji çərçivələr televiziyanı öz qanunlarına tabe edirdi. Yəni burada ciddilik, həddindən artıq yoxlanılmış məlumatlar, təsadüfi heç nəyin olmaması, eləcə də aparıcılara, diktorlara xüsusi tələblər var idi”, - deyə professor bildirib.

Həmsöhbətimiz onu da qeyd edib ki, əvvəllər yaradıcılıq sərbəstliyi yox idi. İndi isə televiziyalarda bəlli bir yaradıcılıq sərbəstliyi var. Amma həmin o məsuliyyət, ciddilik, tələbkarlıq bir çox kanalda yoxdur. Ona görə də biz aparıcıları, xüsusən də şou proqramlarının aparıcılarını hədsiz dərəcədə sərbəst, məsuliyyətsiz fiqur olduğunu, bir çox hallarda özbaşınalıq etdiklərini görürük.

Professor hesab edir ki, yaradıcılıq sərbəstliyi ilə etik norma mütənasib olmalıdır: “SSRİ dövründə diktorlar televiziyanın əsas siması idi. Ona görə də mətnlər əvvəlcədən yazılırdı, çox nadir hallarda ekspromt verilişlər olurdu. Mən arzulamıram SSRİ olsun, amma oradan gəlmə tələbkarlıq, məsuliyyət, danışıq, geyim tərzi, davranış tərzinin olması televiziya üçün vacib məsələdir”.

Mövzu ilə bağlı Pressklub.az-a danışan tanınmış televiziya aparıcısı, diktor, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə hesab edir ki, televiziya, radio etalondur. Çünki önəmli təbliğat vasitəsidir. Efirlərdə nəyi göstərsən, nədən danışsan o da təbliğ olunur: “Efirə çıxan aparıcı yaxşı və ya pis cəmiyyətə nümunə olur. Efirdə danışıq tərzi və danışılan məsələ çox önəmlidir. Təəssüf ki, xarici görünüşü, geyimi və s. gözəl olan, amma təfəkkürü, düşüncə tərzi aşağı səviyyədə olan aparıcılarımız var. Bu çox təəssüflüdür. Nəyə görə xarici görünüşümüzü bəzəməyə daxili dünyamızı gözəlləşdirməkdən daha çox diqqət edirik? Hər kəs qüsurlarını düzəltmək üçün səy göstərməlidir”.

Müsahibimizin sözlərinə görə, dili, danışığı etalon olan dahi şəxsiyyətlərimiz var. Onların adi söhbətlərində belə insan nələrsə öyrənir. Məsləhəti də məhz belə insanlar verməlidir: “Düzdür, hər kəsin mənliyi, düşüncəsi var. Amma hər kəs ictimaiyyət qarşısında subyektiv fikirlərini səsləndirməməlidir. Sonra həmin subyektiv fikirlər çox vaxt verilişin də, televiziyanın da tamaşaçı qarşısında səviyyəsini aşağı salır”.

Diktor hesab edir ki, problemlərdən biri də hərflərin təhrif olunmasıdır. Bir çoxlarının tələffüzündə “c” və “ç” səslərində ciddi nöqsanlar var. Sadə vətəndaşlara baxmayaraq, media nümayəndələrində bu cür problemlərin olması yolverilməzdir və ciddi problemdir: “Düzdür, hər kəs Nəriman Nərimanov, Mikayıl Rəfili kimi danışa bilməz. Bunu hər kəsdən tələb etmək də lazım deyil. Amma ana dilimizdə səlis danışmaq, fikrimizi doğru izah etmək mütləqdir. Dil mədəniyyəti çox vacib amildir. Efirdə danışan insanları, aparıcıları diqqətlə seçmək lazımdır. Ana dilimiz bizim milli, mənəvi sərvətimizdir. Və bizim vətəndaşlıq borcumuzdur ki, bu sərvəti qoruyaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.