Müəllimlərə verilən vəd yenə boşa çıxdı - Onlara haqqı olanı kim verməlidir?
Bu gün, 09:35

Ötən ay Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərmiş ümumi təhsil müəssisələrində sertifikasiyadan keçən müəllimlərin maaşlarına olunan əlavəni ala bilmədiklərini yazmışdıq. Onlara hər dəfə maaşlarını növbəti ayda alacaqları ilə bağlı vəd verilir. Amma ay başa çatanda məlum olur ki, yenə də ortada pul yoxdur. Müəllimlərə aprel ayında pullarını ala biləcəkləri ilə bağlı verilən vəd də boşa çıxıb.
Onlardan TNS-ə daxil olan növbəti müraciətdə bildirilib: “Heç bir nəticə olmadı. Aprel ayına söz vermişdilər, böyük ümidlə gözlədik. İndidə də deyirlər ki, yuxarıdan sənədlər imzalanmayıb”.
Söhbət əvvəllər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərmiş Şuşa rayon 6 nömrəli tam orta (Ramana qəsəbəsində yerləşir) və Xocalı şəhər 2 nömrəli tam orta məktəbin (Sabunçu rayonu Pirşağı q.) müəllimlərindən gedir. Onlar 2024-cü ildə sertifikasiyadan keçiblər. İmtahandan uğurla keçən hər iki məktəbin 30-a yaxın müəlliminin maaşlarına 10 və 35 faizlə artımlar olunub. Müəllimlər ötən ilin sentyabr ayından maaşlarını artımla birlikdə almalı olsalar da, Qarabağ Regional Təhsil İdarəsi sentyabr və oktyabr ayının artımını onlara verməyib.
Belə ki, ötən il noyabrın 1-dən sözügedən məktəblər 337 nömrəli tam orta məktəb adı altında birləşdirilib və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib. Bundan sonra Qarabağ Regional Təhsil İdarəsi iki aylıq artımı verməkdən imtina edib.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən TNS-in sorğusuna cavab olaraq, İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlarına müəyyən edilmiş əlavələrin ödənildiyi, əlavələrlə bağlı müraciəti olan vətəndaşların rəsmi qaydada Qarabağ Regional Təhsil İdarəsinə müraciət edə biləcəyi bildirilmişdi. Bu dəfəki müraciətimizdə isə deyildi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinindən isə TNS-ə qeyd olunan tarixdə məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olduğu üçün məsələni onlar həll etməlidir cavabı verildi.
Qeyd edək ki, TNS problemlə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də sorğu ünvanlamışdı.
Agentliyə, eləcə də Qarabağ Regional Təhsil İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığımız suallara müəllimlərə ümid verəcək cavab ala bilmədiyimiz üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərdik. Ümid edirik ki, müəllimlər dərs ilinin əvvəlində almalı olduqları haqqlarını, heç olmasa, dərs ilinin sonunda ala biləcəklər.