Azərbaycanlı hərbi ekspert Kiyevin hava hücumundan müdafiəsindəki problemlərdən danışdı...

Bu gün, 10:00           
Azərbaycanlı hərbi ekspert Kiyevin hava hücumundan müdafiəsindəki problemlərdən danışdı...
“Yaşayış məntəqəsi eyni zamanda bir neçə istiqamətdən, müxtəlif lokasiyalardan, özü də həm ballistik, həm qanadlı raketlərdən, həm də imitator dronlarından, kamikadze və zərbə dronlarından atəşə tutularsa, belə hücumları da yüzdə yüz dəf etmək mümkünsüzdür. Ukrayna paytaxtına son hava hücumları da məhz belə olub...”

Kiyevə çoxsaylı insan itkiləri ilə nəticələnmiş son kütləvi raket-dron hücumundan sonra Ukrayna paytaxtının hava hücumundan müdafiəsində problemlər olması haqda məlumatlar səsləndi. Görəsən, həmin problemlər obyektiv səbəblərdən yaranıb, yoxsa subyektiv səbəblər də var. Yəni Rusiyanın Kiyevə son vaxtlar raket, dron hücumunun daha çox insan itkiləri ilə baş tutması kimlərinsə səhlənkarlığının nəticəsi deyil ki?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Ukraynada fəaliyyət göstərən hərbi ekspert, Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri, ehtiyatda olan polkovnik Elxan Nuriyev bunları söyləyib:

“Xeyir, hesab edirəm ki, Ukrayna ordusu paytaxtımızın hava hücumundan müdafiəsi üçün əlindən gələni edir. Odur ki, zənnimcə, Kiyevə son raket hücumları nəticəsində baş vermiş insan faciələri əsasən obyektiv səbəblərdən baş verir. Əvvəla, hava hücumundan yüzdə yüz müdafiə olunmaq praktiki cəhətdən mümkün deyil. Sadəcə hansısa əraziləri böyük ehtimalla, yüksək faizlə qorumaq mümkündür, amma tam qorunmaq mümkün deyil. Xüsusən də raketlərin yaxın ərazilərdən, məsələn, Kursk, yaxud Bryansk vilayətlərindən atıldığı halda müdafiə olunmaq daha çətin olur. İkincisi, yaşayış məntəqəsi eyni zamanda bir neçə istiqamətdən, müxtəlif lokasiyalardan, özü də həm ballistik, həm qanadlı raketlərdən, həm də imitator dronlarından, kamikadze və zərbə dronlarından atəşə tutularsa, belə hücumları da yüzdə yüz dəf etmək mümkünsüzdür. Ukrayna paytaxtına son hava hücumları da məhz belə olub. Ancaq bütövlükdə Kiyev ən yaxşı qorunan şəhər hesab edilir. Bununla belə, təsvir etdiyim qaydada kütləvi hücumlar zamanı raketlərin, dronların çoxu zərərsizləşdirilsə də, yenə də ya bəziləri öz hədəflərinə çatır, yaxud xüsusən raketlər havada vurulduqdan sonra onların qalıqları yaşayış məntəqələrinə və digər obyektlərə, infrastruktura ciddi zərərlər vura bilir. Belə ki, raketlərin çoxunun yarım tondan bir tona qədər çəkisi olur, ona görə də onların parçalanmış qalıqları da yerə düşəndə müəyyən zərərlər verər bilirlər...

“Xəbərlər yayıldı ki, həm də “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatışmamasının Kiyevin yaşayış binalarının hədəfə gəlməsində xeyli rolu olur” fikrinə isə hərbi ekspert belə münasibət bildirib:

“Bəli, bu səbəb də var. Belə deyək, “Patriot”lar var, ancaq əvvəlki sayda deyil. Komandanlıq yenilərini də almağa çalışır. Avropa İttifaqının ödədiyi maliyyə vasitəsi hesabına ABŞ-dan almaq istəyir. Lakin təəssüf ki, Amerika rəhbərliyi də guya atəşkəs danışıqlarını bəhanə edərək, həm də Rusiyanın xoşuna gəlmək üçün Ukraynanın bu istəyinə xüsusi həvəslə yanaşmır. Bu cür problem var və getdikcə artır...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.