Səud şahzadəsi Trampın qapısını 600 milyardla döydü: məqsəd nə idi?
Bu gün, 10:11

"ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar və bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir. Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
Məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyiblər".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev qeyd edib.
Bəs Vəliəhd şahzadə 600 milyard dolları Trampa nəyin qarşılığında verib?
Politoloq suala bu cür cavab verib:
"ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə müqaviləsinin dəyəri 142 milyard dollardır ki, bu müqavilə dünya tarixinin ən böyük müdafiə müqaviləsi hesab edilir. Səudiyyə Ərəbistanına veriləcək bu silahlar əsas etibarilə İran və husilərlə mübarizə üçün nəzərdə tutulur. Husilər Səudiyyə torpaqlarına tez-tez hücumlar edir ki, bu da krallığın təhlükəsizliyi üçün ciddi təhdiddir.
İmzalanmış sazişin əsası məhz sahil və hava müdafiəsinin gücləndirilməsi ilə bağlıdır ki, bu da son zamanlar Yəməndən Səudiyyə Ərəbistanına artan hava hücumları ilə əlaqədardır. İmzalanan sazişlər böyük ölçüdə ABŞ-ın bölgədəki rəqiblərini zəiflətməyə yönəlmiş addım kimi xarakterizə oluna bilər.
Vaşinqton İranın bölgədəki fəaliyyətindən ciddi şəkildə narahatlıq keçirir. Nüvə proqramı ilə bağlı Omanda aparılan danışıqların müsbət istiqamətdə getdiyi bildirilsə də, bu ölkədən gələcək mümkün zərbələr regionda ciddi gərginliyə səbəb ola bilər. Tramp administrasiyası Körfəz ətrafı müttəfiqləri və İsrailin təhlükəsizliyindən ciddi narahatlıq keçirir. Buna görə də regionda İrana qarşı əsas güc olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı ABŞ üçün prioritet təşkil edir.
Bu müqavilə ilə Tramp eyni zamanda Rusiya və Çinin Səudiyyə üzərində təsirini də azaltmış oldu. Belə ki, yeni müqavilə krallığın Rusiya və Çinlə olan əməkdaşlığına məhdudiyyətlər gətirir. Bayden administrasiyasının bölgədə fəallıq göstərməməsi səbəbindən Rusiya və Çin Səudiyyə ərazisində iqtisadi və hərbi fəallığını artırmışdı. Tramp yeni müqavilə ilə bu ölkələrin təsir gücünü qırdı.
Ər-Riyad ABŞ ilə bərabər İsraillə də münasibətləri gücləndirir ki, bu da regionda yeni güc mərkəzinin meydana çıxmasına səbəb olur. Hazırda ərəb dünyasının gözlədiyi isə Qətər və Səudiyyə Ərəbistanının bu müttəfiqlikdən Fələstin məsələsinin həllində istifadə edib-etməyəcəyidir. Ehtimal ki, Məhəmməd bin Salman Trampı "Qəzza planı"ndan vaz keçməsi üçün razı salmağa çalışacaq".
Zeynal Əmrəliyevin fikrincə, istənilən halda, imzalanan saziş ABŞ-ın Yaxın Şərqdəki mövqelərinin gücləndirilməsi və Səudiyyə Ərəbistanının ərəb dünyasının lider dövlətinə çevrilməsi ilə nəticələnəcək prosesin başlanğıcını qoyub.
Xalidə Gəray