Vaşinqtonda siyasi qalmaqal: Epşteyn işi respublikaçılar arasında parçalanmanı genişləndirir
Bu gün, 15:18
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson yetkinlik yaşına çatmayanların cinsi istismarı və bu kimi ağır cinayətlərdə ittiham edilən, intihar etmiş amerikalı maliyyəçi Cefri Epşteynlə bağlı işin bütün materiallarının açıqlanmasını təklif edib.
TASS xəbər verir ki, respublikaçı Conson mətbuata müsahibəsində bu məlumatların tam şəkildə dərc olunması çağırışı edərək, dolayısı ilə öz silahdaşı olan ABŞ prezidenti Donald Trampa qarşı çıxıb.
"Mən şəffaflıq tərəfdarıyam. Bu, çox həssas mövzudur, amma biz hər şeyi açıqlamalıyıq ki, xalq qərar versin", - deyə ABŞ dövlət iyerarxiyasında üçüncü ən nüfuzlu vəzifəni tutan şəxs vurğulayıb.
Nümayəndələr Palatasının spikeri ABŞ Baş prokuroru Pam Bondini Epşteyn işinə dair aydın izahat verməyə çağırıb.
Tramp Epşteyn işinə dair əlavə məlumatların dərcinə etiraz etmədiyini bildirib. Lakin o, bu işi "demokratların mifi" adlandırıb.
Qeyd edək ki, Epşteyn işi respublikaçılar arasında parçalanmanı genişləndirib və artıq Vaşinqtonda siyasi qalmaqala səbəb olub. Belə ki, Trampın MAGA qrupunun əsasını təşkil edən Nümayəndələr Palatasında ən nüfuzlu respublikaçılar ilk dəfə prezidentə qarşı çıxıblar.