FINDIQ BAHALAŞDI, BADAMIN QİYMƏTİ DƏ ARTACAQ –
Bu gün, 09:58

Azərbaycanda fındığın qiyməti xeyli bahalaşıb.
“AzPolitika”nın bu sahədə çalışan fermerlərdən əldə etdiyi məlumata görə, bir kiloqram fındıq 6-7 manata təklif olunur ki, bu da ötənilki qiymətlərdən 35–40 faiz bahadır.
Qiymət artımına səbəb kimi məhsuldarlığın aşağı düşməsi göstərilir. Fermerlər bildirirlər ki, əlverişsiz iqlim şəraiti - bəzi rayonlara yağan dolu və uzun müddət davam edən istilər məhsuldarlığı xeyli aşağı salıb. Eyni zamanda ötən illərdə fındığın ucuz olması onların əlini “işdən soyudub”. Nəticədə bir çox sahibkar fındıq bağlarını ləğv edərək başqa sahələrə üz tutub. Bu da bazara çıxarılan fındığın azalmasına və nəticədə qiymətlərin yüksəlməsinə şərait yaradıb.
Hazırda yığım mövsümü davam edən badam sahələrində də vəziyyət ürəkaçan deyil. Fermerlər bildirirlər ki, məhsuldarlıq xeyli aşağı düşüb.
“Onsuz da badamçılıq yüksək maya dəyəri olan və az məhsul verən sahədir. Ötən il bir kiloqram badam emal müəssisələri tərəfindən 3 manat ətrafında qiymətə alınıb. Böyük vəsait xərcləsək də, nəticədə məhsul az, qiyməti isə ucuzdur. Ona görə də bu il badam bağlarını qırıb başqa meyvə ağacları əkən fermerlərin sayı kifayət qədərdir”, – sahibkarlardan biri “AzPolitika”ya bildirib.
Onun sözlərinə görə, emal müəssisələrinin bu dəfə istehsalçılardan ucuz badam almaq niyyəti baş tutmayacaq. Qiymətlərin bahalaşması qaçılmazdır.
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli mövcud vəziyyəti “AzPolitika”ya şərh edərkən bildirib ki, fındıq istehsalının aşağı düşməsinin səbəbi bu sahə ilə məşğul olanların sayının azalması ilə bağlıdır: “Həmçinin, son zamanlar badam istehsalçılarının bu sahəyə marağının azaldığını müşahidə edirik. Bunun əsas səbəbi odur ki, məhsuldarlıq aşağıdır. Bağçılıq elə sahədir ki, gərək bağa baxasan, vaxtlı-vaxtında suvarma, budama işləri aparılsın, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilsib, aqrotexniki qaydalara əməl olunsun. Təəssüflər olsun ki, bizdə çoxsaylı problemlər var. Problemlər su və istehsal vasitələrinin çatışmazlığı ilə bağlıdır. Gübrələrimizin keyfiyyətinin aşağı olması, torpaqlarımızın zəif olmasını da bura əlavə etmək olar.”
V. Məhərrəmli qeyd edir ki, Azərbaycanda badam əkilən ərazilərdə torpaqların homus qatı aşağıdır. Onun sözlərinə görə, torpağa kifayət qədər mineral elementlər və üzvi maddələr verilmədiyi üçün get-gedə deqradasiyaya uğrayır. Bu da məhsuldarlığa təsir edir.
Ekspert həm də məhsulun satış bazarlarındakı problemlərə diqqət çəkir: “Fermer məhsuldarlıq az, maya dəyəri yüksək olduğu üçün çalışır ki, onu nisbətən baha qiymətə satıb qazanc əldə etsin. Amma bu mümkün olmur, çünki kəndlilərdən məhsulu alan emal müəssisələri inhisarçı olduqları üçün qiymətləri onlar diqtə edirlər. Fermerlərin bazara çıxışları zəif olduğuna görə məhsulu aşağı qiymətə satmaq məcburiyyətində qalırlar. Ona görə də bağları ləğv edib, digər sahələrlə məşğul olmaq istəyirlər”.
Rasim Əliyev
“AzPolitika.info”