Moskvada miqrantlar növbəti dəfə kütləvi şəkildə yoxlanılmaya məruz qalıblar. Bu dəfə reyd Solntsevo rayonunda baş tutub, güc strukturlarının əməkdaşları burada hostellərdən birinə basqın ediblər.
Oxu.Az bu barədə "Ostorojno, novosti" "Telegram" kanalına istinadla xəbər verir.
Rusiya Milli Qvardiyasının məlumatına görə, binada 120 əcnəbi vətəndaş olub. Onların hamısı sənədlərini yoxlamaq, Moskvada və regionda qanun pozuntularında iştirak edib-etmədiklərini öyrənmək üçün hüquq-mühafizə idarələrinə aparılıb.
Eyni zamanda güc strukturlarının əməkdaşları paytaxtın şimalında daha bir iri əməliyyat keçirib. Yataqxanada 1200-dən çox miqrant yoxlanılıb. Nəticədə, miqrasiya qaydalarını pozan və ya hərbi qeydiyyatdan yayınan 60 nəfər müəyyən edilib.