Cəməl döyüşü İslam tarixində ən çox ziddiyyətli hadisələrdən biridir
Bu gün, 11:04

Çünki burada həm din adına verilən şüarlar, həm də real həyatda baş verənlər bir-birini təkzib edir.
Əvvəlcə diqqət çəkən məqam budur ki, İslam fiqhində qadının məhrəmsiz səfərə çıxması haram sayılır. Hədislərdə açıq şəkildə qeyd olunur ki, qadın yanına yaxın qohumu olmadan yol getməməlidir (Buxari, Həcc 186; Müslim, Həcc 424). Amma peyğəmbərin həyat yoldaşı Aişə minlərlə kişi ilə birlikdə Mədinədən Basraya qədər səfər etdi, üstəlik qoşuna rəhbərlik edib müharibənin mərkəzində dayandı. Əgər bu işi sıravi bir qadın etsəydi, dərhal qınanardı. Burada isə dini qanunların seçici şəkildə tətbiq olunduğu aydın görünür.
Digər tərəfdən, İslam “sülh dini” kimi təqdim olunur. Amma necə sülhdən danışmaq olar ki, peyğəmbərin öz yoldaşı Aişə bir tərəfdə, onun kürəkəni və qohumu Əli isə digər tərəfdə dayandı? Minlərlə müsəlman öldürüldü və bu döyüş tarixə böyük bir qanlı səhifə kimi düşdü. Əgər dinin ən yaxın nümayəndələri belə sülhü qoruya bilmirdilərsə, bu dinin sadə insanlara vəd etdiyi barış necə gerçəkləşə bilərdi?
Üçüncü məsələ isə səhabələrin roludur. İslam mənbələrində səhabələr “ən fəzilətli nəsil” kimi göstərilir. Amma Cəməl döyüşündə səhabələrin böyük bir qismi bir-birinə qarşı qılınc qaldırdı, qardaş qanı axıtdı. Bu, “səhabələrin hamısı ədalətli və xətasızdır” iddiasını ciddi şəkildə sarsıdır. Əgər dini ən yaxşı bilənlər belə qan tökürdüsə, necə oldu ki, sonrakı nəsillərdən mükəmməllik tələb olunur?
Əslində, Cəməl döyüşü dini pərdəyə bürünmüş açıq siyasi qarşıdurma idi. Aişənin meydana çıxmasının əsas səbəbi dini deyil, siyasi idi – Osman ibn Əffanın qisasını tələb etmək. Bu isə göstərir ki, İslamın ilk nəsillərində belə din çox tez bir zamanda siyasətin əlində alətə çevrilmişdi.
Din və İnsan
TEREF