Nazirin böyük etirafının sirri açıldı - Prezident konfransı tərk edəndən sonra nə baş verib?
6-02-2017, 00:19
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans bir-sıra maraqlı məqamları ilə yadda qalıb. Xüsusən də onun, əgər belə demək mümkünsə, ikinci hissəsi…
Qeyd edək ki, iş adamlarının, sahibkarların da iştirak etdiyi konfransda nazirlərin çıxışından sonra Prezident İlham Əliyev yekun nitqi söyləyərək, toplantını tərk edib. Bundan sonra konfrans iqtisadiyyat naziri Şahin Müstafayev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə davam etdirilib. Prezidentin göstərişi ilə onlar sahibkarların problemlərini dinləyiblər.
Həmişə əvvəlcədən hazırlanmış mətnlərlə çıxış edən sahibkarların inkişafdan, qayğıdan danışmasına, ən uzağı ümumi problemləri qabartmasına öyrənən nazirlər, konfransın ikinci hissəsini də mətbuatın iştirakı ilə davam etdirərək, zaldakı iş adamlarına çıxış imkanı yaradıblar. Bir növ konfransı demokratik ab-havada keçirdiklərini nümayiş etdirmək üçün zala mikrofon paylayıblar. Hər kəsə çıxış etmək, sual vermək imkanı yaradıblar. Ancaq daxil olan məlumata görə, qarşılaşdıqları mənzərə bunu çox davam etdirməyə imkan verməyib.
Belə ki, Prezidentin yekun nitqində söylədiyi fikirlərdən cəsarətlənən iş adamları nazirləri çox çətin suallar qarşısında qoyub, çaş-baş vəziyyətə salıblar…
Qeyd edək ki, konfransdakı yekun çıxışında ölkə prezidenti İlham Əliyev məmurlara xəbərdarlıq edərək, korrupsiya və rüşvətxorluq hallarına son qoymağı, insanların qayğılarına diqqətlə yanaşmağı, kobudluğa, yekəxanalığa yol verməməyi tapşırıb: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır… Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim…”.
Məhz Prezidentin bu çıxışından çəsarətlənən və ölkədə yaranmış bahranla bağlı ciddi çətinliklərlə üzləşən iş adamları konfransın ikinci hissəsində sözün həqiqi mənasında “od püskürüblər”.
Mikrofonu götürüb çıxış edən sahibkarların demək olar ki, hamısı dövlət qurumlarına, əsasən də vergi və gömrük orqanlarına qarşı ciddi iradlar səsləndiriblər. Vergi orqanlarında, gömrükdəki neqativ hallarla bağlı konkret faktlar ortaya qoyaraq, nazirdən və komitə sədrindən cavab istəyiblər.
Məsələn, sahibkarlardan biri vergi orqanlarının ondan 1 milyon pul tələb etdiyini söyləyərək, nazir Fazil Məmmədovdan bunun əsaslandırmasını istəyib. Nazir deyib ki, belə bir şey olmamalıdır. Digərləri gömrüklə bağlı konkret məsələlər ortaya qoyublar (Bizə verilən məlumata görə GK sədri Aydın Əliyev konfransı digər həmkarlarından tez tərk edib-red.).
Belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləməyən nazirlər, komitə sədri iş adamlarının çıxışları, sualları qarşısında çıxılmaz vəziyyətə düşüblər. Verilən suallara cavab verməkdə çətinlik çəkiblər.
Vergilər naziri Fazil Məmmədovun neçə gün mətbuatın müzakirə predmeti olan məşhur açıqlamasını da məhz iş adamlarının çıxışları, sualları qarşısında çətin vəziyyətə düşərək, qeyri-ixtiyari olaraq verdiyi bildirilir.
Xatırladaq ki, nazir tezliklə “artıq vergi ödəmələrinin” ləğv oluna biləcəyini bəyan edib. “Cənab Prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə ləğv olunacaq. Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla”, - deyə F. Məmmədov ölkə ictimaiyyətini bu etirafı ilə şoka salmışdı.
Ancaq nə onun qanunsuz “haqq” yığımının etirafına dair bu çıxışı, nə də Aydın Əliyevin vəziyyəti düzəldəcəklərinə, şəxsən nəzarətə götürəcəyinə dair fikirləri sahibkarları sakitləşdirməyib. Çıxış üçün ayağa duranlar konkret faktlar ortaya qoymaqla, onlardan problemlərin həlli üçün hansı adımlar atılacağına dair cavab istəyiblər.
Vəziyyətin belə hal alması nazirləri konfransda yaratdıqları demokratik ab-havaya son qoymağa məcbur edib. Əvvvəlcə media təmsilçilərini konfrans zalından çıxarıblar. Sonra isə zala çıxışlar üçün paylanılmış mikrofonlar yığılıb. Bundan sonra konfrans qapalı şəkildə davam etdirilib. Və çox güman ki, ənənəvi qaydada… (azpolitika.info)