Şəki Ağır Cinayətlər Məhkəməsində nə baş verir?- Hakim qəsdən işi uzadır? İDDİA/FOTO

Bu gün, 11:18           
Şəki Ağır Cinayətlər Məhkəməsində nə baş verir?- Hakim  qəsdən işi uzadır? İDDİA/FOTO
Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini Əzizov Yusif Vəli oğlu tərəfindən

Şikayət

Mən 18 noyabr 2023-cü il tarixdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Əzizov Yunis Yusif oğlunun atası və cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olaraq mətbuat vasitəsi ilə Prezidentə, Mehriban xanım Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova, Baş prokuror cənab Kamran Əliyevə müraciət ünvanlayıram.
2023-cü il 8 noyabr tarixində Ağdaş rayonu ərazisində Həsənov Röyal Fazil oğlu idarə etdiyi avtomobillə qarşı tərəfin yoluna çıxaraq qəza törətmiş, nəticədə sərnişin mənim övladım Əzizov Yunis Yusif oğlu, eləcə də sürücü Umarov Nəriman Həbib oğlu həlak olmuş, digər sərnişin Daşdıyev Cavad Əziz olu isə ağır bədən xəsarətləri almışdır. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanmış, iş üzrə ibtidai istintaq aparılmış və 2024-cü ilin fevral ayında Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
İş üzrə 2024-cü ilin may ayında ilk məhkəmə-tibbi ekspertiza keçirilsə də, təkrar ekspertiza barədə qərardad 13 may 2025-ci il tarixdə hakim Günay Aşurova tərəfindən qəbul olunmuşdur. Lakin 04.09.2025-ci il tarixdə mənə təqdim olunmuş rəsmi cavab məktubundan məlum olmuşdur ki, həmin qərardad üzrə sənədlər bu günədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilməmişdir. Bu, cinayət işinin qəsdən süründürülməsi və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına şərait yaradır.
Qeyd etmək istəyirəm ki, təqsirləndirilən Röyal Həsənov 27.09.2024-cü il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında volker cihazı ilə müayinə olunmuş və həkim rəyi ilə 3 aydan sonra sərbəst hərəkət edə biləcəyi göstərilmişdir. Buna baxmayaraq, sonrakı məhkəmə iclaslarına xərəkdə gətirilmiş və saxta “ağır xəstə” görüntüsü yaradılmışdır. Hakim Günay Aşurova bu əsassız bəhanəni qəbul edərək 13.05.2025-ci il tarixdə təkrar ekspertiza barədə qərardad çıxarmış, lakin sənədləri qəsdən göndərməyərək işin süni uzadılmasına yol vermişdir.
Bütün bu faktlar göstərir ki, hakim Günay Aşurova təqsirləndirilən şəxsdən və ya onun yaxınlarından asılı vəziyyətə düşərək qanunları pozmuş, Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulan korrupsiya xarakterli cinayət əməlinə yol vermişdir. Onun hərəkətləri həmçinin Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş “ağlabatan müddətdə və ədalətli araşdırma” prinsipini kobud şəkildə pozur.
Hətta Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rafail Əliyev də mənim müraciətlərimə formal cavab məktubları göndərmiş, işin mahiyyətinə varmamış və süründürməçilik hallarını görməzdən gəlmişdir.

Sizdən çox-çox xahiş edirəm Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Günay Aşurovanın cinayət işinin gedişini qəsdən uzatması, təqsirləndirilən şəxsin müdafiəsinə şərait yaratması və korrupsiya əməllərinə yol verməsi faktları üzrə xüsusi araşdırma aparılaraq hüquqi qiymət verilməsi təmin edilsin, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təxirə salınmadan keçirilməsinin təmin edilsin, təqsirləndirilən Röyal Həsənovun əsassız “xəstəlik” bəhanələri ilə məhkəmə prosesinin uzadılmasının qarşısının alınması və məhkəmə icraatının qanuni və operativ qaydada aparılması təmin edilsin.
Məhkəmə-Hüquq Şurası tərəfindən hakim Günay Aşurovanın barəsində intizam məsuliyyəti və hakimlikdən kənarlaşdırılması məsələsinə baxılsını xahiş edirəm.

Müraciətimə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 05.07.2025-ci il tarixli cavab məktubunun və Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri R. Əliyevin cavab məktubunun surətlərini əlavə edirəm.
QEYD: Hakim Günay Aşurova ilə əlaqə qura bilmədiyimiz üçün,TEREF olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru