Fransada həkim xəstələri qəsdən zəhərləyərək "xilaskar" olmaq istəyib
Bu gün, 11:02

Fransada son illərin ən diqqət çəkən tibbi məhkəmə işi, yeddi illik araşdırmadan sonra başladı. Xəstəxanalarda çalışdığı dövrdə xəstələri qəsdən zəhərləməkdə ittiham olunan bir anesteziya mütəxəssisi dünən məhkəmə qarşısına çıxıb.
Bizimyol.info xəbər verir ki, Besançon şəhərindəki iki fərqli klinikada çalışan 53 yaşlı anesteziya mütəxəssisi Frederik Peçierin, 2008-2017-ci illər arasında bir çox xəstənin ürəyinin dayanmasına səbəb olacaq şəkildə dərmanlara müdaxilə etdiyi iddia edilir.
Prokurorluğa görə, Peçier xəstələri böhran vəziyyətinə salaraq, sonra "qəhrəman həkim" rolunu oynayaraq ətrafında heyranlıq yaratmağa çalışıb. 30 xəstəni qəsdən zəhərləməkdə ittiham edilən həkim, 12 xəstənin isə ölümünə səbəb olub. İddialara görə, həkimin ən kiçik qurbanı 4 yaşlı bir oğlan uşağı olub.
2017-ci ildən bəri həkim olaraq fəaliyyət göstərməyən Peçier, hələ də müstəqil məhkəmə nəzarəti altında sərbəstdir. Ən ağır cəza olan ömürlük həbs istənilən Peçier, özünə yönələn tənqidlərə isə “Ailələrin ağrısını başa düşürəm, amma bu ağrıların səbəbkarı mən deyiləm” cavabını verib. “Qəhrəman” həkim açıqlamasında həmkarlarını tənqid edərək "tibbi səhvlər"ə işarə edib.
Toplam 150-dən çox qurbanın təmsil olunduğu bu məhkəmə işinin dekabr ayına qədər davam etməsi gözlənilir.