Şərəfsizlərin hədəfi
6-02-2017, 08:11
Azərbaycan dövləti və xalqı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev.
Əziz oxucular, elə bilməyin ki, ölkə rəhbərliyi qarşısında hansısa problemlə əlaqədar məsələ qaldırıram.Belə bir fikrim yoxdur. Mən yuxarıda adıçəkilən şəxslərin vəkili də deyiləm, bir qəzetin baş redaktoruyam. Heç kəs məndən bu yazını yazmağı da xahiş etməyib. Əksinə, gözləyirdim ki, kimsə mövzuya toxunacaq. Adıçəkilən şəxslərsə suveren dövlətimizin baş fiqurlarıdırlar. Bəs niyə yazını bu formada başladım? Sadəcə olaraq hədəfləri göstərmək istədim.
Bu yaxınlarda yutubda Suriyada döyüşən iki “azərbaycanlı”nın müraciəti yayılıb. Açıb baxa bilərsiniz. Adlarını çəkməyə kişilikləri çatmayan bu iki şərəfsiz və qeyrətsiz Azərbaycan dövlətini, onu idarə edən əsas şəxsləri hədəfə götürüb, onları terrorla qorxudurlar. Bizləri məzhəb savaşına dartmaq istəyirlər. “İynələnmiş” bir üzdəniraq Azərbaycanı qan gölünə çevirməklə hədələyir. Vallah, insan dövləti idarə edən şəxslərdən razı da ola bilər, narazı da. Bu təbiidir, hər yerdə belədir. Amma bu şeytanlar və dinsizlər Allahın adından danışaraq əslində ölkəni idarə edən baş fiqurları deyil, bütün cəmiyyəti təhqir edir və alçaldırlar. Suriyada nədən ötrü döyüşdüklərini bilməyən bu nadanlar guya Azərbaycanın təəssübünü çəkirlər. Sual edirəm: Onların düşmənləri kimdir? Açıq-aşkar deyirlər ki, elə başqa məzhəbdən olan azərbaycanlılar. Əsl ləyaqətsizlikdir, nakişilikdir. Bunu elə bir vaxtda edirlər ki, ərazilərimizin iyirmi faizini erməni daşnakları havadarlarının köməyi ilə ələ keçirib. Qız-gəlinlərimizin bəziləri hələ də erməni əsirliyindədir. Bir milyondan artıq insanımız doğma torpağından qaçqın və didərgin düşüb. Onlarsa Suriyada nəşələnib bizləri terrorla hədələyirlər. Dövlət rəsmilərinə müraciət edirlər ki, həbsxanalardakı cinayətkarların bir hissəsini azad etsinlər(diqqət yetirin, bir hissəsini- yəni məzhəbi nəzərə alınmaqla). Bu binamuslar guya qadınlarımızın qeyrətini çəkirlər. “Kişi-kişi” danışırlar ki, Amerikadan və başqa ölkələrdən gələn turistlər bizim bəzi qadınları cinsi istismara məruz qoyurlar. Yaltaq və nökərdirlər. İndi mən həqiqəti deyəcəyəm. Bəs bəzi ərəb ölkələrindən Bakıya və respublikanın digər istirahət mərkəzlərinə gələn turistlərin nə oyunlardan çıxdıqlarını görmürükmü? Allahu əkbər deyib araq içənlər, nəşələnənlər, küncdə-bucaqda qalmış beş manatlıq fahişələri özlərinə arvad edənlər elə bu danışan cahillərin başlarının üstündə dayananlar deyilmi? Hələ mən Bakının məşhur otellərinə özləri üçün “kişiləri” daşıyan homoseksualları demirəm. Nələr görmürük? Hansı haqla islamdan və şəriətdən danışırlar? Gör bizi nə yerə qoyublar ki, Azərbaycanda da özlərinin islam bayrağını ucaldacaqlarından dəm vururlar. Bu vətənsizlər və din alverçiləri ermənilərə qarşı heç bir sərt ifadə belə işlətmirlər. Çünki Suriyadakı və torpaqlarımızı işğal edən cəllad ermənilərlə ortaqdırlar. Məgər biz bilmirik ki, Suriyadakı ermənilərin bəziləri işğal olunmuş torpaqlarımıza köçürülüb? Bunu yutubda xoruz kimi banlayan nadürüstlər də yaxşı bilirlər. Qanları təmiz deyil, beyinləri dumanlıdır, içlərini bəzi ərəb şeyxləri Azərbaycana qarşı nifrətlə köpdürüblər. Odur ki, ağızlarına nə gəldi danışırlar. Şəxsən mən bir jurnalist olaraq bu üzdəniraqların müraciətini dövlətimə və özümə təhqir kimi qəbul edirəm. Nə fərqi var, belə biqeyrətlər ölkə rəsmilərindən danışsınlar, ya məndən ya da qeyrilərindən. Əslində hədəfdə hamımızıq. Ona görə də bu cahillər və nəsilsizlər yerlərində oturdulmalıdır, cavablarını almalıdırlar. Qoy onların dirijorları bilsinlər ki, on minlərlə şəhid verən bir xalq içimizdən çıxan tülkü və çaqqal xislətli alçaqların qabağından qaçmayacaq. Necə ki, qaçmır da. Elə hədəfə götürdükləri güc strukturlarının rəhbərləri son vaxtlar öhdələrindən layiqincə gəlirlər.
Ölkəmizdə iqtidar da, müxalifət də, QHT-lər də və digər vətəndaş fəalları da belə məsələlərdə bir olmalıdırlar. Bu Vətən hamımızındır. Çox təəssüf ki, bu cür nankorların sözlərindən cuşa gələnlər də var. Qoy belələri yaddan çıxarmasınlar ki, səsimizi ucaltmasaq və həmrəy olmasaq terror bəlası hər bir qapını döyəcək. Biz daxildə nəyi necə həll etməyi özümüz bilərik. Bunun Suriyadakı və bəzi ərəb ölkələrindəki ərəb şeyxorlarına və onların qucağında oturan bəzi azərbaycanlılara aidiyyatı yoxdur.
Ənənəvi olaraq yazıya imza qoymayacağam. Bu mənəm-“Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev. Həmin kəsəm ki, bu yaxınlarda açıq-aşkar ölkənin güc strukturlarının rəhbərlərindən xahiş etmişəm ki, terrorçuları öldürün, onlara rəhm etməyin. Yutubdan dünyada yaşayan azərbaycanlılara xitabən xoruz kimi banlayan iki şəxsə deyirəm: Sizin bir adınız var-şərəfsizlər və qeyrətsizlər!!! Onların şəkillərini də tanıtmaq üçün qoymuram. İşdir də, yazını oxuyub qurtarandan sonra “bir yerə” getsəniz özünüzlə aparın.
Qeyd: Bu dəfə yazdığm bəzi ifadələrə görə heç kəsdən üzr istəmirəm. Çünki onları öz adları ilə çağırdım.
Müqəddəs Mehdiyev
teref.az