Mərkəzi Bankla bağlı yeni qərar: səlahiyyətləri əlindən alınır, yoxsa...

26-07-2017, 10:09           
Əkrəm Həsənov: “Mərkəzi Bank məqsədli kredit vermək imkanına malik olmalı deyil və beynəlxalq təcrübədə bu məqbul hesab edilmir”
Mərkəzi Bankla bağlı yeni qərar: səlahiyyətləri əlindən alınır, yoxsa...

Mərkəzi Bankın bir səlahiyyəti də ləğv edilib. Belə ki, artıq bu qurum banklara məqsədli kredit verə bilməz. Bununla bağlı “Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.


Qərar “Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə" 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi haqqında prezidentin sərəncamının icrası məqsədilə həyata keçirilib.


Qeyd edək ki, Milli Məclis bu il aprelin 25-də “Azərbaycan Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiq edib. Dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib. Dəyişiklikdən əvvəl qanunun 49.1.1 maddəsində deyilirdi ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər.


49.1.2 maddədə isə qeyd olunurdu ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.


Bəzi şərhçilər bunu Mərkəzi Bankın səlahiyyətlərinin əlindən alınması kimi dəyərləndiriblər. Qeyd ediblər ki, artıq AMB-nin əksər səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına verildiyindən, bu qurum yalnız hərracların keçirilməsi ilə məşğuldur.


İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bu dəyişikliyi müsbət qiymətləndirib: “Mərkəzi Bankla Palatanın səlahiyyətləri ötən ilin mart ayında bölüşdürülüb. Ondan sonra hər hansı dəyişiklik olmayıb. Mərkəzi Bank pul siyasətini həyata keçirir. Yəni manatın sabitliyinə görə məsuldur, onu inflyasiya və devalvasiyadan qorumalıdır. Bu məqsədlə də pul siyasəti alətlərindən istifadə edir. Məsələn, depozit hərracları keçirir: yəni banklardan əmanət qəbul edir. Yaxud da banklara kreditlər verir. Yəni Mərkəzi Bankın kredit vermək səlahiyyəti olduğu kimi qalıb, ondan məhrum olmayıb. Sadəcə, məqsədli kreditlər verməyəcək bundan sonra. Məqsədli kreditlər o deməkdir ki, Mərkəzi Bank hansısa banka kredit verirdi, amma onu konkret şəxsin kreditləşdirilməsi məqsədilə. Məsələn, tutaq ki, Beynəlxalq Banka 100 mln. manat kredit verirdi ki, Beynəlxalq Bank da öz növbəsində həmin məbləği AZAL-a versin. Yəni faktiki AMB AZAL-a kredit vermiş olurdu”.


İqtisadçının fikrincə, ümumiyyətlə, Mərkəzi Bank belə imkana malik olmalı deyil heç və beynəlxalq təcrübədə belə kreditlər məqbul hesab edilmir: “Çünki faktiki Mərkəzi Bank kommersiya bankları ilə rəqabətə girmiş olur. Mərkəzi Bank banklara kredit verməlidir, amma bankların sonradan həmin məbləği kimə kredit verməsi bankların öz işidir.
Məqsədli kreditlərin verilməsi imkanı bizdə 2009-cu ildən mövcud idi və hələ o zaman mən “Azərbaycanın bank hüququ” kitabımda bu yeniliyi tənqid etmişdim. Nəhayət, bu yaxınlarda bu imkan ləğv olundu".


Ə.Həsənovun sözlərinə görə, bunu AMB-nin səlahiyyətlərinin məhdudlaşdırılması kimi dəyərləndirmək düzgün deyil: “Sadəcə, qabaqcıl təcrübəyə uyğun olaraq 2009-cu ilədək olan vəziyyətə qayıtdıq. Mərkəzi Bank da banklara məqsədsiz kreditlər vermək səlahiyyətini saxlayıb. Sadəcə, təbii ki, bank nəzarəti səlahiyyəti artıq onda olmadığı üçün Palatanın da rəyini nəzərə alaraq kredit verir. Bu da normal haldır. Çünki banklara nəzarət səlahiyyəti ötən ilin mart ayından etibarən Palataya məxsusdur”.


AMB-nin səlahiyyətlərinin MBNP-ə verilməsinə gəlincə, Ə.Həsənov bu iki qurumun eyni statusda olduğunu diqqətə çatdırdı: “AMB də, Palata da ötən ildən publik hüquqi şəxslərdir. Eyni statusa malikdirlər. Səlahiyyətləri fərqlidir. AMB pul siyasətinə görə, Palata bank nəzarətinə görə məsuldur. Hərənin öz işi var. Sadəcə, onlar əməkdaşlıq etməlidir. Bu əməkdaşlıq isə əsasən subyektiv səbəblərdən hazırda zəifdir. Digər tərəfdən isə hər bir halda ölkənin maliyyə siyasəti vahid olmalıdır və bu siyasəti Maliyyə Nazirliyi həyata keçirməlidir. AMB və Palata da həmin siyasət çərçivəsində hərəkət etməlidir. Lakin hazırda vahid maliyyə siyasətinin kim tərəfindən aparılması məsələsi açıq qalıb. Bu boşluğu aradan qaldırmaq lazımdır və qurumlar arasında əməkdaşlıq və konstruktiv işgüzar mühit yaranmalıdır. Təəssüf ki, hazırda bu mümkün deyil. Səbəblərdən biri də odur ki, Palatanın öz daxilində hərc-mərclik yaranıb. Ziddiyyət Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə İdarə Heyətinin sədri İbrahim Alışov arasındadır. Kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq buna da tezliklə son qoyulmalıdır. Dövlət idarəçiliyində belə hallar yolverilməzdir. Əks halda, maliyyə sistemi özbaşına qala və xoşagəlməz hallar baş verə bilər. Ən pis idarəçilik belə idarəçiliyin olmamasından daha yaxşıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.