Görüntülü telefon, sürətli internet: ucuz və... – Bakıda

28-08-2017, 19:52           

Azərbaycanda peyk antenalarının, mis kabellərin yığışdırılacağı və rəqəmsal yayıma keçiləcəyi ilə bağlı xəbərlər hələ də gündəmdədir. Bu prosesi daha da sürətləndirmək üçün “Aztelekom”un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiqlənmiş “Evədək internet” layihəsi bu gün üçün aktualdır. Artıq Bakının bir çox rayonlarında bu layihənin tətbiqi genişləndirilir.

Məsələ ilə bağlı Axar.az-a Xətai Telefon Qovşağından layihənin GPON (Gigabit Passive Optical Network) avadanlığı vasitəsilə reallaşdırıldığı bildirilib.

“Bu layihə Bakı şəhərində artıq keçən ildən tətbiq olunur və qovşaqların xidmət ərazilərini əhatə edir. Hazırda layihə tək Xətai Telefon Qovşağında deyil, Nizami, Yasamal Telefon Qovşağında da geniş tətbiq olunur. GPON layihəsinin məqsədi hər evə optik kabellərin çəkilməsidir. Bundan istifadə edən abonentlər infrastruktur üzərindən telefon rabitəsi, internet və yüksək keyfiyyətli rəqəmsal televiziya xidmətlərindən yararlana biləcək. Eyni zamanda, GPON məlumat ötürmə sürətini də 100 dəfəyədək artırma gücünə malikdir. Nəticədə optik lifli kabeli birbaşa abonentin evinə çəkmək və ona mis məftilin imkanlarından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkündür”.

Qurumdan qeyd ediblər ki, bu xidmət üçün abonentlər ayda 25 manat ödəniş etməlidir:

“Bununla abonentə ayda 10 mg/bit internet verilir. GPON avadanlıqlarının abonent şəbəkəsinə tətbiqi ilə bir optik lif vasitəsilə telefon, yüksəksürətli internet, videotelefon və IP televiziya adlanan rəqəmsal televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılması təmin edilir. Həmin televiziyada 150 kanal fasiləsiz olaraq xidmət göstərir”.

Qeyd edək ki, layihənin icrasına 2012-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikasında başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.