Yaxın gələcəkdə dünya elminə böyük töhfə verəcək Azərbaycan alimləri- Növbəti "Lütfi Zadələr"

30-08-2017, 08:18           
Yaxın gələcəkdə dünya elminə böyük töhfə verəcək Azərbaycan alimləri- Növbəti "Lütfi Zadələr"
Xatırlayırsınızsa, iki həftə bundan əvvəl media və sosial şəbəkələrdə ABŞ-da yaşayan Azərbaycan əsilli nəhəng alim Lütfi Zadə haqqında dayanmadan yazılar yazılırdı. Hətta onun adını ilk dəfə eşidənlər də belə bu haqda nəsə yazmaqdan çəkinmirdilər. Alimin sağlığında vəsiyyətini açıqlaması və orada Azərbaycanda dəfn olunmaq istəyi cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Zadə həddindən artıq böyük alimdir. Amma Azərbaycanı xarici ölkələrdə təmsil edən başqa alimlərimiz də var. Doğrudur, onlar hələlik, Zadə miqyasında olmasa da elmə qatqıları ilə seçiliblər. Bir çoxlarının artıq dünya çapında faydalı sayılacaq elmi xidmətləri var. Buna baxmayaraq, onlar ən şah əsərlərini hələ gələcəkdə yaradacaqlar.

Moderator.az bu cür alimlərdən cəmi bir neçəsini təqdim edir:

Məsud Əfəndiyev - 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.

Artıq 19 ildir ki, Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir. Həmyerlimiz 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

Qərib Mürşüdov - bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniya Birləşmiş Krallığı Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alim.
Professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanı modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib.

Vəli Şahmurov - 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində çalışıb. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəridir.

Həmdulla Mehrabov-fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Bu səfər çox uğurlu keçmiş, o, buradakı Tokio, Osaka, Kioto, Naqoya, Çukubo, Xirosima, Nara və digər şəhər universitetlərində və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmağa nail olub. Bundan başqa, alim-master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər apararaq yaponiyalı həmkarlarının dərin hörmətini qazanıb. 1952-ci ildə Borçalı mahalında anadan olan professor hazırda fizika sahəsində dünyanın tanınan alimlərindən biri sayılır. 200-dən çox orijinal elmi məqalənin müəllifi olan alim öz fəaliyyəti sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə gizli səsvermə yolu ilə 2000-ci ildə dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimler Akademiyasına həqiqi üzv seçilib.

Rəfail Əlizadə-1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Riyaziyyat və mexanika fakültəsini bitirdikdən sonra 1986-cı ilədək universitetdə elmi araçdırmaçı kimi çalışıb. 1990-cı ildən Bakı Dövlət Universitetində çalışıb, bu ali təhsil ocağının professoru olub.
1994-cü ildən Türkiyəyə gedərək İzmir Dokuz Eylül Universitetinin riyaziyyat bölümünün, 2001-ci ildən İzmir Texnologiya İnstitununun eyni adlı bölümündə professor kimi çalışıb.

Bəxtiyar Siracov - Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kompüter təminatı şöbəsinin müdiridir. 1992-ci ildən Avstriyada yaşayır. 2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.

(ardı var)

Qeyd: yazının ikinci hissəsində Vərqa Kələntərov, Azər Kərimov, Pərviz Əmiraslanov, Kamran Mahmudov, Teymur Sadıxov- bir sözlə, müxtəlif yaşlarda olan həmyerlilərimiz haqqında geniş məlumat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.