Bakı-Tiflis-Qars: işğalçını sarsıdacaq son tarix açıqlandı

31-08-2017, 10:07           
Bakı-Tiflis-Qars: işğalçını sarsıdacaq son tarix açıqlandı
İki qardaş ölkənin gücünə güc qatacaq proje işə düşür; Ermənistanın izolyasiyasını gücləndirib, onun tranzit ölkə olmaq şansına növbəti zərbə vuracaq 10 ilin layihəsi yekunlaşır; düşmənin havadarlarını da rahatsız edən, əngəllərlə üzləşən dəmiryolu xəttinin açılışına sayılı həftələr qaldı...

“Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq”. “Trend”in məlumatına görə, bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib. Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir. Nazir bildirib ki, tikinti başa çatdıqdan sonra gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq. O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə iş aparılır.


Qeyd edək ki, indiyədək işə salınacağı gün iki dəfə elan olunsa da, dəmir yolunun açılışı deyilən tarixlərdə baş tutmayıb (ötən ilin dekabrı və bu ilin iyunu). Mətbuatda bununla bağlı belə versiyalar səslənib ki, dəmir yolunun işə düşməsini əngəlləyən başqa səbəblər var. Hətta bu yöndə bəzi məkrli çevrələrin Türkiyə rəhbərliyinə təzyiqlər edilməsi haqda mətbuatda məlumatlar yayılmışdı. Bundan əlavə, qonşu Gürcüstanla tariflər məsələsində anlaşılmazlıqlar üzündən layihənin ləngiməsi haqda fikirlər səslənmişdi.


Ancaq çətin ki, bu kimi maneələr üç qonşu ölkə üçün strateji önəm daşıyan, onların büdcələrini əhəmiyyətli ölçüdə zənginləşdirəcək və tranzit ölkə statusunu daha da möhkəmlədəcək belə bir vacib layihənin reallaşmasını tormozlaya bilsin. Belə görünür ki, tormozlamaq mümkün olmayacaq da. Hər necə olmasa, əngəlləri aşmaq üçün üç paytaxtın - Bakı, Tiflis və Ankaranın siyasi iradəsi yetərli görünür.


Arayış üçün yada salaq ki, BTQ dəmir yolu layihəsinin təməli 10 il öncə - 2017-ci ilin noyabrında Gürcüstanın Marabda kəndində qoyulub. O vaxt hər üç dövlətin prezidentlərinin iştirakı ilə Marabda stansiyasında açılış mərasimi keçirilmişdi.


***

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Əvvəla, bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmir yolu ilə bir gündə Qarsa və iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bakı-Tiflis-Qars dəmir yolu Bakı-Tiflis-Ceyhan xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Ölkəmizin ilk illərdə tranzitdən əldə edəcəyi minimal illik gəlirin 50 milyon dollar təşkil edəcəyi gözlənilir.


Onu da qeyd edək ki, dəmir yolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə (?!-A.X.) layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tiflis-Qars dəmir yolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tiflis dəmir yolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycanla Ermənistan arasında olan Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edildi və dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürdü.

Bakının bu qərarı sübhəsiz ki, doğru idi. Çünki Bakı-Tiflis-Qars layihəsi işğalçı Ermənistanın xarici aləmdən təcridini gücləndirəcək, onun tranzit ölkə kimi önəminə növbəti sarsıdıcı zərbə vuracaq. Təsadüfi deyil ki, erməni lobbisi lap əvvəldən bu mühüm nəqliyyat projesinin həyata keçməsinə qarşı bütün imkanları ilə mane olmağa çalışıb, hətta bu gün də səylərini davam etdirir. Həm də o səbəbə ki, layihə Azərbaycanla yanaşı Türkiyənin də böyük bir region üçün, o sırada Avropa Birliyi üçün önəmini artıracaq. Demək, Bakı və Ankaranın regional və qlobal məsələlərdə söz sahibliyi də güclənmiş olacaq.

***


Ancaq belə məlum olur ki, bu, Avropanın da bəzi siyasi çevrələrində nigaranlıq yaratmaqdadır. Söhbət həm də qardaş ölkənin TANAP və “Türk axını” qaz layihələri hesabına böyük regional qaz xabına çevrilməsi şansından gedir.
“Almaniyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan çıxışlarının arxasında Türkiyənin Avropada enerji nəhəngi olmasına gətirib çıxara biləcək layihələrdən keçirdiyi narahatlıq dayanır”. Dünən belə bir sensasion iddia ilə Türkiyə mediası Almaniya Xarici İşlər Nazirliyinin 2016-cı ilin noyabr tarixli sənədinə istinadən çıxış edib (axar.az).


Sənəd “Avropaya gələn enerji üzərində nəzarət və onun gətirəcəyi siyasi və iqtisadi güc” adlanır. Bildirilir ki, Türkiyənin regional güc olmaqdan daha irəli getməsi, 3-cü Hava limanının Almaniya iqtisadiyyatına mənfi təsiri, Çinin trilyon dollarlıq layihələrinin Türkiyəni Avropanın lider ölkələrindən birinə çevirəcəyi Berlində həyəcan siqnalını işə salıb.

XİN-in hazırladığı sənədə görə, Türkiyə, Ukrayna və Polşanı sıradan çıxararaq Rusiyadan Almaniyaya uzanan “Cənub axını 2" layihəsini həyata keçirəcəyi halda Berlin bütün Avropanın təbii qaz mərkəzinə çevriləcək. ”Almaniyanın nəhəng layihəsinin qarşısında ən böyük əngəl kimi başda “Türk axını” təbii qaz boru kəməri olmaqla, Azərbaycan, Türkmənistan, İran, İsrail, Qətər və İraq kimi ölkələrlə həyata keçirdiyi layihələrlə Türkiyə dayanır. Marşrut olaraq da ən ucuz yolların Anadoludan keçməsi Türkiyəni daha əlverişli vəziyyətə gətirir".


XİN sənədinə münasibət bildirən türk professor Gürkan Kumbaroğlu 2016-cı ildə sənədin hazırlanmasından sonra Almaniyanın təşvişə düşdüyünü, iqtisadiyyat və enerji nazirinin sənəddən dərhal sonra xarici işlər naziri təyin olduğunu bildirib. Kumbaroğlu Almaniyanın artıq “Ya Türkiyə, ya da biz” şüarı ilə çıxış etməyə başladığını qeyd edib.


Bir daha xatırladaq ki, Türkiyə “Türk axını”, “Trans-Anadolu” (TANAP), “Gürcüstan-Yunanıstan”, “Qərb”, “Mavi axın”, “Bakı-Tiflis-Ərzurum” (qaz) və s. enerji layihələrinin əsas iştirakçısıdır. Bura gələn ay işə düşəcək BTQ-ni də əlavə eləsək, qardaş ölkənin - Azərbaycanın 1 nömrəli müttəfiqinin artan roluna qarşı qıcığı anlamaq olar.


Analitik xidmət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.