İcra başçısını bitirəcək məhkəmə izahatları: "Raqub Məmmədov mənə "sən öl" vurdu ki..."

31-08-2017, 12:54           
İcra başçısını bitirəcək məhkəmə izahatları: "Raqub Məmmədov mənə "sən öl" vurdu ki..."
Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibinin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqdirləndirilən Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesi baş tutub. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Eldəniz Nurəddinov ifadə verib.

O, deyib ki, problemlərini həll etmək üçün T.İbrahimova hissə-hissə olmaqla 8700 manat verib: “2 min də sonradan istədi. Ümumilikdə 10 min 700 manat verdim. Görüşə də dövlət nömrə nişanlı maşınla gəlmişdi. Qardaşımın oğlu həbsdə idi. Söz vermişdi ki, onun həbsdən çıxmasına kömək edəcək”.

Təqdirləndirilə T.İbrahimov isə zərərçəkmişin yalan danışdığını və onu tanımadığını söyləyib. T.İbrahimov bildirib ki, Eldəniz Nurəddinovun qardaşını heç vaxt görməyib.

Zərərçəkmişlər deyib ki, T.İbrahimovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla yaxın münasibətləri olub. O, bu münasibətdən istifadə edərək vərəndaşları işə düzəldəcəyini vəd edib. Zərərçəkmişlərin hamısı Ağdam rayon sakinləridir.

Zərərçəkmiş İsmayıl Məmmədov məhkəmədə ifadə verərkən 5 min manat zərər gördüyünü deyib: “2014-cü ildə Raqub Məmmədov icra başçısı təyin ediləndən Teyloru onun yanında görmüşəm. Rayon yeridir, hamı bir-birini tanıyır. İcra nümayəndəsinin müavini təyin olunmaq üçün pul vermişəm. Sonra dedi ki, icra başçısının yanına get. Mən də getdim. İcra başçısı məni qəbul elədi. Dedi ki, narahat olma işi həll edəcəyik. Pulu da Teylorun özünə verdim. 6 min dollar kredit götürüb 5 min manatı ona verdim. Mən 5 dəfə icra başçısı ilə görüşmüşəm. O mənə bir dəfə də “sən öl” vurub ki, işi həll edəcəm. Məni yandıran odur ki, icra başçısı hansısa dələduza qoşulub camaatdan bu qədər pul alıb. 5 dəfə başçı ilə görüşmüşəm. Hələ mənə söz verdi ki, icra nümayəndəsinin müavini yox, hətta icra nümayəndəsi düzəldəcək”.

Hakim zərərçəkmişə sual verib: “Niyə işə düzəlmək üçün pul veribsiniz?

Zərərçəkmiş isə suala belə cavab verib: “Möhtərəm hakim, siz elə deyirsiniz ki, elə bil biz peykdən gəlmişik. Biz ağdamlılar pul verməsək, çoban kimi də işə götürməzlər”.

T.İbrahimov isə deyib ki, zərərçəkmiş pulu Allahverən Quliyevə verib. Həmin 5 min manatdan 500 manatı ona çatacaqmış: “Allahverən 500 manatı da mənə vermədi”.

Zərərçəkmiş Cəfər Həşimov da məhkəmədə ifadə verib. O, T.İbrahimovu tanımadığını deyib: “Mən Allahverən Quliyevə pul vermişəm. Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəkdi. Cəmi 15 500 manat vermişəm. Teylordan şikayətim yoxdur”.

Məhkəmənin növbəti iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayıb. T.İbrahimov Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib. Teylor Fətişoğlu dələduzluqda ittiham olunur. O, pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.