Azərbaycanın otellərinin ulduzlarına inanaqmı...

31-08-2017, 21:47           
Azərbaycanın otellərinin ulduzlarına inanaqmı...
Dünya otellərinə ulduzları bir cür seçirlər, bizdə isə başqa cür

Bu günlərdə bayramla əlaqədar olaraq insanımız yenidən tətilə gedəcək. Daha çox istirahət, daha çox pul xərcləmək deməkdir. Bir çoxları istirahət üçün sərhəddən kənarda, imkanı çatmayanlar üçünsə ölkə daxilində məqbul variant sayılır. Bu günlərdə, eləcə də geridə qoyduğumuz yay mövsümündə insanların daha çox diqqətini cəlb edən məsələ isə heç şübhəsiz ki, yerli otellərimizdəki ulduzların sayıdır.

Baxırsan ki, rayonların mərkəzində 4-5 ulduz adı ilə otellər açılıb, amma səhər yeməyində soyutma yumurta ilə pendirdən qeyri heç nə yoxdur. Və ya hamamında təmizlik vasitələri lazımi səviyyədə deyil. Xaricdə olub, müqayisə imkanı qazandığımız üçün bizdəki ulduzların “kitayski” olması barədə ilkin təəssürat yaranır. Amma məsələ təəssüratla bitmir. Ortada ciddi faktlar var.
ULDUZUNU GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

Gəlin, öncə dünya standartlarına uyğun olaraq ulduz və xidmət arasındakı əlaqəni nəzərə çatdıraq. Neçə ulduz hansı xidməti özündə ehtiva edir?

1* — standart ikiyerlik nömrə təxminən 8-10 kv.m olmalıdır. Nömrədə şkaf və ya asılqan, stullar, əl-üzyuyan, güzgü, hər müsafir üçün iki dəsmal olmalıdır. Gündəlik yığışdırılma, hər 7-8 gündən bir yataq ağları, hər 3-4 gündən bir dəsmallar dəyişdirilməlidir. Bir mərtəbədə ikidən az olmayaraq vanna və beşdən artıq olmayan otaqlar üçün bir tualet olmalıdır.

2* — 1* mehmanxanalarda olan hər şey, lakin yataq ağlarının dəyişdirilməsi hər 6 gündən bir olur. Tualet və hamam otağı, adətən, nömrədə olur. Mehmanxanada, həmçinin, restoran və ya kafe olmalıdır, həmçinin, qidalanma təklif olunmalıdır.

3* — 3* kateqoriyasından başlayıb yuxarı artaraq hər nömrədə mütləq tualet və hamam otağı, tualet masası, yük üçün yer, radio və s. olmalıdır. Üç ulduzlu otellərin nömrələrində, ən ucuzları istisna olmaqla, televizor və kondisioner olur. Döşəmələri, bir qayda olaraq, plitələrlə döşənir. Yataq ağları həftədə 2 dəfə dəyişdirilir. Dəsmallar hər gün dəyişdirilir. Parfümeriya ləvazimatlarından sizə yalnız sabun təklif olunur. Bəzi otellərdə

4* — 3* mehmanxanalarda olan hər şey, üstə gəl: bir qayda olaraq, mini-bar, fərdi kondisioner, telefon, seyf, fen, şampun, hər nömrədə vanna üçün gel (adətən, gəldiyiniz gün verilir). Gündəlik olaraq, yataq ağlarının və dəsmalların dəyişdirilməsi. Paltarların yuyulması, ütülənməsi və təmizlənməsi kimi xidmətlər göstərilir (bu zaman sifarişin minimal müddəti – bir gündür). Reception-da prays vərəqini öyrənmək olar. Nömrəyə səhər yeməyinin menyusu verilir. Mehmanxananın ərazisində yerləşir: gözəllik salonu, idman-sağlamlıq mərkəzi, avtomobillərin kirayəsi, TV salon, musiqi salonu, oyun və konfrans zalları, restoran, sauna, üzgüçülük hovuzu və s. Otaqların sahəsi bir qayda olaraq, 13 kv.metrdən az deyil.

5* — 4* mehmanxanalarda olan hər şey, lakin daha keyfiyyətli səviyyədə. Həmçinin, bəzən nömrədə ikinci sanitar qovşaq və vanna otağında telefon aparatı. Nömrələr 16 kv.metrdən az deyil.

4-5* otellərdə süitlərin (apartamentlərin), bir neçə liftin, camaşırxana, kimyəvi təmizləmə, səhər yeməyinin və gecikmiş şam yeməyinin nömrəyə verilməsi, valyuta mübadiləsi, taksi çağırılması, qəzetlərin, suvenirlərin satışı və sair kimi istənilən əlavə xidmətlərin olması nəzərdə tutulur.

DÜNYA STANDARTLARI VƏ NORMALARI – BİZ YAXIN DA DÜŞƏ BİLMƏRİK

Bir sıra ölkələrdə otellərin alternativ klassifikasiyası mövcuddur.

Məsələn, Türkiyədə siz klub otellərində (HollidayVillage) dincələ bilərsiniz, onlar aşağıdakı kimi bölünür:

5*HV — koteclərdə (bunqalolarda) yerləşdirməklə birinci kateqoriyadan olan klub sistemli otel. 5 ulduzlu otelə uyğun gəlir. Yaxşı mənzərələri, geniş yaşıllıq ərazisi ilə seçilir, lakin nömrələr böyük deyillər.

4*HV — daha aşağı kateqoriyadan olan klub oteli.

Yunanıstanda ayrı-ayrı regionlarda otellərin latın hərfləri ilə işarələnməsi saxlanıb:

“De Luxe” 5* otellərə uyğundur.

А — 4- 4+* otellərə.

В — 3- 3+* otellərə.

С — 2* otellərə.

D — 1* otellərə.

Hazırda Yunanıstan otellərin standart klassifikasiyasına keçməyə başlayıb.

Dənizdən (çimərlikdən) uzaqlığı:

Otellər, həmçinin, aşağıdakı kateqoriyalara görə fərqlənirlər:

1-ci sahil xətti — bu, birbaşa dəniz sahilində yerləşən otellərdir;

2-ci sahil xətti — bu, ərazisi ilə çimərlik arasında yol və ya gəzinti yeri olan otellərdir.

Şəhər oteli — bu, dəniz sahilindən (çimərlikdən) aralıda, kurort şəhərində yerləşmiş oteldir. Adətən turistlər çimərliyə piyada və ya avtobusla gedirlər.

AZƏRBAYCANDA OTEL ULDUZ ALANDAN SONRA... FACİƏ BAŞLANIR

Ümumiyyətlə, beşulduzlu otellərdə bütün bu sadalanan xidmətlərlə yanaşı, otel nömrəsinin axşama hazırlanması, sauna, danışıq aparmaq üçün telefakslar, hər bir qonaq üçün vanna xalatı və ayaqqabısı, vanna otağında yerin istiləndirilməsi və s. daxildir. Beşulduzlu oteldə yalnız Azərbaycan mətbəxinin menyusu ilə kifayətlənmək olmaz.

Burada tanınmış ölkələrin mətbəxləri, məsələn, italyan, fransız, çin, yapon, türk, ərəb mətbəxi də təqdim olunmalıdır. Əgər otel iki ulduzludursa, əksinə, orada yapon mətbəxinin olması tələb kimi qoyulmur. Otelə ulduz verilən zaman Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları sadalanan standartların olub-olmamasını yoxlayır və bunun əsasında qərar verir. Azərbaycanda əsas problem həmin standartlar veriləndən sonra başlayır. Otellər yüksək ulduz almağa can atır. Məsələn, otel beşulduz alır və nazirliyin əməkdaşları getdikdən sonra beşulduzlu otellər üçün qoyulan ağır şərtlərdən imtina etməyə başlayırlar. Otel otağına verilən tələblərdən biri onun 24 saat isti saxlanılmasıdır. Yəni kombi sistemi daim işləməlidir. Lakin otelin hər otağında daim müştəri olmur. Buna görə də otel öz xərclərini azaltmaq üçün kombi sistemini söndürür və müştəri gələnə yaxın həmin sistemi işə salır. Bu zaman otaqda rütubət qoxusu əmələ gəlir və bu da müştərini narahat edir. Bu məsələ çox zaman menyuda da özünü göstərir. Məsələn, müştəri restorana gedir və məlum odur ki, menyuda adı yazılsa da həmin içki yoxdur. Bu, beşulduzlu otellər üçün arzuolunmaz haldır. Otellər adətən müştəri gələndən sonra menyunu müəyyənləşdirirlər. Menyuda yazılanlar isə formal olaraq qalır. Bu baxımdan bəzi xidmətlər bizdə yetərincə deyil. Otel tikintisi zamanı uyğun ərazinin seçilməsi, tikinti aparılacaq ərazinin memarlığa uyğunluğunu təmin etmək, müvafiq infrastrukturun yaradılması da əsasdır.

BİZDƏ İKİ ULDUZLU OTEL YOXDUR, ÇÜNKİ...

Azərbaycanın bütün ərazilərindən turizm məqsədləri üçün istifadə etmək olar. Lakin otel və yerləşdirmə yeri tikmək hər ərazidə olmur. Çünki burada bir sıra tələblər var. Birincisi, kommunal çıxışlar və infrastruktur olmalıdır. Azərbaycanda ən çox 4-5 ulduzlu hotel açırlar.

Qeyd edək ki, dünya miqyasında 2,3,4,5 və 7 ulduzlu hotellər fəaliyyət göstərir. Və ulduzların sayına görə göstərilən servis dəyişir.

Azərbaycanda isə mehmanxana sahibləri daha çox 4 və 5 ulduzlu hotellər açmağa meyllidirlər. Müxtəlif ulduzlu mehmanxanalara qoyulan tələblərin hamısını da olmasa, müəyyən hissəsinin siyahısını təqdim edək.

Otaqların sayına (50 otaqdan az olmayaraq) uyğun yerlərin sayı, az olmamaqla: 10 % (bir ulduzlu (1*) iki ulduzlu (2*)), 20% (üç ulduzlu (3*)), 30% (4 və 5 ulduzlu (4*, 5*))

Enerji ilə işləyən bütün avadanlıqların işini təmin edən stasionar generator: 4* və 5*

Su təminatı: qəza, profilaktik işlər zamanı ehtiyat sistemindən isti su: 3*, 4*, 5*,
Suyun əlavə təmizlənməsi üçün avadanlıq: 4*, 5*,

İl boyu bütün otaqlarda havanın soyudulması: 4*, 5*,

Lift daxil olmaqla bütün otaqlarda daxili radio verilişlərinin translyasiyası: 4*, 5*

Binada lift:

bir mərtəbədən çox: 4*, 5*,

iki mərtəbədən çox: 3*

üç mərtəbədən çox: hamısına aiddir

Otaqdan birbaşa telefon əlaqəsi:

xidmətçilərin çağırışı üçün düymə: 1*

Otaqların 100%-də daxili: 2*

Otaqların 100%-də şəhər şəbəkəsilə birbaşa: 3*

Otaqların 100%-də şəhərdaxili, şəhərlərarası, beynəlxalq şəbəkələrilə birbaşa: 4*, 5*,

şəhərdaxili: otaqlarda telefon olmadıqda hər mərtəbəyə ən azı 1 telefon: 1*, 2*

Telefon aparatları: 2*-3*-4*-5*

Nömrələrin hər bir otağında- 3*-4*-5*

vanna otağında və ya xidmətçilərin çağırış düyməsi - 5*

3. Yataq otaqlarının sayı- Bir-iki nəfərlik otaqlarda yerlər:

60- 80%-dən az olmayaraq- 1*, 2*

100%-dən az olmayaraq - 3*, 4*, 5*

Çoxotaqlı nömrələr (apartamentlər) və ya birləşdirilə bilən nömrələr: 2*-3*

Bu arada Azərbaycanda otellərin 35%-nin dövlət qeydiyyatı olmadığı da faktdır. Onların çoxu isə regionlarda yerləşir. Mədəniyyət və Turizm Nazirliyi lisenziyasız otel və mehmanxana obyektlərinin fəaliyyətini dayandırmağa hazırlaşır. Onların bir çoxu lisenziya üçün müraciət etsə də, standarta uyğun olmaması, layihələndirmə və tikinti zamanı buraxılan səhvlərə görə rədd cavabı alıblar. Amma sahibkarlar lisenziya və ulduz verilməsi sisteminin qeyri-şəffaf olduğunu bildirir. Ölkədə 477 otel və mehmanxana obyekti var. Onların 307-si lisenziyaya malikdir.

Lisenziya 5 illiyə verilir və bunun üçün 1500 manat dövlət rüsumu ödənilir. Otel sahibi turizm fəaliyyəti ilə də məşğul olmaq istəyirsə, əlavə lisenziya almalıdır. Bu lisenziya da 5 illiyə verilir və bunun üçün 5500 dövlət rüsumu ödənilir.

Otel və mehmanxana obyektlərinə ulduz verilməsinə gəlincə, nazirlikdə dedilər ki, o, bir sıra dövlət orqanlarının təmsilçilərindən ibarət ekspert qrupunun rəyindən sonra verilir. Rəsmi məlumata görə, hazırda ölkədə 15 beş ulduzlu, 37 dörd ulduzlu, 21 üç ulduzlu, 3 iki ulduzlu və 1 bir ulduzlu otel var. Bu kateqoriyalar dövlət rüsumu ödənilmədən 3 illiyə verilir.

Ulduzların verilməsinə ehtiyac var, çünki ulduzların tətbiqi otelin keyfiyyətinin göstəricisidir. Hər bir ulduzun özünün dünya praktikasında nəzərdə tutulmuş standartları var. Həmin standartlarda otellərdə vanna otaqlarının sayı belə nəzərə alınmaqla ulduzların sayı müəyyən edilir. Hər bir otel ulduzların sayı çərçivəsində öz işini qurmağa çalışır. Azərbaycanda bir qisim 4 ulduzlu otellərin xidmətləri çox təəssüf ki, dünyada ənənəvi qəbul edilən 4 ulduz otellərin standartlarına cavab vermir və onların xidmətləri səviyyəsində deyil. Əslindəsə xaricdən gələn turist Azərbaycanda 4 ulduzlu otelin xidmət keyfiyyəti haqqında qabaqcaqdan məlumatlı olmalıdır. Xaricdən gələn turist 4 ulduzlu və ya 3 ulduzlu otelə gedəndə ona uyğun hansı xidməti alacağını qabaqcadan bilməlidir. Bir çox hallarda gedəndə bəlli olur ki, 4 ulduzlu otel heç də dünya ölkələrində 3 ulduzlu otelinin təklif etdiyi xidmətləri belə təklif etmir.

Sevinc TELMANQIZI
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.