Şair-iş adamı Gülağa Tənha 7 saytı məhkəməyə verdi - SİYAHI
5-09-2017, 20:03
Azərbaycanlı milyonçu, şair Gülağa Qəmbərov (Tənha) ölkənin bir neçə media qurumuna qarşı məhkəmə iddiası qaldırıb.
teref.az-nun "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, şair Tənha onun adı keçən məqalələrə görə sayt baş redaktorlarının cəzalandırılmasını istəyib. G.Qəmbərov iddia ərizəsində Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu, Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli, Azpolitika.az saytının baş redaktoru Elnur Məhərrəmli, Veteninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı, Cebhe.info saytının baş redaktoru Elnarə Kərimova, Mediaxeberleri.az saytının baş redaktoru Ələddin Kəsəmənli və Milletinsesi.info MMC-ni cavabdeh şəxs qismində prosesə cəlb edib.
Milyonçu şair adıçəkilən şəxslərdən yarım milyon manat təzminat tələb edib. Bununla yanaşı adıkeçən yazıların saytdan silinməsi, təkzib verilməsi və üzr istənilməsini cavabdehlərin üzərinə qoyub.
G.Tənhanın iddia ərizəsi avqustun 7-də Yasamal rayon məhkəməsi tərəfindən geri qaytarılıb və icraata götürülməyib. Milyonçu şair qərardandan şikayət edib və növbəti dəfə onun ərizəsi icraata qəbul edilib. Prosesə hakim Ayaz Məmmədov sədrlik edir, məhkəmə sentyabrın 18-də davam etdiriləcək.
Gülağa Qəmbərovun "Qafqazinfo”ya qarşı iddiasına səbəb olan yazı isə onun şikayəti ilə həbs edilən "Real” MTK-nın sahibi və təsisçisi İlham Qasımovun cəzasının Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azaldılması barədədir. G.Qəmbərov İ.Qasımovun ona 19,5 milyon manat "atdığını” iddia edib və Bakı Ağır Cinayətlər Məhkəməsi İ.Qasımova 15 il cəza verib. Yuxarı instansiya məhkəməsi ilə bu cəzanı 3 il azaldıb. Xeyriyyəçi milyoner bu xəbəri özünə təhqir hesab edib.