Bakıda qadın sığınacağının rəhbəri və işçiləri təhdid edilir: MÜRACİƏT
6-09-2017, 15:27
6 ay müddətində qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşına olmazın işgəncələrini verən Ceyhun Məhərrəmovdan yeni xəbər var.
Cebhe.info-nun məlumatına əsasən, hazırda zərərçəkən qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağındadır.
Birliyin rəhbəri Mehriban Zeynalova C.Mehrəliyevin “İnstagram” sosial şəbəkəsində paylaşdığı statusunu özünün “Facebook” profilində yayımlayaraq, həyəcan təbili çalıb: “Paylaşdığım bu mesajın müəllifi Ceyhun Mehrəliyevdir. 6 ay birgə yaşadığı xanımını bıcaqladığı üçün haqqında cinayət işi qaldırılıb və həmin xanım bizim sığınacağa yerləşdirilib. Həmin müddətdə, haqqımızda böhtan, şantaj, digər hərkətlər, o cümlədən sığınacaq əməkdaşları və rəhbərliyinə psixoloji təzyiqləri davam etdirib. Bu təzyiqlərin məqsədi sığınacaqda məskunlaşmış xanımın ordan çıxarılması və onun öz cinayət əməlini başa catdırması istəyi idi. Paylaşdığı mesajda sanki Ceyhun Mehrəliyev cinayətkar qrupun rəhbəri kimi qrup üzvlərinə çağırış edir (yeri gəlmişkən, adlarını sadaladığı adamlar həbsdə olublar). Adlarını sadaladığı adamlara tapşırıq verir ki, əgər həbs olunarsa, onlar hərəkətə keçsin”.
QHT sədri bəyan edib ki, sığınacaq, onun əməkdaşları və rəhbərliyi ilə bağlı hər hansı böhtan xarakterli hərəkətlər və ya fiziki təzyiqlər baş verərsə, cavabdeh məhz həmin şəxsdir.
M.Zeynalova C. Mehrəliyevin paylaşımını da “screen shot” formasında yayımlayıb. Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işi açılıb, məhkəmə gedir.
Xatırladaq ki, işgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə qurtulduğunu demişdi: “Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarından mənə verdi, mənim polisə gəlməyimə kömək etdi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Sığınacaqdan bayıra çıxa bilmirəm, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Məhkəmənin hökmündən sonra nə olacağını bilmirəm .Sosial şəbəkədə şəkillərimi paylaşıb, “fahişəni tanıyın” yazıb. Sonra da barışmaq üşün adamlar göndərir. O, heç kimdən qorxmur, indi də gecə-gündüz Mehriban Zeynalovanı, sığınacaqda çalışanları təhdid edir” .