Bakı kəndində yas mərasimləri ilə bağlı təqdiredici qərar

7-09-2017, 09:30           
Bakı kəndində yas mərasimləri ilə bağlı təqdiredici qərar
Şağandakı hüzn məclislərində daha yemək verilməyəcək

Bakının Şağan kəndinin yas mərasimlərində bundan sonra yemək verilməyəcək. Qaynarinfo.az saytının yazdığınına görə, sentyabrın 1-dən etibarən adıçəkilən kənddə yas mərasimlərində süfrələrdə israfçılığa yol verilməməsi barədə ortaq fikrə gəlinib.

Qəsəbə nümayəndəliyinin rəsmisi Təvəkkül Səlimovun sözlərinə görə, sakinlər yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə atılan addımı müsbət qarşılayıb: “Bələdiyyə və Qəsəbə nümayəndəliyi ortaq fikrə gəlib ki, 2-3 il əvvəl yas mərasimləri ilə bağlı başladılan maarifləndirmə işləri davam etdirilsin. Qəsəbənin axundu ilə birlikdə sakinlərlə danışıqlar aparıldı və müsbət qarşılandı”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə BAKU.WS-ə bildirilib ki, QMİ yas mərasimlərində israfçılığa yol verilməməsinin tərəfdarıdır: “Biz həmişə tövsiyə etmişik ki, yas mərasimlərində süfrələr sadə olsun və israfçılıq edilməsin. Lakin QMİ bununla bağlı heç bir qadağa qoymayıb, sadəcə, vətəndaşlara tövsiyə edib”.

Qeyd edək ki, Azərbaycanda yas mərasimlərinin təmtəraqlı keçməsi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalmaqdadır. Hətta bir müddət bundan əvvəl yas mərasimlərində israf qida məhsullarına qadağan qoyulsa da, heç bir nəticəsi olmadı. Bu gün yenə yas mərasimlərində təmtərağın şahidi oluruq. İndi bir çox insanlar yas mərasimlərini əvvəlki kimi çadırlarda deyil, restoranlarda təşkil edirlər. Məclislər isə toy mərasimlərindən, faktiki, fərqlənmir, şirniyyatdan, meyvədən tutmuş, müxtəlif cür yeməklər düzülür. Dini qaydalara görə isə ehsan ancaq kasıblara verilməli və israfçılıq həddini aşmamalıdır.

Dini ekspertlər dəfələrlə qeyd edirlər ki, əslində ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Yəni ehsan yemək süfrəsi kimi nəzərdə tutulmamalıdır. Ehsan süfrəsi əvəzinə mərhumun yaxınları süfrəyə xərclənəcək vəsaiti imkansız, kasıb insanların ailəsinə, valideyn himayəsindən məhrum uşaqlara verərlərsə, imkansız tələbələrin təhsil haqqında kömək edərlərsə, xəstə və imkansız şəxslərin müalicəsinə yardım edərləsə və yaxud yol çəkilməsi, bulaq tikilməsi kimi xeyriyyə işlərinə sərf edərlərsə, mərhum üçün daha çox savab olar, nəinki israfçılıq edərək yemək ehsanı vermək.

Xatırladaq ki, bugünlərdə Sumqayıt sakini Qalib Namazov bu cür addım atmışdı. Belə ki, o, dünyasını dəyişən atası üçün 40 mərasimi keçirməkdən imtina edərək əvəzində Kambocada ata-anasının adına artezian quyusu çəkdirmişdi. Sumqayıt sakininin bu addımı ictimaiyyət tərəfindən təqdir edilmişdi.

O da məlumdur ki, Azərbaycandan başqa digər müsəlman ölkələrinin böyük əksəriyyətində yas mərasimləri heç də təmtəraqlı keçirilmir. Yalnız 3 gün müddətində başsağlığı üçün təşrif buyuran qonaqlara adi su, xurma verilir və yaxud mərhumun qonşuları tərəfindən yemək bişirilir. Mərhumun yaxınları üçün vəsait toplanır, onun əşyaları, geyimləri kasıb, imkansız insanlara paylanılır. Bununla da ölən şəxs üçün savab qazanılır.

Məsələn, qardaş Türkiyədə dünyasını dəyişən şəxs üçün öncə cənazə namazı qılınır, mərhum dəfn olunur, dəfndən sonra 3 gün ərzində mərhumun yaxınlarına başsağlığı vermək üçün ailələrinə baş çəkilir. Türkiyədə yas mərasimi üçün xüsusi olaraq ehsan süfrəsi açılması ənənəsi yoxdur.

İranda isə yas mərasimləri məsciddə keçirilir. Məclislər yemək-içməksiz təşkil olunur.

Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra mərhuma yaxın şəxslər onun ailəsinə yağ, düyü və s. ərzaqlar göndərir, hətta yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər. Mərhumun yaxınları əziyyət çəkməsin deyə hazır yemək göndərənlər də olur. Suriyada yas mərasiminə gələn qonaqlara yalnız və yalnız qəhvə təklif olunur. Livanda və İraqda isə məclisə gələn qonaqlara çay, su və halva paylanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.