Daxili İşlər Nazirliyi şikayətə reaksiya verdi - AÇIQLAMA
7-09-2017, 17:43
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə:
Şəmkir rayonunun Qaracəmirli kənd sakini Eldar Həsənovun "Vətəninfo.az” və “Tərəf.info” saytlarında yerləşdirlmiş müraciəti ilə əlaqədar bildirmək istərdik ki, həqiqətən cari il iyulun 6-da onun oğlu Elnur Həsənovun həmkəndlisi İsa Xəlilzadə tərəfindən döyülərək xəsarət alması barədə şikayət ərizəsi əsasında Şəmkir RPŞ-nin Kür Polis Bölməsində araşdırma aparılıb.
Araşdırma zamanı aralarında məişət zəminində yaranmış mübahisə zamanı İsa Xəlilzadənin ağacla vuraraq Elnur Həsənovun sifət nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.
Toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq davam etdirilib. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə Elnur Həsənovun sağlamlığına ağır zərər vurma xəsarəti yetirildiyi təsdiq olunduğundan istintaq orqanı tərəfindən cinayət əməli CM-in 126.1-ci maddəsinə tövsif edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində İsa Xəlilzadə tutularaq təqsirləndirilən şəxs qismində cəlb edilib və rayon məhkəməsi tərəfindən barəsində «həbs» qətimkan tədbiri seçilib.
İstintaq zamanı Elnur Həsənovun iki həmkəndlisinin də ifadələri alınıb. Hər iki şəxs onların toy məclislərində iştirak edərkən cəmiyyətdə mövcud davaranış, etik qaydalara riayət etmədiyinə görə birincinin toydan qovulduğunu göstərib.
İfadəsində Eldar Həsənov oğlu Elnurun hadisə yerinə həmkəndlisi Turan İbrahimovun avtomobili ilə getdiyini bildirərək onun da cinayət məsuliyyətinə cəlb olunmasını qeyd edib. Hazırda həmin xüsusat və işin digər halları araşdırılmaqla istintaq davam etdirilir.
Yeri gəlmişkən, Elnur Həsənovla bağlı digər maraqlı məqama da toxunmaq istərdik. Araşdırmalarla həmçinin müəyyən olunub ki, bu şəxs cari il avqustun 4-də Şəmkir rayon Məhkəməsinin iclas zalında ictimai qaydanı kobud surətdə pozaraq hakimə və digər iştirakçıların ünvanına nalayiq ifadələr söyləyib, məhkəmə prosesini pozmaqla xuliqanlıq əməli törədib.
Bununla bağlı toplanmış material üzrə Şəmkir RPŞ-nin İstintaq bölməsində CM-in 221.1 maddəsi ilə cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.