Qara pişik hamını niyə kövrəltdi?

7-09-2017, 17:49           

teref.az - Əziz oxucular! Son iki gündə “Şimal xəbərləri” qəzetinin facebook səhifəsi işləmədi. Bunun da ciddi və obyektiv səbəbləri olub, başımız qarışıq idi. Yeganə oğul övladımın səhhəti qəflətən pisləşdi. Sentyabrın 5-də 42 dərəcə hərarətlə rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə çatdırdıq, vəziyyət kritik idi. Saatlar keçirdi, lakin tibb işçilərinin səylərinə baxmayaraq hərarəti aşağı salmaq mümkün deyildi. Bu çətin vəziyyətdə övladımın qan təzyiqi qəfil endi, çaxnaşma yarandı. Növbətçi həkim Ziyanın soyuqqanlılığı və operativ müdaxiləsi nəticəsində təzyiqi qaldırmaq mümkün oldu. Həmin anlarda mən sadəcə heç nə haqqında fikirləşə bilmirdim. Donuq halda bacıma baxırdım. Beynimdə olan bircə bu idi ki, övladımı təcili Bakıya çatdırım. Lakin Ziya doktor bunu məsləhət görmədi. Zülfəli həkimin telefonla verdiyi təmkinli məsləhətlər məni bir qədər sakitləşdirdi. Övladıma sistemlər köçürüldükdən və iynələr vurulduqdan sonra da xeyli özünə gəlmədi. Həyatımın ən ağır və çətin saatlarını yaşadım. Hisslərimi başqa cür ifadə edə bilmirəm. Vəziyyət o dərəcədə çətin idi ki, qardaşım gecə yarısı Bakıdan gəldi, bacımı isə dostum təkidlə yoldan geri qaytardı. 5 sentyabr ömrümə ən acı bir gün kimi yazıldı.

Məqsədim həmin vaxt keçirdiyim hissləri sizə çatdırmaq deyil. O anlarda çox maraqlı bir hadisə baş verdi. Dostlarım qəbul şöbəsinin qarşısında dayanmışdılar. Birdən bizi gətirən avtomobilin sürücüsü qapının sol tərəfində-barıdakı çıxıntının üstündə oturmuş qara pişiyi mənə göstərdi. Təəccüblə dedi ki, oğlunun pişiyinə oxşayır. Hə, diqqətlə baxdım və tanıdım. Bu övladımın saxladığı və əzizlədiyi, bayır-bucağı çox da tanımayan qara pişik idi. Evdən xeyli aralı olan xəstəxanaya necə gəlib məhz qəbul şöbəsini tapmışdı, bunu deyə bilmərəm. Sakitcə barının dibində oturub, kədərli gözləri ilə qapıya baxırdı. Hamımızı kövrəltdi. Sonra dostlarımdan biri dedi ki, pişiyi təxminən bir saat əvvəl qəbul şöbəsinin qarşısındakı yaşıllıqların arasında var-gəl edən görüb. Bəli, bu həmin dəqiqələr idi ki, oğlumun vəziyyəti çox kritik idi.

Biz gecə yarısı xəstəxananı tərk etdik. Pişik övladımın qucağında, ayaqlarını onun boynuna dolayaraq evə qayıtdı. Burada da maraqlı bir hadisə yaşandı. Qara pişik başını bütün çətin saatlarında oğlumun yanında olan və bizimlə evə gələn bir tibb işçisinin ayaqları üstünə qoyub bir neçə dəqiqə bu vəziyyətdə qaldı. Bu hərəkəti iki dəfə təkrar etdi. Başa düşdük, deyəsən minnətdarlıq edirdi.
Mənim üçün ən ağır keçən bir günün gecəsi tək deyildim. Sağ olsun bəzi dostlar, hər cür kömək təklif etdilər, sonacan mənimlə birlikdə oldular. Amma qara pişiyi heç vaxt unutmayacağam. Onun evdən gələrək məhz qəbul şöbəsini axtarıb tapması hamımız üçün bir sirr olaraq qalır. Həmin vaxt xəstəsini buraya gətirən bir dindar isə belə dedi: “Allahın kəramətidir”. Mənə görə də belədir. Sadəcə düşünürəm ki, qara pişik həyatı darda olan dostuna köməyə gəlmişdi, orada olmalı idi. Daha bunun nə fərqi var ki, qəbul şöbəsini necə tapıb? Bu da Allahın bir sirridir.

İndi hər şey ötüb, övladım sağalır. Bu yazını isə təkcə özüm yazmıram, dostlarımdan da xahiş edənlər oldu.

Həmin gecə stres vəziyyətində ikən başqa adamlar da gözlədim, amma gəlmədilər. Qara pişiksə gəldi. Deməli, insanlardan çox vəfalı imiş. Bunu tək mən yox, hamı canlı olaraq gördü. Şəklini çəkib telefonlarına köçürənlər də oldu. Mənimsə beynimdə həmişəlik olaraq həkk olundu qara pişik.

Allaha minnətdaram!

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.