Yeni neft müqaviləsi: şərtlər Azərbaycanın maraqlarına cavab verəcəkmi?

8-09-2017, 09:40           
Yeni neft müqaviləsi: şərtlər Azərbaycanın maraqlarına cavab verəcəkmi?
İlham Şaban: “Yeni neft müqaviləsi daha çox Azərbaycanın maraqlarına xidmət edir”

Ölkə başçısı İlham Əliyev yeni neft müqaviləsinin imzalanacağı ilə bağlı anons verib. Prezident bildirib ki, bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur: “Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var”.

İlham Əliyev bu sözləri Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən ”Xankəndi" sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı səsləndirib.

Prezident qeyd edib ki, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda Azərbaycanı istəməyən bəzi qüvvələr - həm ölkə daxilində, həm xarici qüvvələr Azərbaycanda kifayət qədər neft olmadığını, “Azəri-Çıraq-Günəşli”də neftin az olduğunu bildirirdi: “Onlar deyirdilər ki, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz ”Azəri-Çıraq-Günəşli"dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlayıb. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var".

“Şahdəniz”ə gəldikdə isə dövlət başçısı vurğulayıb ki, bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir: “Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”.

Təbii ki, “Azəri-Çıraq-Günəşli” yatağı ilə bağlı yeni kontraktın imzalanacağı gözlənilən idi. Çünki 1994-cü ildə imzalanan müqavilə artıq bugünki Azərbaycanın tələblərinə cavab vermir. O dövrdə ölkədəki iqtisadi-siyasi vəziyyət, o cümlədən beynəlxalq münasibətlər tamam fərqli idi. Çox güman ki, yeni imzalanan müqavilənin şərtləri də fərqli olacaq. Bəs görəsən, bu şərtlər daha çox kimin xeyrinə olacaq? Azərbaycan bütün şərtlərini xarici neft şirkətlərinə diqtə edə biləcəkmi? Yeni müqavilə tərəflərin münasibətlərini necə tənzimləyəcək?

Bu suallara Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla aydınlıq gətirdik. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müqavilə müddətinin başa çatmasına hələ 7 il qalıb, lakin yeni müqavilənin imzalanması da məqsədəuyğundur: “Azərbaycan ”Azəri-Çıraq-Günəşli" ilə bağlı 1994-cü ildə neft müqaviləsi imzalayarkən 30 il müddətində qüvvədə olduğunu göstərmişdi. O zaman ölkənin neft ehtiyatları 511 milyon ton qiymətləndirilmişdi. Ancaq sonrakı qazma işləri nəticəsində kəşfiyyat-qiymətləndirmə qurğuları neft ehtiyatlarının daha çox olduğunu ortaya çıxartdı. Sonrakı araşdırmalar da göstərdi ki, Azərbaycanın neft ehtiyatları 950 milyon tondan çoxdur, yəni təxminən 1 milyard ton civarındadır.

2017-ci il iyun ayının 1-nə olan məlumata görə,1997-ci ilin noyabrından bu günədək Azərbaycan bu ehtiyatların 430 milyon tonunu hasil edib. Qısa bir müddətdən sonra artıq bu blokun işlənməsinin 20 ili tamam olacaq. Indiyədək oradan Neft Fonduna 125 milyard dollar mənfəət daxil olub. Bu, ancaq Neft Fondunda toplanan vəsaitdir. Oraya ARDNŞ-in qazancı, dövlət büdcəsinin qazancı, sosial müdafiə fonduna ödənişlər, vergi və sair daxil deyil. Əgər bunları da nəzərə alsaq, 150 milyard dollar civarında ümumi gəlir deməkdir. Bu pis qazanc deyil. Ümumi yataqdan əldə edilən qazanc təxminən 230 milyard dollar civarındadır. Mən bu barədə hər zaman solçularla mübahisə etmişəm. Onlar deyirlər ki, biz nefti özümüz hasil etsəydik, daha çox gəlir əldə edə bilərdik. Mən isə bildirirəm ki, Azərbaycan nefti özü istehsal etsəydi, bu daha baha başa gələrdi. Həmçinin dünya bazarında onu rəqabətədavamlı şəkildə sata bilməzdi. İndiyədək Azərbaycan heç bir məhsulu kommersiya baxımından reallaşdıra bilməyib, nəinki nefti. Bizdə dənizdə hasil edilən neft başqa ölkələrin quruda hasil etdiyi neftdən bəzi hallarda ucuz olur. Bu da BP və tərəfdaşlarının tətbiq etdiyi texnologiyalar və səmərəli kommersiya fəaliyyəti nəticəsindədir. İndi "Əsrin müqaviləsi"nin başa çatmasına 7 il qalmış Azərbaycan yeni müqaviləyə gedir".

Bəs, biz niyə vaxtından əvvəl buna gedirik?

Bu sualı cavablandıran İlham Şaban vurğuladı ki, bu yataq artıq ən məhsuldar dövrünü geridə qoyub və investorların ondan imtina etməməsi üçün müqavilənin vaxtından əvvəl imzalanması Azərbaycan üçün çox önəmlidir: “Bu yatağın pik dövrü 2010-cu ildə keçib. 7 il ərzində artıq hasilat 42 milyondan 31 milyona düşüb. O yataq üçün investisiya lazımdır. Bu yataq cavanlıq dövrünü keçib, qoçaqlı dövrünə doğru gedir. Bu yatağa daha çox xərc qoymaq lazımdır. Bu baxımdan, müqavilə başa çatdıqdan sonra investorlar vaxtı keçmiş yatağa vəsait qoymurlar. Deməli, onlara elə bir mühit yaratmaq lazımdır ki, ”Azəri-Çıraq-Günəşli"yə investisiya yatırmaqda maraqlı olsunlar. Bu baxımdan, müqavilə vaxtından əvvəl imzalanır. Azərbaycanın da marağındadır ki, yatağı BP və tərəfdaşları işlətsin. Yerdə qalan yarıdan çox neft də hasil edilsin, kommersiya baxımından qara qızıl sarı qızıla çevrilsin, həmin vəsaitlərdən bundan sonrakı dövrdə daha səmərəli istifadə edilsin. Yataqdan bundan sonra hasil edilən neftin nə qədər gəlir gətirəcəyini indidən demək çətindir. Çünki bu dünya bazarında neftin qiymətinin necə olacağından asılıdır. Biz bilmirik ki, növbəti onillikdə neftin qiyməti necə olacaq. Əgər bu yataqdan növbəti mərhələdə 550 milyon ton neft hasil ediləcəksə, deməli, istənilən halda kifayət qədər gəlir olacaq. Azərbaycan bu gəliri qazanmağın marağındadır, şirkətlər də növbəti dövrdə Azərbaycanda hasilatla məşğul olmaqda maraqlıdırlar. Çünki buranı tanıyırlar, buranın geoilogiyasına bələddirlər, infrastruktur normal qurulub".

Ekspertin sözlərinə görə, yeni müqavilənin imzalanması daha çox Azərbaycanın maraqlarına xidmət edir, çünki şirkətlər daha çox köhnə müqaviləni uzatmaqda maraqlı idilər: “Xarici şirkətlər əvvəlki müqavilənin bundan sonra 10-15 il də uzadılmasını istəyirdilər. Ancaq bu, Azərbaycan üçün sərfəli deyildi. Çünki indi 23 il əvvəlki Azərbaycan deyil. Artıq investisiyanın risk dərəcələri həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə kifayət qədər azalıb. Birinci müqavilədə risk dərəcəsi daha çox idi və buna uyğun olaraq şirkətlərin qoyduğu şərtlər də ağır idi. Bu baxımdan, Azərbaycan yeni bir müqavilənin imzalanmasına marağını ortaya qoydu. Bu müqavilənin nəticəsində öz maraqlarının orada əks olunmasını şirkətlərlə razılaşdırdı. Görünür ki, uzun danışıqlardan sonra hər iki tərəf onları qane edəcək razılığa, ortaq məxrəcə gəlib. Bu müqavilənin şərtləri daha çox Azərbaycanın xeyrinə olacaq. Çünki bu artıq 1994-cü ilin müqaviləsi deyil”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.