Rüstəm Behrudinin 60 illik yubileyinə oxucu təbriki..

10-09-2017, 10:31           
Rüstəm Behrudinin 60 illik yubileyinə oxucu təbriki..
Əzizim Rüstəm Bəy! Gərək ki,“Salam dar ağacı” kitabının ön sözündə Müəllifdən başlığıyla: ”Mənə sözlərim qədər əziz olan oxucuma...” deyə xitab etmişdiniz. Bu sətirlərin həyəcanı yamanca sarmışdı məni o zaman hələ 17 yaşımda. Və 28 il sonra uzaq Ukraynada bu həyəcan və doğmalığın verdiyi duyğuların gözəl təsiriylə yenə də Sizə üz tutmağın ehtiyacını duyuram...

Sentyabrın 10-da doğma ata ocağında, Behrudda 60-illik yubileyinizin işığına toplaşanlar içində mən də olmaq istərdim təbii. Amma çox vaxt ömrümüzə biçilən qürbət payı bir türlü yaxınları uzaq edə bilmir ki, bilmir:

"Arzuların dil açar, yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver bizə.
Olacağın olmağına nə var ki,
Bircə dənə "olmayacaq" ver bizə."

Amma Kiyevdə bir neçə dəfə Sizinlə, təpədən dırnağa səmimiyyət yağan o gözəl qardaşlarınızla görüşlərin xoş, həyəcanlı xatirəsi və bir də “Gözəl yaxınlardan uzaqlar gözəl” misralarınızın işığında rahatlamağa, təsəlli bulmağa çalışıram...

Dərin dost və “Sizə sözləriniz qədər əziz olan” oxucu sevgisindən doğan yubiley təbrikimi qəbul edin lütfən...

RÜSTƏM BEHRDİ-60.

1990-cı ildə hələ tələbəykən, 28 may metrosunun qarşısından o zaman AMDP-nəşri olan “Yeni Müsavat” qəzetini aldım və səhifələrinin birində gözümə R.Behrudinin “Bozqurd” şeri sataşdı, onun:

“Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim…
İlahi! Bilməyəcəklər.”

sözləriylə başlayan ilk misraları ruhumu yerindən oyatmışdı. Sanki bu yuxunu nə vaxtsa mən də görmüşdüm, qan yaddaşımın mənə hələ tərcüman olmayan ən dərin qatlarında, dumanlanmış biçimiylə. Lakin bu şer,bu misralar qan yaddaşımın bütün sisini,dumanını yararaq hər şeyi aydınlatmış, qəribə, həyəcanlı bir sehrin içinə çəkmişdi məni... Təsəvvür edin bu şerdən nə qədər təsirlənmişəmsə, “Memar Əcəmi” stansiyasına çatanacan birdə gördüm ki, şeir əzbərimdədir və günboyu və gecə yatarkən, o gündən bu yana:

“Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər” tilsimindən çıxa bilmirəm ki, bilmirəm...

Şəxsən bizim nəsil Türklük, Turan ideyalarından R.Behrudi poeziyasının sayəsində xəbər tutdu, bu şerlərlə formalaşdıq. Sovet dönəmində hətta yuxularımız belə saxta kommunizm,sosializmi tərənnüm edən nəğmələrdən “ilham” alırdı. Və birdən qan yaddaşımızın diliylə:

Şaman kimi sözlərdən mən tale toxuyuram,

Ürəyimdə səksəkə,ruhumda bir zəlzələ...

Hər gecə Göy Üzünə mən dua oxuyuram:-

İlahi, bu milləti yox olmaqdan hifz elə!”

(1984) duasının sehrində əməlli başlı çaşbaş qalaraq bu müqqəddəs Ruha tapınmaq ehtiyacına sarıldıqca sarılmağa başladıq göz yaşları içində milli kimliyimizə varmaq yoluyla...

Hələ şairin gənc yaşlarında yazdığı “Yaddaşlara yazın bunu” şeiri ən güclü təsir və pafosuyla adama tüklərini biz-biz edən silkələyici bir üsyankar ruh aşılayaraq qan yaddaşımızı oyandırır, qanımızn ritmini dəyişərək ən çılğın həddə çatdırır. Culfada orta məktəbdə müəllim işlədiyim dönəmlərdə dərs dediyim siniflərdə yaxın dostum Qüdrət müəllimlə birgə bu şeri az qala himn kimi bütün şagirdlərə əzbərlətdirməyimiz müəllimlik illərimin ən şirin anlarından, xoş xatirələrindən biridir:

“Məndən bəzən soruşurlar-Vətən nədir?

Bilirəm ki,bu suallar

Ürəyimi qanatmağa bəhanədir.

Deyirəm ki,Vətən heç nə

Qanan üçün tozlu torpaq bir içim su,qara daşdır.

Bəs vətəndaş?!

Bunu bilib, dar ayaqda

Vətən üçün ölən insan-vətəndaşdır.

Bir də,bir də Vətən-Mənəm

Vətən-Sənsən,Vətən-Bizik,

Yaddaşlara yazın bunu-

Təmənnasız əgər “biz”ə yarımasaq,

Vətənsizik, Vətənsizik!”

Höte haqlı olaraq deyirdi ki: “3000 illik tarixin hesabını sormayan kişi günübirlik insandır.”

Oysa R.Behrudi nəinki Türkün on minillik tarixindən hesab sormağa haqqı çatan kişidir eyni zamanda Türkün mifik tarixini,bu müqəddəs ocağın hələ sönməyən közlərini özünün Şaman ruhlu şerləriylə üfürüb yenidən atəşə,oda çevirə bilən birər Şaman nəvəsidir. Yalnız və yalnız onun boyuna biçilmiş bu missiyanı,görəvi yerinə yetirərək Ə.Hüseyinzadə, Z.Gökalp, H.N.Atsız, Y.Akçura, İ.Qaspıralı, M.Ə.Rəsulzadə kimi altun bir nəslin bizlərə miras qoyduğu İstiqlal Məfkurəsinin, Turan ülküsünün indiki davamedici formasını həyata keçirən, yeni türk milli düşüncə tərzini formalaşdıran geniş düşüncə və böyük fikir adamıdır. Bəlkə də elə bu Ulu Ruhların diqtəsidir Şairə, varlğımızı sürdürmək üçün, yox olmamaq adına...

Çexovun gözəl bir deyimi var: “İnsanda hər şey gözəl olmalıdır”. Bu deyimi bütünlüklə R.Behrudi şəxsiyyətinə, ədəbi yaradıcılığına, dönməz əqidə bütövlüyünə və onun yılmayan Turançılıq məfkurəsinə verdiyi mübarizəyə şamil etmək olar.

Gözəl şairimiz, “Payızın adamı” eləcə bu payızda, sentyabrın 12-də 60- yaşa qədəm basır.Məncə buradakı altmış rəqəmsal mahiyyətdədir. İçində, on minillik Türkün tarixini,ruhunu daşıyan bu Bilgə əslində H.N.Atsızın “Bozqurdların ölümü” əsərindəki müdrik ulu şaman Kırac Atanın özü deyilmi?!

Dədə Qorqudun Oğuz Türklərini ayaqda tutan,onları yağı düşmənin min bir fitnə fellərinə aldanmamaq adına verdiyi öyüd nəsihətləriylə, Gültəkin Yazıtında Bilgə xaqanın “Çinlinin tatlı sözüne, yumuşak ipek kumaşına aldanıp çok çok, Türk milleti, öldün; Türk milleti, öleceksin!” harayıyla bu tuzaklara yenidən düşməmək üçün yenə bizləri silkələyən eyni Ruh deyilmi?!

“Min illər atamın zoruna durdun,

Bu gün də əllərdə dilim-dilimsən.

Gördünmü sən mənim ana dilim yox,

Sən mənim müqəddəs “Ata dilim”sən?!

Zamanın üstündə yaşayan Şair adlandırıb Professor Əhməd Bican Ərclasun R.Behrudini. Bu, belə olmasaydı, Şair yazmazdı ki:

“Ey Ruhum ayağa dur,

Düşdüyün tilsimi qır.

Zaman məndə çırpınır,

Mən bir sözün içində..."
Yaradıcılığa gəlincə, Aleksandr Blokun çox gözəl bir ifadəsi var: “Şairin karyerası yox, taleyi var”.

Şair özü özünə ömür biçib özüdə bilmədən elə bil bu mənada, bir kitabında yazıb ki: “Sözün ömrüdü mənim ömrüm”. Bundan gözəl nə ola bilər ki?!

Heç zaman tükənməyəcək bir ömür!
Sözün ömrü qədər var ol, əzizim Rüstəm Bəy!

Neçə gözəl Yubileylərə!!!

Məhəmməd İsrafiloğlu,
Kiyev şəhəri.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.