Yazıçılar Birliyi ləğv olunur? - İclas başladı
12-09-2017, 14:27
“Sahil” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı “26” adlı kafenin fəaliyyəti dayandırılsa da, söz-söhbətlər səngimək bilmir.
Yazıçı Çingiz Abdullayev bir neçə gün bundan əvvəl adıçəkilən kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını söyləmişdi. Lakin mətbuatda dərc edilən sənəddə kafenin Yazıçılar Birliyinə aiddiyatı olduğu bəlli olub.
Belə ki, məkanın icarəyə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədar hər ay müqavilə tərəfdaşına – Yazıçılar Birliyinə 8 min manat pul ödəyirmiş.
Görünən odur ki, kafe ətrafında baş verənlərlə bağlı Yazıçılar Birliyinin də başı dərddədir.
Bu arada gəzən söz-söhbətə görə, olay Azərbaycan Yazıçılar Birliyinin (AYB) ləğv olunmasına gətirib çıxaracaq.
Doğrudanmı AYB bağlana bilər?
Dia.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı AYB-nin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxlayıb. O, sayta açıqlamasında bunları deyib.
“Hazırda AYB-də məsələ ilə bağlı iclas başlayıb. Hardasa günorta saatlarında bu barədə bəyanat veriləcək. Bəyanatı mətbuata yayacağıq. O zaman Yazıçılar Birliyinin bağlanıb-bağlanmayacağı barədə cavabı həmin bəyanatda tapacaqsınız. İndi heç nə deyə bilmərik”.