Bakı, Tiflis və Ankaradan ortaq demarş – İrəvan təlaşda
13-09-2017, 10:53
“Yaxın qonşu uzaq qohumdan yaxşıdır”. Bu Azərbaycan atalar məsələnin siyasətə və geosiyasətə də dəxli var. Söhbət konkret olaraq, üç qonşu dövlət - Azərbaycan, Gürcüstan və Türkiyə arasında bütün sahələr üzrə getdikcə sıxlaşan əlaqələrdən gedir.
Son olaraq, Bakıda üç ölkənin xarici işlər nazirləri səviyyəsində keçirilən üçlü zirvə toplantısı və bu zirvə toplantısında qəbul edilən birgə bəyannamə üç paytaxtın ortaq iradəsini növbəti dəfə ortaya qoydu. Bakı, Ankara və Tiflis bundan sonra üç və ikitərəfli formatlarda siyasi-diplomatik, hərbi, iqtisadi, energetik, kommunikasiya, humanitar-səhiyyə sahələri üzrə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq əzmi nümayiş etdirdi.
Elə sammitin ardınca Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış tarixinin (28 oktyabr) bəlli olması özlüyündə çox şey deyir. Bundan əlavə, üç paytaxt BMT Baş Məclisinin tezliklə başlayacaq növbəti sessiyasında Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya məsələləri ilə bağlı təşkilatda vahid mövqedən çıxış edib bəyanat verməklə bağlı ilkin anlaşma əldə edib.
***
Bu kimi mühüm gəlişmələr sözsüz ki, işğalçı Ermənistanın ürəyincə deyil. Rəsmi İrəvan birdən-birə dörd qonşudan üçü - Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın dərinləşməsini özünə qarşı böyük təhlükə hesab edir. Çünki işğalçı ölkə Ankara-Bakı-Tiflis üçlü formatında məhz Ankara və Bakının dominant, yəni diktəedici mövqedə olduğunu çox yaxşı bilir.
Rusiyalı ekspertlər də Ermənistanın bu nigaranlığına diqqət çəkməyə başlayıblar. Məsələn, musavat.com-un məlumatına görə, tanınmış politoloq, Qafqazşünaslar Elmi Birliyinin sədri Aleksandr Krılov bununla bağlı 1 in.am erməni portalına müsahibəsində deyib: “Mən diqqəti ümumi regional kontekstə cəlb eləmək istərdim. Söhbət son illər Türkiyə, Azərbaycan və Gürcüstan arasında müttəfiqliyin möhkəmlənməsindən gedir. Artıq bəyan edilib ki, Nyu-Yorkda, BMT-ninn növbəti Baş Məclisi çərçivəsində bu üç ölkənin diplomatları Dağlıq Qarabağ və Abxaziya məsələləri ilə bağlı ortaq mövqe sərgiləyəcəklər. Beləcə, regionda ümumi tendensiya gərginliyin artması istiqamətində gedir. Belə bir vəziyyətdə Ermənistanın NATO təlimlərində iştirakdan imtinası təbiidir. Gürcüstanın Türkiyə və Azərbaycanın ortaq Qarabağ bəyanatına qoşulmasının mümkünlüyünə gəlincə, fikrimcə, bu ehtimal olduqca böyükdür. Əlbəttə ki, sessiya başlamamışdan heç kim yüz faiz deyə bilməz ki, Gürcüstanın BMT-də çıxışı necə olacaq. Ancaq əgər ardınca üç ölkənin - Türkiyə, Gürcüstan və Azərbaycanın Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü haqda birgə bəyanatı olarsa, bu, Ermənistan üçün pis variant olacaq”.
***
Maraqlıdır ki, BMT sessiyası ərəfəsində Gürcüstanın xarici işlər naziri Mixael Canalidze İrəvanda səfərdə olub. Onu prezident Serj Sərkisyan qəbul edib. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, sentyabrın 11-də baş tutan görüş zamanı tərəflər “ikitərəfli münasibətlərin bütün aspektləri”ni müzakirə ediblər. “Aktual regional və beynəlxalq problemlər və təhdidlər, o sırada Dağlıq Qarabağ məsələsi diqqət mərkəzində olub”.
Gürcü XİN başçısının İrəvan görüşlərinin detalları bəlli olmasa da, əslində bu ziyarətin gerçək motivi təxmini məlumdur. Məsələ ondadır ki, bu arada Gürcüstanla Ermənistan arasında səfir qalmaqalı da yaşanır. Xəbər verdiyimiz kimi, İrəvanın separatçı birisini Tiflisə yeni səfir göndərmək istəməsi gürcü tərəfinin etirazı ilə qarşılanıb.
Söhbət erməni politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın təyinatından gedir. Rəsmi Tiflis S.Minasyana səfir kimi aqreman verməkdən imtina edir və onu arzuolunmaz şəxs sayır. Çünki Gürcüstan tərəfində ciddi şübhələr var ki, S.Minasyan bu ölkədə Ermənistanı yox, əslində Rusiyanı təmsil edəcək.
Məlumatlara görə, Ermənistan bu yolla Gürcüstanda siyasi fəallığı artırmaq, həmçinin nəqliyyat blokadasını aradan qaldırmaq niyyətindədir. Minasyan həm də yerli gürcü ermənilərindən hesab edilir. O, Axalkalakda anadan olub və dəfələrlə separatçı Cavaxetiyanı dəstəkləyib. 2005-ci ildə Rusiyaya müraciət edərək Moskvanı Cavaxetiyaya qoşun yeritməyə və bu yolla dost erməniləri müdafiə etməyə çağırmışdı.
Böyük ehtimalla, Sərkisyan-Canelidze görüşündə bu problem əsas diqqət mərkəzində olub. Onun həll olunub-olunmadığını isə bugünlərdə biləcəyik. İstisna deyil ki, Ermənistan hökuməti olduqca həssas bir dönəmdə - BMT Baş Məclisi çərçivəsində İrəvana qarşı Ankara, Bakı və Tiflisin üçlü de-marşının hazırlandığı ərəfədə səfir məsələsində Gürcüstana taktiki güzəştə getsin. Yəni səfiri dəyişsin.
Ancaq bu, qərb qonşumuzun Azərbaycan və Türkiyə ilə strateji ilişkilərinə, o sırada gözlənilən birgə bəyanat qərarına təsir edəcəkmi? Daha aktual sual da elə budur. \\musavat.com\\