ŞEYXİN İDARƏSİ İSRAFÇI EHSAN SÜFRƏSİNƏ QARIŞMIR
13-09-2017, 12:32
Bəlkə kimsə atasının ehsanında qonaqlara dana basdırması, lülə, tikə kabab vermək istəyir. Üstündən də, kofe, dondurma, tort...
“Camaat necə istəyir, biz də onu yerinə yetiririk”
Yas mərasimləri ilə bağlı hökm verən hələ ki, Qafqaz Müsəlmanları İdarəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərinin "toxunulmazlığı”nı aradan qaldırmağa cəhd etdi.
Yaxşı da maarifləndirmə işləri aparılırdı. Nəticə də verirdi. 3,7, 40 mərasimlərində yemək verilməsi əksər regionlarda yığışdırılmışdı. Ehsan süfrəsinə çay, qənd, limon, bir də halva qoyulurdu. Bir müddət insanlar ehsan yükünün ağırlığından çıxmış oldular. Çox adam buna sevinirdi. "Borca düşüb ehsan verməkdən canımız qurtarar” deyənlər də vardı. Amma kiminsə əliylə iş pozuldu. Plovlu, bozartmalı, meyvəli, ləbləbili ehsan süfrələri yenə dövrəyə girdi.
İnsafən, bunu da deyək ki, Qafqaz Müsəlmanları İdarəsi də israfçılığın əleyhinə olduğunu hər zaman vurğulayır. Amma QMİ-yə bağlı "Təzə Pir” məscidinə bitişik inşa olunmuş mərasim zallarında təşkil edilən ehsan süfrələri ilə deyilənlər tərs-mütənasibdir.
Yolu o tərəflərə düşənlər görüb, bilir. Mərasim zalları az qala şadlıq sarayını xatırladır. Təkcə zahiri bər-bəzəyi ilə deyil. Həm də masaya düzülən növbənöv təamları ilə. Əhalinin imkansız, kasıb təbəqəsinin orada yas mərasimi təşkil etməsi mümkünsüz görünür. Orda yas mərasimi təşkil edənlər adətən vəzifəli şəxslər və onların ailə üzvləri, yaxın qohum-əqrəbası, pullu insanlar olur.
QMİ isə yenə də yaxasını kənara çəkir. Bu günlərdə Modern.az saytının mövzu ilə bağlı sualını cavablandıran QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı menyü tərtibini QMİ-nin səlahiyyətində olmayan məsələ adlandırıb: "QMİ menyü təklif etmir. Mərasim zallarında məclis qaydasını yas sahibləri özləri təyin edir. QMİ bir dini və ictimai qurum olaraq insanlara israfdan və ifratdan uzaq olmağı tövsiyə edir”.
Bu cavab, bizcə, topu camaata ötürməkdir - camaat necə istəyir, biz də onu yerinə yetiririk. Bəlkə kimsə atasının ehsanında qonaqlara dana basdırması, lülə, tikə kabab vermək istəyir. Üstündən də, kofe, dondurma, tort... Lap toylarda olduğu kimi. Deməli, belə bir sifariş olsa, QMİ-nin mərasim zallarının administratorları onları da hazırlatdıracaq. Bu gedişlə çətin ki, QMİ israfçılıq və ifratın qarşısının alınmasına nail ola bilsin. Çünki bunun üçün gərəkən ən ümdə amil - nümunə ortada yoxdur. QMİ-nin israfçılıq əleyhinə çağırışları o zaman səmimi görünər ki, həmin mərasim zallarında sifarişçiyə yuxarıda xatırlatdığımız formada - çay, qənd, limon, halvadan ibarət sadə, kiçik bir menyü təklif edilərdi. Və digər təamların verilmədiyi, o cümlədən də plov hazırlanmadığı bildirilərdi. Ancaq belə deyil. Bir neçə il öncə QMİ səlahiyyətlilərindən biri mərasim zallarının özəl şirkətə məxsus olduğunu və idarənin də sahibkarın işinə qarışmadığını demişdi. Əcəb Qafqaz Müsəlmanları İdarəsidir!..
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa QMİ tərəfindən verilən açıqlamanın həqiqətən də topu camaata ötürmək olduğunu dedi:
- Bu, topu vətəndaşa ötürməkdir. Amma mən bu ötürməni müsbət qarşılayıram, o mənada ki, vətəndaş niyə bahalı yerdə yas mərasimi, ehsan süfrəsi təşkil etməlidir? Vətəndaş niyə sadə bir çadırda, yaxud şəhərdəki başqa kiçik mərasim zallarında məclis təşkil etmir? Təəssüf ki, bizim əhalidə "qonşudan qalma dala”, "camaat nə deyər?! kimi ehkamlarla oturub-durmaq vərdişi qalmaqdadı. Əksəriyyət Allahın dediyi ilə yox, camaatın dediyi ilə hərəkət edir. Bilirsiz, insanların seçiminə hörmət etmək lazımdır. Kimsə "Təzə Pir” məscidinin mərasim zalını seçirsə, nə demək olar?! Gərək insanlar özləri düzgün seçim etsin, dini qayda-qanunlara riayət etsinlər və özlərinə yersiz əziyyət verməsinlər.
şherg.az