Deputatdan Yazıçılar Birliyinə dəstək: - "200 min manat ayrılsın”
13-09-2017, 13:26
“AYB-nin illik büdcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın”.
AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş “26-lar” kafesi ilə bağlı məsələyə aydınlıq gətirərkən səsləndirib. O, bildirib ki, bu maliyyəni ayırmaq dövlətimizin gücündədir:
“Müxtəlif fikirlər səsləndirilir, uduzan isə ümumən cəmiyyətimizdir. Problemin həlli isə çox sadədir. Bu təklifi Milli Məclisin payız sessiyasında büdcə müzakirəsi zamanı qaldırmaq fikrindəyəm. Qoy Yazıçılar Birliyi üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin”.
Aydın Mirzəzadə qeyd edib ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır: “Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib uşaq ədəbiyyatı mərkəzinə çevilrməsinə kömək edə bilər. Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər”.