“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır?”

14-09-2017, 11:09           
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır?”
“Mən o vaxt demişdim ki, cəmiyyətdə çox az adam Mehman Əliyevin jurnalist fəaliyyəti, yaxud vergidən yayınmağa görə həbs olunduğuna inanır. İndi də cəmiyyətdə çox az adam inanır ki, doğrudan da kafe adının ”26" olmasına görə bağlanıb, yaxud orda qızlar yarıçılpaq vəziyyətdə rəqs ediblər".

BAXC sədri, deputat Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Partiya rəhbəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müdaxiləsindən sonra mentalitetə zidd fəaliyyətdə ittiham olunaraq fəaliyyəti dayandırılan kafe ilə bağlı gedən müzakirələr barədə danışarkən bunları bildirib: “Əvvəla, yarıçılpaq vəziyyətdə rəqs eləmək biabırçı bir şey idisə, yalnız kluba gedən 50-60 müştəri ona baxırdısa, bunlar cəmiyyətdən dəstək almaq üçün o lenti götürüb bütün Azərbaycan xalqına nümayiş etdirdilər, balaca uşaqlardan tutmuş, qadınlara qədər hamı baxdı. Deməli, burada mənəvi məsələdən çox özünə haqq qazandırmaqdan söhbət gedir. Yox, başqa məsələyə görə o kafe bağlanırdısa, onda bu barədə də ictimaiyyətə normal məlumat verilməliydi. Əgər kafe təcili bağlanmalıydısa belə, bu, qanunlar çərçivəsində və kimlərisə şərləmədən həll olunmalı idi”.

Q.Həsənquliyev H.Abutalıbovla Yazıçılar Birliyinin rəhbərliyi arasında gedən söz davasına da reaksiya verib: “Bizim hörmətli yazıçılara münasibətdə isə abırlı olmaq lazım idi. Çünki onlar ən azından iqtidara ciddi dəstək verən insanlardır. Bilirsiniz, AXC iqtidarının süquta uğramasının əsas səbəblərindən biri də o oldu ki, dedilər Akademiya bağlanmalıdır, universitet müəllimlərinin maaşlarını kifayət qədər qaldırmadan test imtahanları tətbiq olundu və ziyalıların böyük qismi iqtidarın əleyhinə kampaniya aparmağa başladı. Ən ağır qanun pozuntusu şəxsiyyət əleyhinə cinayətdir, xüsusilə də insanın qətlə yetirilməsi. Hətta adam öldürəni də məhkəmə qaydasında cəzalandırırlar, sivil ölkədə gedib onu linç eləmirlər ki. Yaxud məsələn, ”o, sənin atının gözünü çıxarıb, sən də get onun atının gözünü çıxar" formasında məsələlər həll olunmur. Əgər hesab olunubsa ki, yazıçılar tərəfindən də hansısa yanlışlıqlar olub, bu, onların diqqətinə çatdırıla bilərdi, onların üstünə bu formada getmək lazım deyildi".

Deputat bildirib ki, cəza tətbiqi üçün məhkəmə var: “Yoxsa o formada maşınla camaatın əmlakını daşıyıb-aparmaq... Bir müddət öncə Milli Məclisdə mən çıxışımda da demişdim, bir sahibkarın hotelini vurub uçurmuşdular, hətta içəridəki avadanlıqlar çıxarılmamışdı. Yəni bu cür hadisələr bütünlüklə ona gətirib çıxarır ki, insanlar Azərbaycana investisiya yatırmaqdan qorxurlar. Qorxurlar ki, məhkəmənin qəbul etməli olduğu qərarı məmur qəbul edəcək. İstənilən vaxt durub məhkəmə qərarı olmadan deyəcək ki, ”sənin əmlakını mən uçurduram", yaxud götürüb gedirəm. Buna görə də Azərbaycanın özündə investisiya qoyuluşuna ehtiyac olduğu halda, azərbaycanlılar görun, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyəyə nə qədər investisiya yatırırlar. Hətta bəzi insanlar burada qazandıqları pulu da başqa ölkələrə investisiya kimi yatırır, burada biznesi genişləndirmirlər. Bunun səbəbi də insanlarda mülkiyyətin toxunulmazlığı ilə bağlı qorxunun olmasıdır".

Deputat belə halların aradan qaldırılması üçün atılmalı addımlar barədə də danışıb: “Məhkəmə hakimiyyəti gücləndirilməlidir. Bu sahədə də mütləq islahatlar aparılmalıdır. Yəni Azərbaycana investisiya qoyan hər bir yerli və xarici sahibkar bilməlidir ki, onun əmlakı ciddi şəkildə qorunur və ona qarşı hər hansı qəsdin qarşısı məhkəmə qaydasında alınacaq. Özü də o cür qızların oynaması Bakıdakı əksər gecə barlarında var. Yaxud qəlyan elanı əksər kafelərdə var. Əgər bunun qarşısını almaq lazımdırsa, bu da qanunvericilik qaydasında tənzimlənməlidir. Sahibkar istəsə, o qəlyanı təkcə qızlar üçün yox, hamı üçün pulsuz elan edə bilər. Bu, Azərbaycan mənəviyyatına ziddir deyə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır? Bizim qanunlar hansısa qadına qəlyan çəkməyi qadağan edirmi? İndi insanlar başlayacaq ki, Qüdrət Həsənquliyev deyir, bəs qadınlara pulsuz qəlyan verilməlidir. Mən ona görə deyirəm ki, demokratik cəmiyyətin insanını yaratmaq lazımdır ki, onlar sabah o formada üstümüzə gəlməsinlər”.

Q.Həsənquliyev də hesab edir ki, ola bilsin, milli dəyərlərlə bağlı qanunlardakı boşluqların doldurulmasına zərurət var: “Məsələn, mən Malayziyada olmuşdum. Orada müsəlmanların kazinoya girişi qadağan idi. Yaxud Tehranda müsəlmanlara içki qadağandır - düzdür, əksəriyyət içir - amma ermənilərə içki qadağan deyil. İndi də turist Azərbaycana gəlib hansısa kafedə qəlyan çəkəcəksə, çəksin. Biz onsuz da qadınların içki içməyinə, siqaret çəkməsinə də pis baxmışıq. Onda bunu onlara qadağan edək. Amma bu məsələlər cəmiyyətdə ciddi müzakirə olunmalı və qanunvericilik qaydasında tənzimlənməlidir. Yoxsa mən hesab edirəm ki, qadın qəlyan çəkməməlidir və orada qəlyan çəkirlərsə, mən bu kafeni bağlayıram... Bu düşüncə ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq, sözün doğrusu, utancdır. Onun bu əməlinə hüquqi qiymət verilməlidir. Hüquq-mühafizə orqanları bu məsələyə də öz münasibətini bildirməlidir ki, Azərbaycana investisiya yatırmaq istəyən şəxslər bu tipli hadisələrdən qorxmasınlar. Belə hadisələr təkcə Bakı şəhərində baş vermir. Bölgələrdə abadlıq adı altında sahibkarların nə qədər obyektləri sökülür və lazımi səviyyədə kompensasiya verilmir, insanlar uzun illər məhkəmə qapısında qalırlar, çox böyük əzab-əziyyətlə üzləşirlər. O obyektlər bir çox insanların ailəsinin yeganə dolanışıq yeri olur, söhbət ”26" kafesindən getmir. 3-4 məmur vətəndaşın əmlakını dağıtdığına görə cəzalanmalıdır ki, bir nəticə olsun... Heç bir motiv, heç bir bəhanə vətəndaşın obyektini qanunsuz sökməyə haqq qazandıra bilməz. Bu addımı atanların əməlinə, başda Hacıbala olmaqla ciddi şəkildə hüquqi qiymət verilməlidir. Bunun qarşısı alınmasa, vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayacaq".

Deputatın fikirləri ilə əlaqədar, ümumiyyətlə, son zamanlar Yazıçılar Birliyinin ünvanlı tənqid və ittihamları ilə bağlı H.Abutalıbovdan münasibət öyrənmək istəyimiz isə baş tutmadı. Bakı şəhərinin meri israrlı telefon zənglərimizə cavab vermədi. İstənilən halda, Hacıbala müəllimə son hadisələrlə bağlı qəzetimizdə tribuna verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.