Şeyxin çex qadın şəriki tapıldı - Ailədən cavab
14-09-2017, 14:11
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin Çexiyada mülkləri və şirkəti üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın sosial şəbəkələrə istinadən yazdığına görə, Paşazadənin biznesini Marketa Şpişakova adlı çex qadın idarə edir: “bu qadın Şeyxülislamın şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.
“AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır".
Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşı Şeyxülislam Allahşükür Paşazadənin və özünün Çexiyanın Karlovı Varı şəhərində biznesinin olması ilə bağlı yayılan bu xəbərə münasibət bildirib. C. Paşazadə “Qafqazinfo” ya açıqlamasında deyib ki, haqqında yayılan belə məlumatlara mətbuat vasitəsilə bir neçə dəfə cavab verib: “7-8 ildir ki, bu söhbət gedir. Yenə də yazırlar. Bunlar hamısı yalan məlumatlardır. Bizim Çexiyanın Karlovı Varı şəhərində heç bir biznesimiz yoxdur. O sənəd saxtadır, həmin xanımı və şirkəti tanımırıq. Mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki yoxdur. Amma olanda nə olar ki?”.