Moskvada konfrans: “Bakı “Putin birliyi”nə qoşulsun” təklifi

15-09-2017, 09:53           
Moskvada konfrans: “Bakı “Putin birliyi”nə qoşulsun” təklifi
Rusiya paytaxtında “Moskva-Bakı oxu: Qafqazda yeni geosiyasətə doğru” mövzusunda keçirilən konfransda ilginc müzakirələr

Moskvada, “President-hotel”də “Moskva-Bakı oxu: Qafqazda yeni geosiyasətə doğru” mövzusunda konfrans öz işinə başlayıb. Virtualaz.org xəbər verir ki, konfransda Rusiya Dövlət Dumasının deputatları, Azərbaycan Milli Məclisinin deputatları, Rusiyanın və Azərbaycanın elmi-siyasi dairələrinin nümayəndələri, ekspertlər iştirak edir. Konfransın məqsədi Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsini və inkişaf perspektivlərini müzakirə etməkdir.


Konfransı giriş sözü ilə rusiyalı ideoloq Aleksandr Duqin açıb: “Konfransda üç əsas tezis var. Birincisi bu gün Moskva-Bakı oxundan danışmaq ona görə vacibdir ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Böyük uğurlar əldə edib, sürətlə inkişaf edən ölkədir. Oturuşmuş, suveren, güc toplayan dövlətdir. İkincisi, İlham Əliyevin siyasətidir. Hansı ki, son onillikdə çox böyük nəticələr verir. Əvvəllər bizim ölkələrimiz arasında sərin kimi görünən münasibətlər bu gün Rusiya-Azərbaycan strateji tərəfdaşlığına çevrilib. Prezidentlərin şəxsi münasibətləri burada böyük rol oynayır”

Duqin deyib ki, Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur: “Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Lakin bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”.

Politoloq qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır”.


A.Duqin əmindir ki, Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir. Və regionda qüvvələr balansı dəyişir: “Lakin bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu, belə qəbul edilə bilməz. Yaxud əksinə. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır”.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib ki, bu gün Rusiyanın bir sıra ölkələrlə münasibətləri sınaqdan keçdiyi bir vaxtda, Azərbaycanla olan münasibətlər müxtəlif sahələrdə inkişaf edir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında azad ticarət rejimi mövcuddur.

D.Savelyev qeyd edib ki, 25 il ərzində Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib, eləcə də əlverişli coğrafi vəziyyətini fəal şəkildə istifadə edir.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Andrey Klimov isə Qarabağ məsələsində Rusiyanın mövqeyindən də danışıb: “Rusiya nə prokuror, nə vəkil deyil. Və biz ümid edirik ki, tərəflər özləri kompromis həlli tapacaqlar. Bizim üçün ən başlıcası Rusiyanın strateji tərəfdaşları olan ölkələrin xarici və daxili siyasətlərini özlərinin formalaşdırılmasıdır. Onlara xarici dövlətlərin təsiri məhdud olmalıdır. Rusiya rəngli inqilablarla mübarizə üçün hər şeyi edir və xalqların iradəsinin sındırılmasına imkan verməyəcək”.

Senator “Moskva-Bakı oxu” formatının genişləndirilməsinə və Azərbaycan paytaxtında da belə konfransın keçirilməsinə çağırıb.

Rusiya Kommunist Partiyasının başçısı Gennadi Züqanov deyib ki, Rusiya üçün tarixi dostlarla strateji münasibəti möhkəmləndirmək çox əhəmiyyətlidir: “Bu planda Azərbaycan xüsusi rol oynayır”.

Siyasətçi qeyd edib ki, dünyanın onlarla şəhərində olub, ancaq Bakıda gördükləri onu əməlli-başlı təəccübləndirib.

“Bir müddət əvvəl heç nə belə deyildi. Tamamilə təmiz və qulluq göstərilən şəhər. Onlardan şox şey öyrənmək lazımdır. Ata və oğul Əliyevlər bütün neft yataqlarını və gəlirlərini birləşdirərək Dövlət Neft Fondu yaratdılar, hansı ki, gəlirləri sosial ehtiyaclara yönəldir və respublikada birliyin möhkəmləndirilməsinə xidmət edir”, - deyə Züqanov əlavə edib.

Kommunistlərin lideri xarici siyasətdəki vəziyyət haqqında danışarkən ABŞ-ı “narıncı inqilablar” vasitəsilə ölkələrin stabilliyini pozmaq cəhdlərində ittiham edib, inqilabların özünü isə cüzam adlandırıb.

Züqanov deyib ki, Rusiya ilə sıx, qarşılıqlı əlaqələr olmadan Qafqazda sülh və əmin-amanlıq olacağını düşünmür.

Züqanov həmçinin Ermənistanda anti-Rusiya meyllərinin inkişafına və NATO-ya inteqrasiya etmək istəyinə də münasibət bildirib: “Rusiyadan kənarlaşan bütün yerlərdə vəziyyət pisləşir. Ermənistan və erməni xalqı bunu hamıdan yaxşı bilir. Bu güclərə Ermənistanda ayaq açmağa imkan vermək lazım deyil. Biz onlara ayaq açmağa imkan verməyəcəyik”.

Milli Məclisin komitə sədri Əli Hüseynli konfransındakı çıxışında əsas diaspora təşkilatının bağlanması ilə əlaqədar qayğısını dilə gətirib: “Bizim üçün xalqlarımızın ünsiyyəti çox vacibdir - o, var, lakin Ümumrusiya Azərbaycan Konqresinin qapadılması problemi Azərbaycan hökumətini narahat edir. ÜAK-ın əsasını ölkələrimizin ümummilli liderləri Heydər Əliyev və Vladimir Putin qoyublar. Ümid edirik ki, Rusiya Ali Məhkəməsi ədalətli qərar verəcək və ÜAK fəaliyyətini davam etdirəcək”.

Azərbaycan Rus icmasının rəhbəri Mixail Zabelin çıxışında bildirib ki, hazırda Azərbaycanda 120 min rus millətindən olan vətəndaş yaşayır. Deputatın sözlərinə görə, Azərbaycanda ən çoxsaylı və güclü rus diasporu mövcuddur. Tarixə müraciət edən M.Zabelin qeyd edib ki, Rusiya və Azərbaycan möhkəm strateji münasibətlər quraraq, kəskin məsələləri yoluna qoya biliblər.

M.Zabelin vurğulayıb ki, Heydər və İlham Əliyevlərin sayəsində Azərbaycanda rus dili qorunur və sürətlə inkişaf edir.

M.Zabelin xatırlayıb ki, 1994-cü ildə Heydər Əliyev rus icmasını toplayaraq, Azərbaycanı tərk etməməyə çağırıb: “Mənə MDB-də ikinci bir ölkə göstərin ki, parlamentdə və Prezident Administrasiyasında rusla işləyir”.

Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının üzvü Leonid Kalaşnikov rus dilinin inkişafı baxımından Azərbaycanı daima nümunə göstərdiyini vurğulayıb: “Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın bu məsələdə səyləri var. Məsələn, mən bu yaxınlarda Bakının mərkəzində açılışında onun da iştirak etdiyi və yardım göstərdiyi məktəbdə oldum. Bakıda belə məktəblərin sayı 400-ə yaxındır. Bu barədə burada çox az adam danışır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda rus dilində danışanların sayı əksər MDB ölkələrindəkindən çoxdur”.
Kalaşnikov konfransda onu da qeyd edib ki, Avrasiya layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır: “Əlbəttə, bəzi Avrasiya strukturlarında Azərbaycanın olmamasının yeri açıq görünür. Ancaq bu, əməkdaşlığa mane olmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.