Erməniləri ifşa edən rusiyalı tarixçi istintaqa çağırıldı – Rusiyadakı soydaşlarımız onu tək qoydular
16-09-2017, 13:52
Azərbaycan həqiqətlərini daim dilə gətirən, onu yazdığı tarixi əsərlərdə əks etdirən və erməni yalanlarını ifşa edən qafqazşünas alim Oleq Kuznetsov sentyabrın 14-də Rusiya İstintaq Komitəsində ilkin ifadə verib. “XX əsrdə ermənilərin transmilli terrorlarının tarixi” əsərinə görə Rusiyadakı ermənilərin müraciəti əsasında milli münaqişə yaratmaqda günahkar bilinərək istintaqa cəlb olunub.
Qeyd edək ki, hələ ötən il bu əsərə görə ermənilərin müraciəti ilə tarixçi alim istintaqa çağırılıb. Onların budəfəki şikayətlərinin əsası isə ondan ibarətdir ki, transmilli erməni şirkətləri öz nüfuzlarını itirir. Bunun da səbəbi Avropada Oleq Kuznetsovun kitabının 100 min tirajla çap olunmasıdır. İstintaq Komitəsi kitabdakı sənədləri yenə də yoxlamağa başlayıb. Məhz bu səbəbdən də O.Kuznetsov yenidən istintaqa çağırılıb.
Təəssüf doğuran hal o olub ki, bizi daim müdafiə edən tarixçi alim ifadə verərkən İstintaq Komitəsinin binasının qarşısında əllə sayılacaq qədər azərbaycanlı olub. Rusiyadakı Azərbaycan səfirliyinin nümayəndələri, orada fəaliyyət göstərən azərbaycanlı təşkilatlar və ən əsası Azərbaycan lobbisi tarixçi alimə qarşı biganəlik göstərib.
O.Kuznetsovun vəkili Qismət Teymuroviç sualları cavablandırarkən bu məsələyə toxunub: “Məni kədərləndirən o oldu ki, Oleq Kuznetsovun istintaqa çağırıldığı binanın qarşısına soydaşlarımızdan yalnız məşhur azərbaycanlı Fuad Abbasov və onun bir-iki nəfər dostu gəlmişdi. Bizim lobbiçiliyimizi təbliğ edən, həqiqətlərimizi dünyaya yayan Oleq Kuznetsovun yanında bu gün Rusiya azərbaycanlıları, biznesmenlərimizi görmədik. Bizim azərbaycanlılardan fərqli olaraq, ermənilərin milyonçuları bizə qarşı yenə vuruşur. Siz harada yatmısınız? Niyə lobbiçilik etməyə can çəkirsiniz? Oleq Kuznetsovun arxasında dayanmaq Milyarderlər İttifaqının da, məktəblinin də borcudur”.
VHP sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı bildirdi ki, bizlərdə laqeydlik, milli taleyimizə, Azərbaycanla bağlı dünyada gedən söz-söhbətlərə, haqqımızda yazılanlara biganəlik canımızdadır: “Bu - bir faciədir. Bunun acı nəticəsini illər uzunudur görürük. Başımıza gələn xoşagəlməz hadisələrin içərisində həmin laqeydlik, biganəlik, ancaq özünü düşünmək var. Təki mənim başım salamat olsun, başqasına nə olursa olsun psixologiyası bizlərə hakimdir. Rusiyada diaspora təşkilatlarımız, dərnəklərimiz səfirliyimiz var. Bu cür təşkilatçılığı onlar etməlidir. Bəlkə ayrı-ayrı şəxslərin heç xəbərləri də yoxdur. Millətdən daha çox o təşkilatlanmağı təşkil edən şəxslər, qurumlar günahkardır. Necə ki, ermənilər üçün bunları kilsələr, erməni təşkilatları təşkil edirlər. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq, bu məsələdə daim fəal olmuşuq. Amma konqresin işinə kömək etmək, yardım etmək və bununla onu gücləndirmək əvəzinə, illər uzunu onun əleyhinə çalışıblar, onu parçalamaq istəyiblər, haqqında uydurma məlumatlar yayıblar. Biz lazım gələndə Avropada piketlər, mitinqlər təşkil etmişik. Son hadisə barədə də bizə məlumat verilsəydi, DAK olaraq, biz o təşkilatçılığı Rusiyada təşkil edib, Oleq Kuznetsovu müdafiə edərdik. Təəssüflər olsun ki, bəzən bir-birimizdən də xəbərimiz olmur. Kuznetsov kimi Azərbaycanı müdafiə edən tək-tək adamlar var ki, bizə görə həqiqətləri dilə gətirdikləri üçün bu cür əzablar çəkiblər. Onları müdafiə etmək, qorumaq, lazım olanda onlar üçün hər cür şərait yaratmaq ölkəmizin borcudur”.
S.Rüstəmxanlı burada Azərbaycan Xarici İşlər Nazirliyinin üzərinə düşən məsuliyyətə də toxundu: “Bu işlərlə Xarici İşlər Nazirliyi məşğul olmalıdır. Məhkəmənin vaxtı, harada olacağı barədə XİN məlumat almalı və lazımı gələndə bizim QHT-lərə onlar məlumat verməlidir. Müəyyən mesajlar verilməlidir ki, oradakı azərbaycanlılar da buna uyğun şəkildə hərəkət edə bilsinlər. O cəhətdən XİN-miz son dərəcə zəifdir. Vaxtilə Parisdə DAK olaraq, 1945-46-ci illər Seyid Cəfər Pişəvəri hərəkatının yubileyi ilə bağlı bir tədbir keçirirdik, Gürcüstan səfiri tədbirə gəlmişdi, gürcü millət vəkilləri və senat nümayəndələri də tədbirdə idilər. Amma bizim XİN-dən və oradakı səfirlikdən bir nəfər də gəlməmişdi. Qeyri-hökumət adı eşidən kimi qorxuya düşürlər. Yaxud müxalifətdən bir şəxs ola bilər deyə, qoxuya düşürlər. Milli məsələnin QHT, müxalifət və ya iqtidar olmağa heç bir dəxli yoxdur. Bunlar milli məsələlərdir. Bu məsələdə də hamı bir yerdə olmalıdır. Oleq Kuznetsovla bağlı son məsələdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu günahlandıranlarla razı deyiləm. Rusiya böyükdür, orada səfirliyin hər şeydən xəbərdar olması çətindir. Oradakı diaspora təşkilatlarımız, dərnəklərimiz fəal olmalı, səfirliyə yardım etməlidirlər”.