“Təfəkkür” universitetinin nazirliklə qalmaqalı – Açıqlama
18-09-2017, 16:20
"Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə Təsisçilər Şurasının heç bir qərarı olmayıb.
Bu barədə Teleqraf.com-a “Təfəkkür” Universitetindən məlumat verilib.
Məlumatda bildirilir ki, təsisçilərdən birinin universitetin fəaliyyəti barədə müraciətinin heç bir hüquqi əsası yoxdur:
“Universitetin yeni təsisçiləri bu barədə dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə də bildirib, kollektivin arzusunu və xahişini nəzərə alaraq universitetin fəaliyyətinin davam etdirilməsinə qərar verib və müvafiq vəsadət qaldırıblar. Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi tərəfindən verilmiş universitetin hüquqi fəaliyyətinə əsas verən sənədin (Lisenziya) müddəti 2020-ci ilin aprelinə qədərdir və hazırda da qüvvədədir. Universitetin akkreditasiya müddətinin bitməsinə gəldikdə isə bu məsələ Nazirlər Kabinetinin akkreditasiya ilə bağlı 28.09.2010-cu il tarixli 167 saylı qərarına riayət olunmaqla həyata keçirilməlidir, yəni təkrar akkreditasiya mütləq təyin olunmalıdır”.
Universitetdən bidiriblər ki, təkrar akkreditasiyanın keçirilməməsinə universitet məsuliyyət daşımır:
“Bunun bizdə oxuyan tələbələrə heç bir aidiyyəti yoxdur. Çünki universitetdə hal-hazırda təhsil alan tələbələr Dövlət İmtahan Mərkəzi tərəfindən universitetə qəbul edildikləri vaxt universitetin akkreditasiya sertifikatının müddəti qüvvədə olub. Ona görə “Təfəkkür” Universitetində oxuyan tələbələrə diplom verilməyəcək” kimi fikrlər əsassızdır. Nəzərə almaq lazımdır ki, müsahibəni tək tələbə və valideynləri yox, təhsili yaxşı bilən insanlar da oxuyurlar”.
Universitetdən tələbələrin köçrülməsi məsələsi barədə də məlumat verilib:
“Tələbələrin digər ali məktəblərə köçürülməsinə gəlincə, məlumatda bizim 190 tələbənin başqa universitetlərə köçürülməsi göstərilir. Bu tələbələrdən heç biri köçürülmə ilə bağlı universitetdən sənəd almadığından bu sayı Sizdən eşidirik. Halbuki, tələbələrin digər təhsil müəssisələrinə köçürülmələri ilə bağlı Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 saylı qərarı naə, Təhsil Nazirliyinin 24 iyul 2017-ci il tarixli 212 saylı əmri ilə təsdiq olunmuş qaydaların 2.6 bəndinə əsasən, tələbə Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət edərkən, təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd – akademik transkripti, universitetə qəbul olunarkən topladığı bal, təhsil haqqı borcunun olmaması və s. kimi sənədlər təqdim etməklə, ərizəsi qəbul edilməlidir. Köçürülmələrlə bağlı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş qaydaların 2.7 bəndində qeyd edilir ki, tələbə tərəfindən təqdim olunan yuxarıda göstərilən sənədlər Təhsil Nazirliyində yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Bu belədirsə, onda 190 nəfər tələbə universitetdən heç bir sənəd götürüb Nazirliyə təqdim etmədiyi halda, hansı əsasla başqa universitetlərə köçürülür?
Hesab edirik ki, nazirlik əmrdə yuxarıda qeyd olunan tələblərin kim tərəfindən pozulduğunu araşdırıb, müvafiq tədbir görəcək. Nazirliyin köçürülmələrlə bağlı təsdiq etdiyi qaydaların 1.4 bəndində konkret olaraq qeyd olunur ki, tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilir. Müsahibədə isə qeyd olunur ki, Təfəkkür Universitetinin tələbələrinin köçürülməsinə əlavə vaxt verilir. Nə səbəbdən?
Qeyd olunanların hamısı məqsədyönlü şəkildə nazirliyin bəzi əməkdaşlarının apardığı işlərdir ki, tələbələr çaşqınlığa düşərək, başqa universitetlərə keçsinlər. “Təfəkkür Universiteti bağlanıb, və ya bağlanır, sizə diplom verilməyəcək, tez saytımıza müraciət edin, başqa heç bir sənəd istəmirik, ərizə kifayətdir və s.” Bu yazılar onlarla tələbələrimizin bizə ərizə ilə müraciətlərindən götürülüb. Onlar başqa universitetlərə keçmək istəmirlər, lakin aparılan təbliğat tələbələri və valideynləri çaşqınlığa salıb. Qeyd olunanlarla bağlı nazirliyin bəzi əməkdaşlarının hərəkətləri barədə biz 11.08.2017-ci ildə Təhsil Nazirliyinə və 17.08.2017-ci ildə Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə müraciət etmişik. Keçmiş təsisçilərdən birinin universitetin fəaliyyətinin dayandırılması ilə əlaqədar Təhsil Nazirliyinə göndərilən heç bir hüquqi əsası olmayan məktubuna əsasən nazirlik universitetin fəaliyyətinin dayandırılması, təkrar akkreditasiyadan keçirilməməsi, tələbələrin digər ali məktəblərə köçürülməsi və s. məsələlər barədə verdiyi 15.11.2016-cı il tarixli 724 saylı və 12.01.2017-ci il tarixli 16 saylı əmrlərin icrası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21 iyul 2017-ci il tarixli Qərardadı ilə dayandırılıb və bu qərardad Bakı Şəhər Apelyasiya Məhkəməsinin 14.09.2017-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılıb. Bununla əlaqədar hal-hazırda tələbələrimizin digər ali təhsil müəssisələrinə köçürülmələri qanunsuzdur. Bütün hallarda məhkəmənin qərarlarına hörmətlə yanaşılmalıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən, Məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası hamı üçün mütləqdir və məcburidir".
Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2016-cı ildə “Təfəkkür” Universitetinin akkreditasiya müddəti bitib. Həmin səbəbdən bu ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb. Lakin “Təfəkkür” Universitetinin rəhbərliyi ötən ilin oktyabr ayında Təhsil Nazirliyinə müraciət edərək maliyyə problemləri ilə əlaqədar Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini bildirib. Buna uyğun olaraq, universitet akkreditasiyadan keçmədiyi üçün ali təhsil müəssisəsinə tələbə qəbulu proqnozlaşdırılmayıb. Yay tətili ərzində universitetin 190 tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Bununla yanaşı təhsil hüquqlarını təmin etmək üçün mövcud qanunvericiliyə uyğun olaraq portala müraciət etməyən və hazırda Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacaq.