Tofiq Zülfüqarov: “5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil”
11-11-2017, 10:15
“Rusiya üçün fərq eləmir, 5, ya 7 rayon qayıdacaq”
“İstisna etmirəm ki, Moskva görüşündə Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq. Amma müzakirə mövzusu ilə bağlı detallı nə isə demək mümkün deyil”. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Rusiya paytaxtında keçiriləcək görüş barədə “Yeni Müsavat”a danışarkən belə dedi.
Qeyd edək ki, prezidentlərin görüşü noyabrın 13-də baş tutacaq. Türkiyə prezidenti Azərbaycana səfərini başa vurub geri dönərkən ölkəsinin jurnalistlərinə açıqlamasında Putinlə görüşəcəyini və bu görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini söyləmişdi. Onun “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək” - sözləri nəhayət ki, Qarabağla bağlı irəliyə doğru addımların atılacağına ümidlər yaradıb.
Xüsusilə də bölgənin iki böyük dövlətin münasibətlərinin normallaşdığı dövrdə Qarabağla bağlı müzakirələrin aparılmasının Azərbaycanın faydasına ola biləcəyi ehtimalı var. Hətta Rusiyanın Azərbaycanın 5 rayonunu azad etmək üçün Ermənistana təzyiq göstərə biləcəyi ehtimalı da səslənir. Bəzi ekspertlər istənilən halda Ərdoğanın Moskvaya əliboş getməyəcəyini, Qarabağla bağlı hansısa vacib detalların müzakirə olunacağını deyir.
T.Zülfüqarov isə hesab edir ki, İrəvan indiki halda cəsarətsizlik nümayiş etdirir: “Hər halda Sərksiyan kompromisdən danışsa da, ehtiyatlanır. O istəyir biz tərəfdən buna qarşı fikirlər səslənsin. Nəyə görə? Çünki o, başa düşür ki, kompromis yolu ilə irəli getsə, gələn ilin aprel ayında parlamentdə baş nazir seçiləndə çoxluq qazanmayacaq və Rusiyanın ayrı bir fiquru ortaya çıxacaq - indiki baş nazir. O da başa düşür ki, oyun bununla nəticələnə bilər. İndi ermənilərin əsas məqsədi bundan ibarətdir: guya ki, onlar kompromisə gedir, amma Azərbaycan buna "yox" deyir. Ona görə də mən hesab edirəm biz indiki mərhələdə deməliyik ki, yox, bu, alınan şey deyil. Yəni oyun bir az mürəkkəb oyundur. “Yox” desən də bir şey alınır, “hə” desən də, təbii ki, heç nə alınmayacaq. Biz 5 dəfə də “hə” desək, ermənilər bir qarış torpağı da azad edən deyil. Ona görə bizim “yox” deməyimiz formal bir şeydir".
Sabiq nazirin sözlərinə görə, məntiq onu deyir ki, indi gündənmdə “Lavrov planı” var: “Aprel ayıda tərəflərə təklif olunub, ancaq tərəflər indiyə qədər ona konkret fikir bildirməyib. Bu baxımdan Türkiyənin təşəbbüsü "Lavrov planı" ətrafında ola bilər. Ancaq görək “Lavrov planı”na görə 5, ya 7 rayon ermənilər tərəfindən azad olunacaqsa, bu, Azərbaycana nə verəcək? Prosesin davamı üçün hansı qarantiyalar mövcuddur?
Çünki 2-3 rayon qaytarmaqla gərək proses dayanmasın, irəli getsin. Ancaq əgər bu, baş versə, ermənilər artıq o səviyyədə siyasi, hərbi təminatları alacaqlar ki, onların prosesin davamına heç bir marağı olmayacaq. Ona görə də bu təklif çox diqqətlə analiz olunmalıdır. Misal üçün sülhməramlıların tərkibi və ya əməliyyatların hansı mexanizmlər çərçivəsində həyata keçiriləcəyi dəqiqləşməlidir. İkinci məsələ ondan ibarətdir ki, sülh prosesində tutaq ki, 5 rayon ilk mərhələdə azad olundu. Bu halda ermənilər hansı siyasi təminat alacaqlar ki, sonra onlar bu prosesdən imtina etməsinlər? Birmənalı elan etsələr ki, biz Ermənistana birləşirik, o halda sülhməramlı qüvvələr harda olacaq?"
T.Zülfüqarov bildirdi ki. Lap münaqişə zonasında BMT bayrağı altında sülhməramlıların yerləşdirilməsi də Azərbaycana yaxşı nə isə vəd etmir: “Deməli, Azərbaycan məsələnin həllində özünün suveren hüququnu kiməsə verəcək. Azərbaycan vaxtilə vasitəçiliyi qəbul edib. Amma bu vasitəçilikdən imtina hüququmuz da var. Həmçinin BMT qətnaməsinə uyğun olaraq işğalçıya hərbi zərbə vurmaq hüququmuzu özümüzdə saxlayırıq. Amma bu proses başlayandan sonra biz bu hüquqdan məhrum oluruq. Yəni təhlükələr bundan ibarətdir”.
Sabiq nazir bir neçə rayonun müharibəsiz azad olunmasının faydası haqda səslənən fikirlərə də münasibət bildirdi: “Təbii ki, hansısa rayonun azad olunması bizimçün vacib məsələdir. Amma eyni zamanda Rusiya və Ermənistan üçün ən vacibi ondan ibarətdir ki, Azərbaycan hərbi əməliyyatların başlamasını istəmir. Yəni onlar üçün bu regionda real təhlükə bundan ibarətdir. İndiki beynəlxalq vəziyyətdə müharibənin alovlanması Rusiyanın xeyrinə deyil. Kreml istəmir ki, bölgədə yeni müharibə başlasın və Rusiya orada iştirak etsin. Ermənistana gəldikdə, təbii ki, o, öz təhlükəsizliyni yalnız Rusiyanın iştirakı ilə təmin edə bilər. Bu baxımdan Rusiya və Ermənistanın maraqları heç də üst-üstə düşmür. Çünki Ermənistan siyasi elitasının marağı ondan ibarətdir ki, heç nə dəyişməsin və işğal olunmuş torpaqlar Ermənistansa birləşdirilsin. Amma bunu təmin etmək üçün onların imkanları yetərincə deyil və Azərbaycanla müqayisədə imkanlar gün-gündən azalır. Bu mənada hərbi və siyasi təminatçı Rusiyadır. Rusiya status-kvonun qalmasında maraqlı deyil. Çünki başa düşür ki, gec və ya tez hərbi əməliyyatlar bərpa olunacaq. Azərbaycanın qarşısını almaq üçün Rusiya daha böyük qüvvələrdən istifadə etməlidir və bu halda müttəfiqlik əlaqələrindən məhrum olacaq”.
Eks-nazir deyir ki, Rusiya belə bir sonluğunu olmasını istəmir: “Ona görə Rusiyanın maraqları ondan ibarətdir ki, hansısa mərhələdə daha sabit vəziyyət yaransın. Ancaq bunun üçün Ermənistan və Azərbaycan bir-birinə nə güzəşt etməyə hazırdır, məsələ budur. Əgər Ermənistandakı siyasi faktoru nəzərə almasaq, bölgədəki əsas oyunçular vəziyyətin daha sabit formasını qalmasında maraqlıdırlar. Burada daha çox Rusiya maraqlıdır. Eyni zamanda Azərbaycan da maraqlıdır ki, işğal olunmuş torpaqların bir hissəsi azad olunsun və proses sıfır vəziyyətindən irəli getsin. Amma 5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil. Türkiyə təbii ki, Azərbaycanın yanındadır. Eyni zamanda Türkiyə başa düşür ki, Rusiya onunla əməkdaşlıq əlaqələrində maraqlıdır. Bu baxımdan Ermənistandan başqa hamı maraqlıdır ki, irəliyə doğru addım atılsın. Rusiya üçün fərq eləmir, 5, ya 7 rayon qayıdacaq. Bunun əleyhinə çıxan Ermənistanın elitasıdır. Rusiya maraqlıdır ki, bölgədə daha sabit sxem yaransın ki, müharibə təhlükəsi uzaqlaşsın. Ruslar başa düşür ki, gec, ya tez Azərbaycan xarici dairələrdən ciddi dəstək alandan sonra torpaqlarını azad etmək üçün hücuma keçə və nəticədə Rusiyanın orbitindən tam şəkildə çıxa bilər”.
T.Zülfüqarov Qarabağ məsələsinin Ankara-Moskva danışıqlarının predmetinə çevrilməsini ciddi məsələ sayır: “Çox yaxşı ki, Türkiyə-Rusiya əməkdaşlığın, gələcək strateji portnyorluğun şərtlərindən biri Dağlıq Qarabağ mövzusudur. Bu mərhələdə müzakirələr hansısa nəticə verəcək, ya verməyəcək demək çətindir. Amma həmişə Türkiyənin səsləndirdiyi şərtlərdən biri Dağlıq Qarabağ olacaq. Azərbaycan-Türkiyə əlaqələrində bu, böyük siyasi addımdır. Ermənilər buna görə narahatdır”.